525.Az

Moldova: geosiyasi qarşıdurmanın növbəti hədəfi


 

Moldova: geosiyasi qarşıdurmanın növbəti hədəfi<b style="color:red"></b>

Məlum Ukrayna hadisələri fonunda Rusiyanın Krımı öz ərazisi elan etməsindən sonra Moldovanın siyasi analitikləri Rusiyanın növbəti hədəfinin Dnestryanı bölgə olacağı haqqında skeptik proqnozlar verməyə başladılar. Moldovada artıq bir neçə aydır danışılır ki, noyabr ayında Avropa İttifaqı ilə azad ticarət haqqında ilkin razılıq imzalanmasından sonra Moskvanın bu ölkənin koalisiya hökumətinə təzyiqi artmaqdadır.

Ukraynanın Moldovadakı səfiri Sergey Pirojkov "Publika TV'' telekanalına verdiyi müsahibəsində Rusiyanın Moldovada Ukrayna ssenarisini təkrar edə biləcəyindən təşvişləndiyini bildirərək qeyd edir ki, "Rusiya Federasiyasının rəhbərliyi tərəfindən Ukraynada həyata keçirilən fəaliyyətlər, o cümlədən Krımın işğalı belə məntiqi nəticəyə gəlməyə əsas verir ki, məsələ bununla bitməyəcək. Hadisələrin belə inkişafında Denstryanı bölgənin və Moldovanın digər regionları da daxil olmaqla Ukraynanın bütün Qara dəniz sahilinin işğalını ehtimal etmək olar''. Ukraynalı diplomatın rəyinə görə, Moldova Avropa İttifaqı ilə assosasiya və azad ticarət zonası haqqında müqaviləyə imza atmağa yaxınlaşdıqca hadisələrin proqnozlaşdırılan inkişafı daha da aktuallaşır (bax: Посол Украины в Молдове: Крымский сценарий может повториться в Приднестровье / "PUBLIKA.MD'', 14 mart 2014).

1991-ci ildə öz müstəqilliyini elan etdiyi vaxtdan bəri Rusiyadan iqtisadi və hərbi dəstək alan qondarma "Dnestryanı respublika''nın parlamentinin spikeri martın 17-si regionun Rusiya Federasiyasına birləşdirilməsi barədə müraciət etdi. Mart ayının 19-u isə Qaqauziyanın parlamenti, özündə silahlı təhlükəsizlik dəstələrinin yaradılması üzrə planı birləşdirən "Qaqauziyada sosial-siyasi situasiyanın destabilləşməsinin qarşısının alınması'' üzrə tədbirlər planını təsdiqlədi.

Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin martın 18-i, Dnestryanı bölgənin Ukrayna tərəfindən "blokada'' şəraitinə salınması haqqında bəyanatını isə bəlkə də ən bəd əlamət hesab etmək olar. Bununla yanaşı, İTAR-TASS agentliyinin verdiyi məlumata görə, D.Roqozin qeyd edib ki, "Moldova Avropa İttifaqı ilə razılaşma imzalasa vəziyyət daha da mürəkkəbləşəcək'' (bax: Рогозин: правительство РФ проведет совещание в связи с блокадой Приднестровья Украиной / "İTAR-TASS'', 18 mart 2014).

Martın 20-si Moskvada keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir daha dünyanın bütün bölgələrində siyasi, diplomatik və hüquqi vasitələrlə rusların maraqlarının qorunması üzrə ölkəsinin siyasətindən bəhs etdi.

Aprelin 17-si canlı yayımda vətəndaşların suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin Dnestryanı probleminin mürəkkəb olduğunu bildirməklə, orada çoxlu sayda rusların yaşadığını və onların əksəriyyətinin Rusiyaya meylli olduğunu vurğulayıb. "Onların öz taleləri barədə öz düşüncələri var. Demokratiya onlara istədikləri kimi yaşamaq hüququ verir. Moldova, Dnestryanı ilə danışıqları davam etdirmək lazımdır. Dnestryanı bölgədən blokadanı aradan götürmək gərəkdir'', – deyə bildirib.

Bütün bu bəyanatların və baş verməkdə olan hadisələrin nəticəsi olaraq Moldovada belə bir mövqe daha da möhkəmlənir ki, ölkə öz təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməlidir və NATO ilə əməkdaşlıq təhlükəsizliyin möhkəmləndirilməsi üçün real vasitə ola bilər, çünki bu əməkdaşlıq dövlətin təhlükəsizliyi problemini mövcud kontekstdə həll etməyə kömək edə bilər.

