525.Az

Azərbaycan-Aİ: strateji əməkdaşlığın yeni modelinə doğru (I yazı)


 

Azərbaycan-Aİ: strateji əməkdaşlığın yeni modelinə doğru <b style="color:red">(I yazı)</b>

Qlobal miqyasda geosiyasi proseslərin dinamikası sürətlə dəyişir. Meydana narahatlıq yaradan ciddi problemlər çıxır. Həmin kontekstdə Avropa İttifaqının müstəqilliyini əldə etmiş ölkələrlə münasibətlərinin perspektivləri məsələsi aktuallaşır. O cümlədən, Azərbaycanla bu təşkilatın əlaqələrinin taleyi üzərində düşünməyə dəyər. Baş verən proseslər göstərir ki, Bakı Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlar kimi inkişaf etdirməkdə israrlıdır. Bununla bağlı yeni əməkdaşlıq proqramının hazırlanması məsələsi maraq doğurur. Həmin istiqamətdə Azərbaycan-Aİ əlaqələrinin inkişafının Cənubi Qafqazda hansı dəyişikliklərə səbəb ola biləcəyi üzərində düşünməyə dəyər.

Yeni trendlər: müasir geosiyasətin dinamikası

Dünyanın geosiyasi mühitində meydana çıxan yeni trendlər bütövlükdə mənzərəni dəyişir. Böyük dövlətlər fərqli oyun qaydaları tətbiq etməyə çalışırlar. Qlobal güc olmaq iddiası ilə hərəkət edənlər arasında rəqabət getdikcə daha kəskin və amansız məzmun alır. Avropa İttifaqı (Aİ) belə vəziyyətdə xarici siyasətində müəyyən düzəlişlər etməyə məcburdur. Çünki bu təşkilatın öz qarşısına dünyanın əsas geosiyasi mərkəzlərindən biri olmaq məqsədini qoyduğu sirr deyil.

Həmin kontekstdə Avropa üçün ciddi əhəmiyyət kəsb edən regionlardan biri Cənubi Qafqazdır. Bunun bir sıra səbəbləri vardır. Cənubi Qafqaz ilk növbədə enerji daşıyıcıları ilə zəngindir. Digər tərəfdən, o, Rusiya, Türkiyə və İrana qonşu, Mərkəzi Asiyaya açılan körpüdür. Cənubi Qafqaz Qara dəniz və Xəzər dənizi hövzələrini birləşdirir. Bu səbəblərdən Cənubi Qafqazda geosiyasi nüfuz sahibi olmağa çoxları can atır.

Lakin burada qlobal səviyyədə müşahidə edilən geosiyasi trendləri nəzərə almaq lazım gəlir. Onların sırasında birbaşa regiona təsir göstərən məqamlara ayrıca diqqət yetirmək gərəkdir. Burada ilk olaraq Ukrayna hadisələri yada düşür. Əsas proseslər bu ölkənin Aİ ilə assosiativ üzlük haqqında sənədi imzalamamasından sonra başladı (bax: 1). Kiyevin bu addımı "Avropada ümidləri üzdü, Rusiyanı sevindirdi, üçüncü tərəfləri isə çaşdırdı" (bax: 1, s.3).

Əslində, burada ciddi geosiyasi dəyişiklikdən söhbət gedir. Hətta Qərbin və Rusiyanın bəzi analitikləri sualı belə qoyurlar: "Ukrayna böhranı fonunda Avropa təhlükəsizlik sistemi necə olacaq?" (bax: məs., 2). Bu mövqedə olanlar hesab edirlər ki, Avropa "soyuq müharibə"dən tam çıxmamış yenisini ona "sırıyırlar".

Qərb təhlilçiləri və politoloqları yaranmış vəziyyəti daha dramatikləşdirirlər. Onlar Ukrayna hadisələrinin yeni dünya müharibəsinə gətirib çıxara biləcəyindən ehtiyatlanır, bu barədə fikirlərini açıq şəkildə bildirirlər. Belə ki, məsələn, Q.Allison yazır: "...Ukraynada başlayan Ukrayna ilə məhdudlaşmayacaq" (bax: 3).

Tanınmış siyasi analitik Corc Fridman da faktiki olaraq eyni mahiyyətli suallar qoyur. O, xüsusi olaraq Rusiya ilə Avropa arasında yerləşən ölkələrin daxil olduğu "sərhəd torpaqları" terminini daxil edir. C.Fridman hesab edir ki, həmin məkanda "yeni strateji mənzərə" formalaşır (bax: 4). Həmin dəyişikliyi I və II dünya müharibələri ərəfəsində yaranmış vəziyyətlə müqayisə edən "Stratfor"un qurucusu maraqlı fikirlər irəli sürür. O, yazır: "Proses başlanğıc mərhələsindədir və artıq Almaniyanın 1914-cü ildə düşdüyü xəttə "bağlanıb". Güclər toparlanır və əgər proses gedirsə, o, xeyirxah niyyətləri olanların nəzarəti altında olmayacaq" (bax: 4).

