525.Az

"Vətəndaş bilməlidir ki, qanunsuz aksiyaya çıxarsa, onu nələr gözləyir"


 

"Vətəndaş bilməlidir ki, qanunsuz aksiyaya çıxarsa, onu nələr gözləyir"<b style="color:red"></b>

“1998-ci ildə qəbul edilən “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna ötən 14 il ərzində xeyli dəyişikliklər edilib. Sonuncu dəfə isə yəni, 2008-ci ildə bu qanuna 15-dən artıq dəyişiklik olunub”.
525.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova parlamentdə sərbəst toplaşmaq azadlığı ilə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı dilə gətirib.

Komitə sədrinin qeyd etdiyinə görə, həmin qanuna edilən dəyişikliklərin əsas məqsədi Azərbaycan vətəndaşının sərbəst toplaşmaq azadlığını reallaşdırmaqla bağlı imkanlarını genişləndirməkdir: “Biz istəyirdik ki, bu dəyişiklikləri etməklə Azərbaycan vətəndaşları öz fikir və tələblərini qanuni qaydada cəmiyyətə çatdıra bilsinlər. Qeyd edim ki, ötən dövr ərzində də bunun üçün hər cür şərait yaradılıb.

Bu gün “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun cəmi iki maddəsinə - 5 və 6-cı maddələrinə dəyişikliklər təklif olunur. Ancaq hesab edirəm ki, bunun digər müddəalarında da zaman-zaman dəyişikliklər etməli olacağıq”. Komitə sədri deyib ki, bu qanuna, eləcə də Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklər heç də hansısa qanunsuz, razılaşdırılmamış aksiyalarla bağlı deyil:

“Heç də düşünməsinlər ki, hansısa piketlə əlaqədar Milli Məclis üzvləri bir yerə yığışıb müvafiq qanunvericiliyə dəyişiklikləri müzakirə və qəbul edirlər. Bu, sadəcə vətəndaşların məsuliyyətinin artırılması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklərdir. Bu gün bir məsələni dərk etmək lazımdır ki, biz cəzasızlıq mühitində, yoxsa qanunun, hüququn aliliyi mühitində yaşamaq istəyirik? Əgər hər bir Azərbaycan vətəndaşı bunu dərk etsə, başqa məsələlərə ehtiyac qalmayacaq. Ümumiyyətlə, bu gün vətəndaşlar arasında bu məsələ ilə əlaqədar hüquqi maarifləndirməyə ehtiyac var. Çünki vətəndaş bilməlidir ki, qanunsuz aksiyaya çıxarsa, yaxud cəhd edərsə, onu nələr gözləyir. Odur ki, bu məsələyə diqqət artırmaq lazımdır”.

Kamil Həmzəoğlu

 





23.10.2012    çap et  çap et