525.Az

Tahir Rzanın rübailəri


 

Tahir Rzanın<b style="color:red"> rübailəri</b>

Nahaqqa yol açıb, haqqı dananlar,

Bədbəxt gələcəyə verirlər qərar.

Doğru danışmaqdan çəkinmə heç vaxt

Həqiqətdə sevinc, yalanda dərd var.

 

Allah qəlblərdəki haqqın səsidir,

İnsan bu dünyanın möcüzəsidir.

Kəfən var-dövlətin vəfasızlığı,

Başdaşı bir ömrün nişanəsidir.

 

Tahir, geriyə dön, keçmişinə bax,

Çevir tarixləri gəl varaq-varaq.

Dünyaya sığmayan xanlar-xaqanlar,

Acı xatirədir, bir ovuc torpaq.

 

Aqillə nadanın yoldaşlığından

Həmişə gen qaçar ağıllı insan.

Çünki ağıllı kəs dərhal bilər ki,

Ya aqil dəlidir, ya da ki nadan.

 

Didir bağ-bəhrəsiz bağlar könlümü,

Əsir el-obalar dağlar könlümü.

Dünyanın şöhrəti, varı-dövləti

Bir an sevindirməz ağlar könlümü.

 

Dünya şərab dolu bir qızıl camdı,

Zövqün duyan aqil, duymayan xamdı.

Öləndə rəhmətlik qazanmayana,

Dünyanın dövləti-varı haramdı.

 

Dövrün dediyiylə durub-otursan,

Heç vaxt uduzmazsan, daim udarsan.

Ən müdrik müəllim ağıl, cəsarət,

Ən böyük filosof həqiqət, zaman.

 

Boş-boş dolanmağın min bəlası var,

İnsan qiymətini zəhmətdə tapar.

Özgəyə güvənən tez düşər atdan,

Harınlayan köpək sahibin qapar.

 

Gözəldir söz qoşub, xəyala dalmaq,

Ruhları oxşayıb, qəlbləri almaq.

Mənasız min ildən billah yaxşıdır

Bir şirin sevdanın əsiri olmaq.

 

Qara bəxtim beli bükük qarıdı,

Dərd sirdaşı, həsrət, kədər yarıdı.

Kimi vardan, kimi yardan, qohumdan

Tahir isə öz dərdindən yarıdı.

 

Uyub vara, şan-şöhrətə, ada mən,

Verməmişəm ömrü-günü bada məm.

Yaşayaram əməlimlə,sözümlə

Əgər düşsəm bircə dəfə yada mən.

 

Çox ömür eyləmək xoşbəxtlik deyil,

Xoşbəxtlik mənalı yaşamaqdır, bil.

Min mənasız ildən daha yaxşıdır

Sevgiylə yaşanan mənalı bir il.

 

Bir qoca kişidən soruşdu cavan:

Dünyanı dərk etmək çətin, ya asan?

Kişi gülüb dedi: Görürəm hələ

Qəflət yuxusundan ayılmamısan.

 

Hər anın qədrini bilsən, yaşarsan,

Vaxtında ağlayıb, gülsən, yaşarsan.

Torpağın, Vətənin, Xalqın yolunda

Şərəflə yaşayıb-ölsən, yaşarsan.

 

Hər anın öz adı, öz mənası var,

Bəzən şənliyi var, bəzən yası var.

Xoşbəxtdir yaradan, yaşadan, quran

Sevən insanların öz dünyası var.

 





05.06.2014    çap et  çap et