525.Az

Yeni tədris ilində direktorların işə qəbulu qaydaları ilə bağlı yeniliklər açıqlanacaq


 

Yeni tədris ilində direktorların işə qəbulu qaydaları ilə bağlı yeniliklər açıqlanacaq<b style="color:red"></b> Azərbaycanda hazırda məktəb direktoru kimi çalışan və gələcək məktəbi idarə edəni kimi işləmək istəyən kadrlar üçün aparılan təlim kursları başa çatıb.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Təhsil keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib ki, noyabr ayından başlanan bu təlimlər bu gün artıq tam yekunlaşıb. Onun sözlərinə görə, təlim kurslarında iştirak etmək üçün 800-ə yaxın müraciət daxil olub: “I mərhələdə 200-ə yaxın kadrın ərizəsi qəbul edilib, onlardan 172 nəfəri imtahanda, 80 nəfərə qədəri isə müsahibəyə buraxılıb. Ümumilikdə, yekunda 53 nəfər təlimdə iştirak edib. Təlimlər zamanı onlara kurikulum, təhsillə bağlı ətraflı məlumatlar verilib. Təlimdə iştirak edən 52 nəfər müdavim yekun qiymətləndirmədə iştirak edib. İmtahan nəticələri bu həftə məlum olacaq və onlar uğur sertifikatı ilə mükafatlandırılacaq. Sonradan Bakı şəhərində mövcud olan və gələcəkdə yaradılacaq rəhbər vəzifələrə təyinatlar zamanı üstünlük bu şəxslərə veriləcək. Bu tipli layihələr təhsilin keyfiyyətinin qaldırılması, təhsil islahatlarının keyfiyyətli həyata keçirilməsinə addım olacaq”.
 
E.Əmrullayev qeyd edib ki, bu təlimlərin direktorların öz işlərini daha səmərəli qurması və gələcəkdə yarana bilən vakansiyaların doldurmaq məqsədilə aparılır. Bunun attestasiya xarakterli olmadığını deyən nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda təxminən 4500-ə yaxın orta məktəb var: “Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisələrin keyfiyyət göstəriciləri müəyyən olunur və bu barədə müvafiq qurumlara məlumat verilir. Müxtəlif səbəblərə görə məktəblərdə vakant direktor yerləri də yaradılır. Hazırda həyata keçirilən layihə pilot xarakterlidir”.
 
Sektor müdiri vurğulayıb ki, hazırda nazirlik tərəfindən direktorların işə qəbulu qaydaları hazırlanır. Onun sözlərinə görə, yeni qaydalarda imtahanların keçirilməsi, peşə fəaliyyət standartlarının hazırlanması, fəaliyyət göstərən direktorların fəaliyyətinin qiymətləndirilməsi kimi məsələlərdə işlər aparılır. Düşünürəm ki, cari ilin sonuna kimi, növbəti tədris ilindən bu istiqamətdə də bəzi yeniliklər ictimaiyyətə çatdıra biləcəyik”.
 





02.06.2014    çap et  çap et