525.Az

Sabir Rüstəmxanlı İran səfirinin Azərbaycan xalqından üzr istəməsini tələb edib


 

Sabir Rüstəmxanlı İran səfirinin Azərbaycan xalqından üzr istəməsini tələb edib<b style="color:red"></b>

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin Təbrizdə jurnalistlərə verdiyi açıqlama ilə bağlı bəyanatla çıxış edib.

DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, M. Pak Ayin açıqlamasında Azərbaycanda nəşr olunan dərsliklərdə tarixi təhriflərə yol verildiyini, onların aradan qaldırılması üçün Azərbaycanla İranın xüsusi komitə formalaşdırdığını bildirib.
 
Eyni zamanda səfir öz açıqlamasında beynəlxalq hüquq normalarından kənara çıxmaqla bir neçə dəfə Azərbaycan dövlətinin daxili işlərinə qarışıb. O, Quzey və Güney Azərbaycanda milli birlik istəyinin də guya müəyyən radikal qüvvələr tərəfindən ortaya gətirildiyini, hadisələrin hər iki tərəfdə bilərəkdən qızışdırıldığını və bunun xarici təşkilatların marağına xidmət etdiyini vurğulayıb.
 
S. Rüstəmxanlı bəyan edib ki, Azərbaycan müstəqil, suveren dövlətdir, daxili və xarici siyasət kursunu özü müəyyənləşdirir. Azərbaycanın daxili işlərinə qarışmaq, ölkədə gedən ictimai-siyasi proseslərə kənardan müdaxilə etmək yolverilməzdir: “Möhsün Pak ayin bir xalqın birləşmək arzusunu və bu yolda aparılan mübarizəni təhrikçi qüvvələrin fəaliyyətinin nəticəsi kimi qələmə verib. Halbuki səfir özü də yaxşı bilir ki, millətin birləşmək, qovuşmaq arzusu onun öz içindən gəlir, burada hansısa siyasi ambisiya və təhrikçilikdən söhbət gedə bilməz. Bu, tarixi ədalətsizliyə, bir xalqın imperiyalar əli ilə parçalanmasına qarşı millətin içində zaman-zaman gəzdirdiyi etiraz hissinin reallaşmasıdır.
 
Təkcə XX yüzillikdə Güneydə bu xalq bir neçə dəfə ayağa qalxaraq öz azadlıq və istiqlalı uğrunda səngərlərə atılıb. Səttar xan hərəkatı, Şeyx Məhəmməd Xiyabanı inqilabı, Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında gerçəkləşən “21 azər nehzəti” buna parlaq misal ola bilər. Təkcə sonuncu milli hərəkatı boğmaq üçün İranın şah rejimi 30 min azərbaycanlını edam edib. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmayıb. 2008-ci ildə Azərbaycan xalqının bütün İranı bürüyən etirazı da məhz əvvəlki böyük mübarizələrin davamı sayıla bilər. Təəssüf ki, İranın Azərbaycandakı səfiri millətin müstəqillik arzusunu və idealını hansısa naməlum qüvvələrlə bağlamaqla onu kiçiltməyə, dəyərsizləşdirməyə çalışıb. Bu, həm də tarixi qonşuluq baxımından düzgün deyil, iki dövlət və bu dövlətlərin xalqları arasında qarşılıqlı inam və etimada kölgə salmaqdır. Dünya Azərbaycanlıları Konqresi olaraq tələb edirik ki, İranın Azərbaycandakı səfiri açıqlamalarında yol verdiyi siyasi xətalara aydınlıq gətirsin və Azərbaycan xalqından üzr istəsin”.

 





03.06.2014    çap et  çap et