525.Az

Kövrək ruhlu rübailər


 

Kövrək ruhlu rübailər<b style="color:red"></b>

Tarixən rübai janrında son dərəcə dərin məzmunlu, yüksək poetik ruhlu şeirlər yazan qüdrətli sənət sahiblərimiz çox olub. Onların yaradıcılığında bu dünyavi mövzu hakim mövqedə durub. Bu günümüzə qədər gəlib çatan böyük rübai şairləri Ömər Xəyyam, Məhsəti Gəncəvi, Qazi Bürhanəddin kimi sənətkarlar məhz bu mövzuda sənət inciləri yarada biliblər. haqlı olaraq dünya şöhrəti qazanıblar. Min il ərzində rübai janrında şeirlər yazan şairlərimiz əlbəttə, çox olub. Ancaq zaman-zaman  bu janra müraciət edən şairlərimizin heç biri yuxarıda adları çəkilən rübai şairləri ilə bəhs edə bilməmişlər. Rübai, yaratmaq üçün şairdən xüsusi istedad, geniş dünyagörüş, dərin mühakimə fəlsəfi anlam tələb olunur. Həm rübai yazan şair gərək klassik təcrübəyə, ətraflı sənət fəhminə malik olsun. Vur-tut 4 misradan ibarət olan rübaidə şair gəlimli-gedimli dünyanın sirrlərindən, insan taleyindən, ölüm yaşamdan, haqq ədalətdən incilər yarada bilsin. Ən əsası bu yığcam şeir janrında şair sözün ilahi sehriylə oxucunu ofsunlaya bilsin.

Çağdaş Azərbaycan ədəbiyyatında bir sıra şairlərimiz qələmini bu sahədə sınayıb. Onlardan biri şair Tahir Rzadır. 15-dən artıq şeir kitabının müəllifi olan tanınmış şair "Rübailər" adlı kitabında 465 rübaisini, oxuculara təqdim edir. Şair öncə ulu yaradanımızın dərgahına üz tutur. Allahdan hər kəs üçün ağıl, kamal, ali düşüncə, böyük ürək sahibi olmağı istəyir. Haqla nahaqqı bir-birindən seçən insanın Allah yanında hörmət ehtiram sahibi olmasını önə çəkir.

Kimdir bu rəngarəng dünyada imansız olan, fitnə-fəsad törədən nadanlar?! Sözü şairə verək:

 

Ay Allah, insanı yaradan zaman,

Sən ona ağıl ver, bir ki inam,

Ağılsız, imansız olan insanlar,

Min fitnə törədər, salar ölüm, qan!

 

Yaxud:

 

Haqqın dərgahında haqq qazananlar,

Allahın yanında hörmətli olar.

Kim haqqı nahaqqa edirsə möhtac,

Onun haqq evində öz cəzası var!

Kitabda çap olunmuş rübailərin hər bir bəndində şair əsl müdrik kimi danışır. İnsanı hər zaman uca, məhəbbətli, mərhəmətli, alicənab, qüdrətli, inamlı qətiyyətli görmək istəyir. Cılız, xırda hiss düşüncələrdən qaçır, haqqa söykənməkdən ali heç nəyi qəbul etmir. Hər kərpic daşında bir ovuc qan ləkəsi olan dünyanı sanki, sorğu-suala tutur. Tahir Rza sələflərinin insan fəlsəfəsinə, müdriklik mahiyyətinə, sanki inam gətirir. Daş-qaşlar içində ömür sürən, sonra İsgəndər tək dünyadan əliboş gedən ömür sahibləri olan dövlət hərislərini sözün mühakiməsinə verir. İnsanı özünü dərkə çağırır. O deyir:

 

Ey insan özünü dərk edəndə sən,

Aqilsən, qadirsən, həm böyüksən

Alçalıb, kiçilib, xırdalanarsan.

Özündən, sözündən gözünü çəksən!

