525.Az

Münaqişənin insan faktoruna vurduğu ziyanlar


 

Münaqişənin insan faktoruna vurduğu ziyanlar<b style="color:red"></b>

Azərbaycan  Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının dəstəyilə Sosial Rifah Tədqiqatlar İctimai Birliyi "Münaqişənin  insan  faktoruna vurduğu  ziyanla bağlı tədqiqatların davamlı aparılması"  layihəsini  həyata keçirir. Məlumat üçün bildiririk ki,  layihə çərçivəsində  işğal faktı nəticəsində insan resurslarına dəymiş ziyan araşdırılıb.

Layihənin həyata keçirildiyi müddətdə  Füzuli  rayonundan olan məcburi köçkünlərə  ümumilikdə rayona bir çox  sahələrdə Ermənistanın işğalı nəticəsində vurduğu  ziyan araşdırıldıqdan sonra toplanmış faktlar nəticəsində  hesabat hazırlanıb. Beynəlxalq Mətbuat Mərkəzində  təşkil olunan Dəyirmi Masada  hesabat  keçirilən sorğunun  nəticələri ictimaiyyətə açıqlanıb. Həmin tədbirdə müxtəlif ekspertlərin, QHT təmsilçilərinin hesabatla bağlı  fikirləri səslənib. Bu araşdırmalarla bağlı  bəzi məqamları diqqətinizə  çatdırırıq.

Füzuli rayonuna müasir qiymətlərlə aparılan indeksləşməyə uyğun olaraq,  ümumilikdə işğal nəticəsində dəymiş zərərin məbləği  12 milyard  manatdan artıqdır. Araşdırmalar nəticəsində məlum olub ki, Füzuli rayonunun  işğalı nəticəsində   21 il müddətində  itirdiklərimiz 10 milyard manata yaxındır. İlkin hesablamalara görə,  həm işğal nəticəsində  ümumilikdə  işğaldan ötən 21 il müddətində  ziyanın həcmi  təxminən 22 milyard manatdan  artıqdır. Onu da qeyd etmək istərdik ki, bu rəqəmlər ilkin  hesablamalardır.  Rayon ərazisində mövcud olan qəbirstanlıqların, tarixi abidələrin, torpaq sahələrinin hesablanması hələ ki, tam başa çatmayıb.  Gələcəkdə bu  sahə daha geniş  araşdırılıb qiymətləndirildikdən sonra bu  rəqəmlər şübhəsiz ki, 30 milyard manatı  keçəcək.  İşğal  faktı Füzuli rayon iqtisadiyyatını  40- 50 il geri salıb.

Füzuli rayonun səhiyyə  strukturlarından aldığımız məlumatlara görə,  həmin ərazi üçün xarakterik olmayan  şəkər xəstələrinin sayında artım  sürətlə davam etməkdədir.

 Belə ki  il ərzində  bu artım tendensiyası həmin ərazidə yaşayan əhalidə  400- 500 nəfər təşkil edir. Ürək-damar xəstəliklərinin artım sayı il ərzində  500 nəfərə yaxındır.  Əsəb xəstəliklərinin artım tempi isə  il ərzində  rayon əhalisinin sayına görə, 20 faizdən artıqdır.

Bu münaqişə azyaşlı uşaqlarda da bir sıra fəsadlar  yaradıb. Uşaqlarda ən çox nevroloji xəstəliklərdə xeyli artım var . Hazırkı  dövrdə dünyaya gələn uşaqların 30 faizində  bu xəstəlik müşahidə olunmaqdadır. Bundan əlavə məcburi köçkün uşaqlarının, yəni işğaldan əvvəl  öz rayonunda doğulan  sonradan Bakı   ətraf qəsəbələrdə yaşayan məcburi köçkün uşaqlarında  adaptasiya çox çətin olub.  Məlumatlara görə, öz yaşayış yerini dəyişdiyinə görə,  hər 10 uşaqdan  7-  müxtəlif xəstəliklər aşkar olunub.

Qaçqın məcburi köçkün uşaqların fiziki inkişafın müayinəsi nəticəsində alınmış göstəricilərin əsasında harmonal fiziki inkişafın proqnozlaşması  aparılıb. Belə ki, vaxtılə  çadır şəhərciyində yaşayan azyaşlılarda kəskin disharmonal inkişafın ehtimalı orta hesabla   39,4% təşkil edib, şəhər şəraitində yasayan, yəni  məcburi köçkün olmayan azyaşlılarda  bu rəqəm 12,8% təşkil edib. Onu da qeyd etmək istərdik ki, Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini dağıdıb.  Belə ki  Füzuli rayonu ərazisində 190  mədəniyyət müəssisəsinə ciddi ziyan dəyib.

Onu  da qeyd etmək lazımdır ki, bu gün işğal altında qalan  Füzulinin 700 kv.  km ərazisi  ermənilər tərəfindən  yandırılıb. Bu torpaqlarda  təxminən 200 hektar meşə fondu tamamilə məhv edilib.  Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırıb.  Özünəməxsus təbiəti olan  Füzuli rayonu ərazisində yaşı təxminən 200 ildən 1 400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılaraq işğala qədər mühafizə olunub. Təəssüf ki, indi  bu qiymətli  sərvətlər ermənilər tərəfindən  məhv edilməkdədir.  Həmçinin Araz çayından Horadiz qəsəbəsində götürülmüş su nümunələri analiz edilmiş həmin ərazidə  çirklənmənin  həddi 50 faizdən artıq olduğu təsdiqlənmişdi.. 

 Müharibə nəticəsində insan faktoruna vurulan zərərin öyrənilməsi günahkar tərəfdən zərərçəkənlərə kompensasiyaların ödənilməsi ilə bağlı dünyada müxtəlif  təcrübələr var.

Biz ötən layihəmizdə olduğu kimi bu araşdırmalarımız dövründə həmin təcrübələri dərindən öyrənməyə çalışdıq.  Yalnız bir faktı qeyd etmək istərdik:  Almaniya Holokost soyqırımının sağ qalan qurbanlarına (yəhudilərə)  1 milyard dollar təzminat ödəməkdədir. Bu vaxta qədər "Yəhudi Material İddia Assosiasiyası"  Almaniya hökumətindən 70 milyard dollar  pul alıb.

 





03.06.2014    çap et  çap et