525.Az

Olduğu kimi görünən alim


 

Olduğu kimi görünən alim <b style="color:red"></b> Şükür buna da! Bu yaşa çatdığımıza görə yox, bu ömrü yaşadığımıza görə! Yaşı verən verir, ömrü özümüz yaşayırıq. İrəli baxmağa ümid azaldıqca, geri daha çox boylanmağa başlayırıq. Elədiklərimizi nəzərdən keçiririk, təsəlli tapdığımız da olur, təəssüf doğuranı da; istədiklərimizin, amma yerinə yetirə bilmədiklərimizin həyata keçirdiklərimizdən qat-qat çox olduğunu yadımıza salmaq istəməsək də, xatırlamalı oluruq və göynərtimizi ovundurmaq naminə geridə qalan ömürdən təsəlliyə, təskinliyə fakt axtarırıq. Tapanlar da olur, yəqin, tapmayanlar da.

Mənim dərin inamıma görə, bu gün həyatının 60 ilini rahatlıqla, peşmanlıq keçirmədən, xəcalət çəkmədən vərəqləməyə mənəvi haqqı olanlardan biri də ədəbiyyatşünas alim Şirindil Alışanlıdır. Taleyini sözə bağlayan, çörəyini sözdən çıxardan Şirindil sözün urvatını sözə namuslu münasibəti ilə qorumağa çalışıbdı, ən başlıcası isə sözə xəyanət etməyibdi. Böyük C.Ruminin “ya göründüyün kimi ol, ya olduğun kimi görün” kəlamı özünü bir də Şirindilin timsalında doğruldur: Şirindil 60 ildi olduğu kimi görünərək yaşayır və yazıb-yaradır: qələmi ürəyi və dili deyəni, ürəyi qələmi və dili deyəni, dili də ürəyi və qələmi deyəni deyib, deyir və yaşanan ömür də təsdiqləyir ki, indən belə də deyəcək.  Vaxtilə ona verdiyim kitabların birinə təxminən bu məzmunda söz yazmışdım: elmi-nəzəri fikrimizin ən kişi filoloq alimlərindən birinə. İllər mənim sözümün doğruluğunu sadəcə olaraq bir də ona görə təsdiqlədi ki, Şirindil dəyişmədi, zaman keçdikcə savadını daha da artırdı, daha da müdrikləşdi... amma şəxsiyyəti ilə yaradıcılıq axtarışları bir-birini tamamlayan Şirindillikdən çıxmadı. Getdi Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda təkmilləşmə keçdi, özü ilə böyük arzularını, bir də Laçın dağlarının ruhunu apardı. Geri qayıdanda özü ilə bilik, təcrübə, savad, yeni ideyalar... bir də Laçın ruhunu gətirdi. Moskva mühiti onu dəyişdirə, Şirindillikdən çıxarda bilmədi. Namizədlik dissertasiyasını müdafiə elədi, Ədəbiyyat İnstitutunun elmi katibi vəzifəsində çalışdı. Çox gənc yaşlarında doktorluq dissertasiyası müdafiə eləməyə biliyi də, imkanı da, əlaqələri də vardı. Eləmədi, yazdı, yaratdı və bəzi həmkarları kimi sübut elədi ki,  adı hörmətə mindirən elmi dərəcə olduğu kim, elmi dərəcəni də hörmətə mindirən ad ola bilir. Etiraf eləsələr də, eləməsələr də xoşbəxtlikdən Şirindilin özündən də, sözündən də narazılar var. Ona görə xoşbəxtlikdən deyirəm ki, o, danışanda və yazanda auditoriyanın, oxucunun istəyini, tələb olunanı deyil, vacib saydığı dərəcədə bildiyini deyibdi. Şirindil haqqında nələrsə bəlkə də demək olar, amma onu arxadan danışan insan kimi səciyyələndirmək müşkül işdi. Çünki Şirindil arxada dediyini üzə, üzə dediyini arxada söyləyənlərdəndi. Yəni onun üçün kimin və nəyin haqqında danışmaq yox, danışılanların mümkün dərəcədə obyektivliyi əsas olubdu. Şirindil sözün ətrafında fırlanmır, sözün içindədi, buna görə də haqqında yazdığı sözə və öz sözünə eyni dərəcədə hörmətlə yanaşır. Bəlkə də elə buna görə az yazır, hər bir yazısının nəzərdə tutduğu hədəfə çatmasına ayrıca diqqət yetirir. Onu ədəbiyyatşünas kimi səciyyələndirən cəhətlər sırasında bir cəhəti xüsusi vurğulamaq mümkündü: üz tutduğu problemi, məsələni bədii sözün inkişaf perspektivinə uyğun seçməyə və bununla əlaqələndirməyə cəhd göstərir. Heç vaxt alim ömrünü (mənim də birmənalı şəkildə tərəfdarı olduğum) absurda qarşı mənasız və Sizif əzabını xatırladan “mübarizəyə” həsr eləməyibdi, yəni hamıya bəlli zay əsərlərin zaylığını ciddi-cəhdlə sübuta çalışmayıbdı.  Hətta tənqid üzərində qurulan yazılarında da şəxsiyyətə toxuna biləcək məqamlara yol verməyibdi. Yaxşı yazı yalnız elmi səviyyəli əsər deyil, həm də əxlaqlı yazıdı. Ən yaxşı yazı isə yazıdakı əxlaqla müəllifin həyatdakı əxlaqı üst-üstə düşən yazıdı. Y.Lotman yazırdı ki, mədəniyyət qadağadan başlayır. Şirindilin yazılarında qandan, ruhdan, tərbiyədən və savaddan irəli gələn qadağanın sayəsində yazıdakı əxlaqı ilə həyatdakı əxlaqı bir-birlərini tamamlayırlar.  Ciddi elmi məsələlər qaldırıb, bədii ədəbiyyatın aktual problemlərinin əhəmiyyətli saydığı çözümünü verməyə cəhd göstəribdi. Sözün mənafeyini əsas götürən alim üçün yazarın şəxsiyyəti, titulu, adı, mövqeyi... yox, bütün varlığı, mənəvi-əxlaqi dəyərləri, dünyaduyumu və s. bu və ya digər dərəcədə əksini tapmış əlahəzrət mətn avtoritetidi.  Demək istəmirəm ki, onun qələmindən çıxanların hamısı eyni dərəcədə yüksək elmi-nəzəri səviyyəli araşdırmalardır. Sadəcə olaraq demək istəyirəm ki, mən Şirindilin təmənnalı (yarınmaq, xoşa gəlmək, hansısa işini keçirmək ehtimalı və s.) yazılarını oxumamışam.  Alim kimi fərqli cəhətlərindən biri də bundan ibarətdi ki, Şirindil tədqiqatlarında model müəyyənləşdirməyi, öz imkanı və səviyyəsi daxilində konsepsiya qurmağı bacarır və araşdırmasını du bunun üzərində aparır. Nəticədə konkret bir problem ayrıca  araşdırılmır, nəzərdə tutulan modelin, konsepsiyanın tərkib hissəsi kimi götürülərək ya ədəbiyyat tarixi, ya ədəbi prosesin ümumi gedişi, ya da nəzəri-poetik sistemlə əlaqələndirilir. Deyilənləri onun doktorluq dissertasiyasında daha qabarıq görmək mümkündür. Şirindil Alışanlının ad günündə, şad günündə və hesab günündə onu ziyalı kimi, şəxsiyyət kimi səciyyələndirən iki cəhətə də toxunmaq lazım gəlir. Vaxtilə N.Nekrasov yazırdı ki, sən şair olmaya bilərsən, amma vətəndaş olmalısan. Rus sənətkarının bu sözlərini insanın ömür həsr elədiyi bütün sahələrə, o cümlədən elmi araşdırmaları özünə tale seçənlərə də şamil etmək lazımdı. Təbii ki, şair, alim... və vətəndaş olmaq daha yaxşı olardı və mən bu anlamın heç də  patetik mənada işlədilməsinin tərəfdarı deyiləm.  Alim yalnız səviyyəli tədqiqatlar aparmaqla, yazılar yazmaqla kifayətlənməməlidi, eyni zamanda son elmi nailiyyətləri, ümumiyyətlə, bədii və elmi sözü əsas işinə mane olmayacaq dərəcədə peşəkarcasına təbliğ etməlidi. Bu mənada Şirindil həm də maarifçi filoloqdu. Yazılarında, şöbə müdiri kimi və tədqiqata yeni gələn gənclərə elmi rəhbərlik fəaliyyətində, müxtəlif elmi-nəzəri tədbirlərdə bu missiyasını da yerinə yetirir: fərqli və filoloji fikrin müasir tələbləri səviyyəsində mövzular verməyə çalışır, yeni nəzəri kitabları və fundamental məqalələri təbliğ edir, mütaliə həvəsli filoloqlara kitab gətirib verir və s.