Moldovanın hakim dairələri naməlum düşmənlərdən "müstəqil surətdə qorunmaq'' üçün hərbi qüvvələrinin hazırlanması məqsədilə NATO-dan təcili yardım istəmişlər. Bu barədə "Europa Libera'' radiostansiyasına Şimali Atlantik alyansın baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay məlumat verib. Diplomat bildirib ki, bununla bağlı olaraq Moldova NATO bloku üçün prioritet təşkil edən bir ölkə elan olunub. Onun sözlərinə görə, alyans üzvü olan ölkələrin nümayəndələri "yüksək səviyyədə böyük dialoq, daha çox siyasi məsləhətləşmələr və müdafiə qabiliyyətlərinin modernləşməsində daha çox dəstək'' imkanı yaratmaq üçün Moldova, Azərbaycan və Ermənistanla əlaqələri daha da genişləndirmək qərarına gəldilər. Ceyms Appaturay qeyd edir ki, "Moldova – Avropa İttifaqı tərəfindən qəbul edilən ən təcili prioritetdir. Bu ölkə köməyə möhtacdır, onlar yardım istəmişlər və əslində burada söhbət müdafiə strukturlarının islahatı və modernləşdirilməsi üçün edilən yardımdan gedir ki, nəticədə onlar müstəqil surətdə özlərini müdafiə edə bilsinlər'' (bax: Никита Зверев. От кого НАТО собирается защищать Молдову? / ''Комсомольская правда'', 7 aprel 2014).

Digər tərəfdən, Rusiyanın siyasi və ekspert dairələrində Moskvanın hər hansı yeni ərazi iddialarının olması ehtimalı qətiyyətlə inkar olunur.

Rusiya Federasiyasının Avropa İttifaqındakı nümayəndəsi Vladimir Çijov ''SNN'' telekanalının yayımında bəyan etdi ki, ölkəsinin yeni əraziləri özünə birləşdirmək kimi niyyəti yoxdur. O bildirdi ki, "Rusiyanın nə Ukraynaya, nə də dünyanın hər hansı digər ölkəsinə hərbi müdaxilə etmək planları yoxdur. Moldova rəhbərlərinin Dnestryanı bölgənin Rusiyaya birləşdirilməsi mümkünlüyündən təşvişə düşmələri haqqında suala cavab verərkən nümayəndə bildirib ki, belə bir ehtimal yoxdur. "İsteriya yoluxucu hal alır. Rusiya Dnestryanı bölgəni, yaxud dünyadakı hər hansı digər bir ərazini özünə birləşdirməyə hazırlaşmır'' - deyə Çijov ölkəsinin mövqeyini dəqiq ifadə etdi (bax: Россия разочаровала сепаратистов: "Мы не будем присоединять новые территории" / "Цензор.НЕТ", 16 aprel 2014).

"Penta'' tətbiqi siyasi tədqiqatlar mərkəzinin idarə heyətinin sədri Vladimir Fesenko hesab edir ki, Rusiya Krımla bağlı həyata keçirdiyi fəaliyyəti Densteryanı bölgədə təkrar etməyəcək, çünki, ruslar bu ərazini "özlərinki'' hesab etmirlər. "Krım ssenarisi üzrə Dnestryanı bölgə birləşdirilməyəcək, çünki bu regionun başqa tarixi var, Dnestryanı bölgəyə başqa münasibət var – onu ruslarınkı hesab etmirlər. Digər tərəfdən bu əlavə iqtisadi xərclər tələb edər və ən başlıcası isə o anklavdır – əlaqələr qurmaq çətin olacaq...,bu Rusiya büdcəsi üçün böyük bi yük olardı, hətta Krımın birləşdirilməsi milliardlarnan sərmayə qoyulmasını tələb edir. Bu isə o deməkdir ki, öz vətəndaşlarımıza qənaət etməli olacağıq və nəticədə narazılqlar yaranacaq...'' – deyə Fesenko martın 19-u "korrespandent.net'' xəbər portalında yerləşdirilən şərhlərində bildirib (bax: Приднестровью не стоит рассчитывать на вхождение в состав РФ по примеру Крыма – политолог / ''Корреспондент'', 19 mart 2014).

Lakin, Rusiyanın daha heç bir ərazi iddiası olmaması haqqında yuxarı səviyyədə ifadə olunan təminatlara baxmayaraq, bir sıra ekspertlər buna şübhə ilə yanaşırlar və hesab edirlər ki, sərhədlərin yenidən dəyişdirilməsi Moskvanın gündəliyində durmaqdadır və Krımın aqibəti fonunda bəzi geosiyasi proqnozlar əvvəlki vaxtlardakı kimi, daha inanılmaz təsir bağışlamır.

Hazırda isə nəzərlər Ukraynanın cənub-şərq regionlarına yönəlib. Kiyev mümkün qədər ehtiyatla, dinc əhali arasında itkiyə yol vermədən öz əraziləri üzərində nəzarəti bərpa etməyə çalışır. Moskva isə Ukrayna sərhədlərinə əlavə qüvvələr cəmləmək və geniş hərbi təlimlər keçirməklə buna mane olmağa cəhd edir. Bu qarşıdurmanın nəticəsi hazırda qaranlıq görünən bir çox məsələlərə, o cümlədən Moldovanı narahat edən Dnestryanı bölgənin taleyi məsələsinə tezliklə işıq sala bilər.

Bədəl Əhmədov,

sosiologiya üzrə fəlsəfə doktoru

 





05.06.2014    çap et  çap et