Dünya müharibəsi: keçmişlə paralellər və indiki şərtlər?

Etiraf edək ki, bu, kifayət qədər ciddi iddiadır. Söhbət dünya geosiyasətinin məzmununda baş verən köklü dəyişikliklərdən gedir. Əgər hazırda Ukrayna məsələsi 1914 və 1940-ci illəri xatırladırsa, onda III dünya müharibəsinin başlaması ehtimalı mövcuddur. Qlobal güclər artıq sülh yolu ilə münasibətlərin aydınlaşdırılmasında "qırmızı xətti" keçirlər? Belə isə nəyə görə beynəlxalq təşkilatlar konkret addımlar atmır? Həqiqətən də, BMT kimi qurumların passivliyi və zahirən laqeydliyi çox düşündürücüdür. Bu fakt da göstərir ki, hələ də böyük geosiyasi güclər meydana gələn problemləri beynəlxalq hüquq çərçivəsində həll etməyin təkmil mexanizmini tapmayıblar.

Yuxarıda Rusiya və Qərb analitiklərindən verdiyimiz fikirlər açıq təsdiq edir ki, tərəflər sərt mübarizə yollarına baş vurmağa meyllidirlər. Demək olar ki, hər iki tərəf yeni böyük müharibə təhlükəsindən dəm vurur. Əcəba, doğrudanmı, bu məqam qlobal geosiyasətin əsas trendinə çevrilir? Bizcə, belə təhlükə artıq mövcuddur.

Bəs bu cür vəziyyətin yaranmasının səbəbi nədir? Qərbdə hesab edirlər ki, sürətlə inkişaf edən dövlətlər arasında "təftişçilər" meydana gəlib və onlar "cavab zərbəsi" endirirlər (bax: məs., 5). Nəticədə "geosiyasətin qayıdışı" baş verir. Bunun əsas əlaməti kimi beynəlxalq münasibətlərin "rəqabətə sürüklənməsi", hərbi güc tətbiqinin vasitə olaraq seçilməsi, amansız yarışmanın başlaması göstərilir (bax: 5). Bütün bunlar son nəticədə dünyanın gələcək geosiyasi düzənini "dumanlara bürüyür" (U.Rassell Mid).

Onu qeyd edək ki, U.Mid "revanşist təftişçilər" deyəndə, əsasən Rusiya, Çin və İranı nəzərdə tutur. Təbii ki, siyahını genişləndirmək də olar. Lakin burada əsas olan yanaşmadır. Məsələ bundan ibarətdir ki, U.Midin ifadə etdiyi mənada "revanşizm" faktiki olaraq "soyuq müharibə" dövrünün geosiyasi mübarizə üsullarının qayıdışı deməkdir. Bu da digər analitiklərin qiymətləndirmələri ilə üst-üstə düşür. Konkret olaraq, bu, qlobal geosiyasətdə qarşıdurma, sərt vasitələrdən istifadə, hərbi gücə arxalanma kimi amillərin aktuallaşması deməkdir. Prosesin təhlükəli tərəfi məhz budur.

Lakin məsələ bundadır ki, dünya səviyyəsində geosiyasi çətinliklərin yaranmasına olan bu yanaşma ilə hamı razılaşmır. Məsələn, bəzi ekspertlərə görə, Qərb ekspansionist siyasət yeritdiyindən əsas problem ABŞ-ın dünya ağalığı iddiasından əl çəkməməsindədir. Bəzi ekspertlər Vaşinqtonun bu iddiasına haqq qazandırırlar. Deyək ki, Z.Bjezinski, H.Kissincer və C.Fridman bu mövqedədirlər. Onlar arasında fərq yalnız ABŞ-ın dünya liderliyinin optimal modelini tapmasında özünü göstərir. Maraqlıdır ki, hələlik Amerikanın bu vəzifənin öhdəsindən gələ bilmədiyi qənaəti vardır.

Bunlarla yanaşı, dünya liderliyi iddiasının faktiki olaraq bəşəriyyəti "iki hüquqi məkana" böldüyünü vurğulayanlar da az deyil Onların fikirlərinə görə, indi geosiyasət "qanunçuluq və əxlaq" pərdəsi altında aparılır (bax: məs., 6).

Əslində, R.Müllerson yaranmış vəziyyətə bütövlükdə Qərb siyasətçilərinin geosiyasi iddiaları prizmasından yanaşır. O yazır: "Vladimir Putini qeyri-real mövqe tutmaqda ittiham etməklə Qərb analitikləri, KİV-i və ekspertləri özlərinin yaratdıqları "beyin yuma" sisteminin təsiri altına düşürlər" (bax: 6). Konkret ifadə etsək, R.Müllerson kimi analitiklər qlobal geosiyasətdə müşahidə edilən qeyri-müəyyənliyi təkcə Rassel Midin "revanşist təftişçilər"inin boynuna atmırlar. Onlar başda ABŞ olmaqla Qərbin geosiyasi ambisiyalarının təsirinin daha çox olduğunu deyirlər.

Kamal Adıgözəlov
newstime.az

 





03.06.2014    çap et  çap et