Təsadüfi deyil ki,  Azərbaycanda ilk dəfə məhz onun təşəbbüsü və rəhbərliyi ilə poetikanın müxtəlif problemlərinə həsr olunmuş silsilə məqalələr toplusu ərsəyə gətirilibdi. Onun bəxtinə həm də təşkilatçılıq düşüb.  Uzun illərdi Şirindil Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatına rəhbərlik edir, müəllifi və redaktorlarından biri kimi çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin vaxtında, səviyyəli və poliqrafik baxımdan mükəmməl şəkildə işıq üzü görməsində əzablı zəhmət çəkənlərdən biri olubdu. Şirindil ictimai, bədii-estetik fikir tariximizdə böyük bir boşluğun doldurulmasında mühüm rol onayacaq əhəmiyyətli bir layihənin – Azərbaycan mühacir sözünün toplanması, nəşri layihəsinin, dünyanın müxtəlif ölkələrindən gəlmiş filoloq alimlərin iştirakı ilə Bakıda keçirilən beynəlxalq elmi-nəzəri konfransın təşəbbüskarlarından və təşkilatçılarından biridi.  Xatirəyə çevrilmiş ömrün hansısa anı üçün peşman olmaya bilmərik, amma dünəndə qalmış hər hansı bir yazımıza, hər hansı bir əməlimizə görə bu gün həm başqalarının, həm də içimizdəki müxtəlif mənlərin qarşısına utanmadan çıxa biliriksə, nəyisə gizlətməyə, nəyisə birdəfəlik silib atmağa fakt tapa bilmiriksə, belə tale yaşayanların hamısı kimi Şirindil Alışanlı da qürurla deyə bilər: Şükür buna da! Bu yaşa çatdığımıza görə yox, bu ömrü yaşadığımıza görə! Və belə yaşadığımıza görə!  
 





24.10.2012    çap et  çap et