 

Doğrudur, insan kamil olmalı anlamalıdır ki, böyük yaradanın qapısı minlərcədir. Bu qapıdan keçmək küt, ağılsız, kor gözlü, dar düşüncəlilər üçün həmişə qıfıllı olacaq. Şairə görə həmin qapının bir açarı var. Kamil müdrik olmaq, var-dövlətə, quru şan-şöhrətə güvənib zalımlıq etməmək. Dünyanın qızıl həqiqət qanunlarını anlamayan hər bir insan gec-tez zəlil olur.

Tahir Rzanın əksər rübailərində haqq ədalət sözü xüsusi bir poetik rənglə verilir. Şair tövsiyyə edir ki, zalımın zülmündən yayınıb nadanlıqdan uzaq durmaq, haqqa sığınmaq üçün insan könlünün bəsirət gözünü açmalıdır. İnsana bircə yol verilən qiymətli ömürü kişi kimi daşımaq, alçalmamaq şərəfli, ədalətli kamil insanlardan öyrənməklə, ömrə, tapılmış saxta pul kimi baxmaq olmaz!

Şairə görə külli miqdarda qaş-daş, var-dövlət toplayanlar bu sərvətlər üçün ölkələri viran qoyanlar, milyardlarla insanı qanında boğanlar sonda bir ovuc sür-sümük olub. Bu hikmət dahi filosoflar, şairlər, müdriklər, elm adamları tərəfindən milyon dəfə təkrar olunub. Ancaq Tahir Rza dahi şairimiz Nəsimini aşağıdakı misralarını sanki örnək götürür.

 

Öyünmə  ki, Qarun kimi xəzinələr sahibisən,

Hansı yerdə xəzinə var, keşiyini ilan çəkər.

 

yaxud:

 

Doldursan da bu dünyanın

gəmisini ağzınadək

Çıxan deyil heç bir yerə,

tufan onu qərq edəcək!

 

Şair çalışır ki, hər bir rübaisində insanı düşündürən, məna çalarları rəngin, fəlsəfi hikməti dərin fikirlər söyləsin. O bacardığı qədər insana ağıl hikmət dərsi verir. Götürən götürsün, götürməyən ötürsün - deyir Böyük günah sahibləri qocalıq dizini ömürün qapısına atanda, saç-saqqal ağaranda, gözlər işıqdan düşəndə, taqətləri kəsiləndə əlacsız qalıb ibadətə üz tuturlar, qüdrətli yaradanımızdan kömək diləyirlər:

 

Bu qədər yalvarış, ibadət bəsdir,

Məscidin qapısın gedib az kəsdir.

Qəlbin Allahınla birgə deyilsə,

Orucun, namazın, billah, əbəsdir.

 

Tahir Rza sözün rəngini görür, səsini eşidir. Təkrar-təkrar dünyagirlikdən qaçmağı önə çəkir:

 

Vara çox güvənmə, əcəl çatanda,

Sənə kömək etməz o bircə anda.

Əməlin pak olsa dadına yetər,

Ruhun rahat olar nəfəssiz canda.

 

Zalımın sözü zəhərli, qılıncı kəsərli, hökmü müvəqqəti olar. Əlinin qanını üzünə çəkən zalım kəslər, axirəti, cənnəti, cəhənnəmi əsası haqqı, ədaləti dərindən duya bilmirlər. Zamanın burulğanında boğulanda əllərini saman çöpünə atırlar. Diqqət edək:

 

Zalımlıq yolunu tutarsa insan,

Heç vaxt uzaq olmaz qandan-qadadan.

Haqqı, ədaləti qorumaq üçün,

İnsana düşüncə verib yaradan!

 

Tahir Rzanın rübailəri təkcə zalımlıq, zülmkarlıq, haqsızlıq, nadanlıq, ədalətsizlik, vəfasızlıq, dünyanın fani olması üzərində köklənmir. Düşünmək olar ki, şair bu rübailəri qələmə alarkən, fikir düşüncələr girdabına düşərkən sözün cazibəsindən çıxa bilmir. Bir gün nadana qul olmaqdan yüz il aqil insana xidmət etməyi üstün tutur.

 

Ağıllı kəslərin qulu olmaqdan,

Ey könül, heç zaman deyiləm peşman.

Yanıb odlanıram, şama dönürəm,

Nadan əməlini gördüyüm zaman!..

 

Hər bir insanın qeyri-adi vicdan səsi var. Bu dərin çalarlı, lirik ruhlu səsləri duymaq, onu sözə çevirmək şairdən səbr, təmkin, dözüm istedad tələb edir. Mənəm-mənəmlik edən, düşünmədən tələsik qərar verən, lovğa, təkəbbürlü insanları acı-acı söz oxuna tutmaq bir növ şairə təskinlik verir. Şair zəhməti insan ömrünün bəzəyi sanır. Özünün zəhmətlə, cəfakeşliklə böyüdüyünü bir neçə rübaisində poetikləşdirir. Pərvanə şama aşiq olduğu kimi insan da zəhmətə, yazıb-yaratmağa, gecəli-gündüzlü, çalışıb özünə halal yolla gün-güzəran yaratmağa aşiq olmalıdır. Zaman insan konsepsiyasına Tahir Rza geniş aspektdən yanaşır. İnsan bu qoca dünyada sevincdən daha çox dərdə, qəmə, qüssə kədərə mübtəladır. Ancaq bur dərdi kişi kimi çəkmək insandan hünər qeyrət tələb edir. Dərdə boyun əyən günü insan məğlub olur, tərkidünyalaşır. Şair yazır:

 

Səhər, axşam əzizləyər dərd

ni,

Mərd böyüdüb dərdim yaman mərd məni.

Həyat səhnə, insan yolçu, zaman zər,

Mars eyləməz oynadığım nərd məni!..

 

Şair digər bir rübaisində yenə dünyanın faniliyinə toxunur. Yenə ilan zəhəri kimi xəzinə üstündə oturan mürvətsiz, ədalətsiz, acgöz insanları fitnə-fəsad adlandırır. Təəssüf edir ki, yaradan bu şeytan sifətliləri üçün yaradıb? Sonra hər bir günahı məhz dünyanın üstünə yıxır. Eyib etməz!

 

Bu dünya fanidir, yalandımı, de?

Fitnəmi, şeytanmı, ilandımı, de?

Ey insan, sultanı sənsən dünyanın,

O sənsiz bir kəsin olandırmı, de?

 

Şairin insan, dünya, ölüm, yaşam, var-dövlət, şan-şöhrət, zülm, zülmkar, haqq-ədalət, aqil, nadan kimi məfhumlara olan yanaşmaları inandırıcıdır. Bu onun ahıllığından dünyanı az - çox anlamından yaranır. Baş ağılın tacıdır deyiblər. Bu ali bir hikmət, düşündürücü bir həqiqətdir. Şairin fikrincə;

 

Başın ucalığı, min-min saraydan

Vardan qiymətlidir bil ki ey insan!

Saraylar, var-dövlət talanar, gedər

Ad-san unudulmaz, itməz heç zaman!

 

Bütün rübailərində insanı insanlığa, müdrikliyə, zəhmətə dəvət edən şair yanılmır. Tale qismətinə inanır ki, insan haqsızlıqdan, zülm istibidatlıqdan, var-dövlət hərisliyindən uzaq olduqca dünya aliləşər, sular durular, təbiət bənzərsiz qeyri-adi məna gözəllik kəsb edər. Aqillərin sayı artar, xeyir-şərə qalib gələr, insan kamilliyi hər sahədə sözünü deyib, mənəvi dünyamızı işıqlandırar. Tahir Rzanın rübailərinə, məna yükünə, dərin poetik dünyasına az da olsa vaqif  olduq. Şairin hər bir rübaisini təhlilə cəlb etsək bir qəzet məqaləsinə azlıq edər. Ən yaxşı sözü siz deyin, əziz oxucular! Sizin poetik zövqünüzə, şeirimizə, sənətimizə, ən əsası, şairlərimizə olan hörmət ehtiramınıza inanırıq!

Sonda talantlı şairimizə bir daha dərin mənalı rübailər, mənəvi dünyamızı, işıqlandıran şeirlər, irihəcmli əsərlər yazmağı arzu edirik!


28.05.2014

 





03.06.2014    çap et  çap et