525.Az

“Vaqif Səmədoğlu ictimai-siyasi hadisələrə həmişə obyektiv qiymət verib”


 

“Vaqif Səmədoğlu ictimai-siyasi hadisələrə həmişə obyektiv qiymət verib”<b style="color:red"></b>

İyunun 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun 75 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən yubiley tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev çıxış edərək ədəbiyyatımızın “60-cılar” nəslini təmsil edən Vaqif Səmədoğlunun sevilən sənətkar olduğunu, onun şeirlərinin oxucular tərəfindən böyük maraq və rəğbətlə qarşılandığını bildirib: “Bu gün Azərbaycan ədəbiyyatı üçün yaddaqalan bir gündür. Məhz bu gün - iyun ayının 5-də tanınmış şair və ictimai xadim Vaqif Səmədoğlunun 75 yaşı tamam olur. Vaqif Səmədoğlunun yaradıcılığı Azərbaycan ədəbiyyatının təkrarolunmaz səhifələrindəndir. Mən onu uzun illərdir tanıyıram. Tanıdığım üçün xüsusi qeyd etmək istəyirəm ki, Vaqif Səmədoğlu ölkədə cərəyan edən ictimai-siyasi hadisələrə həmişə obyektiv qiymət verib və düzgün mövqe tutub. O, xalqını və Vətənini sevən böyük şəxsiyyətdir. Onun fitri istedadı və təvazökarlığı ictimaiyyət tərəfindən həmişə rəğbətlə qarşılanıb”.

Sonra Prezident Administrasiyasının rəhbəri dövlət başçısı İlham Əliyevin yubilyara təbrik məktubunu və Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncamını oxuyub.

Ramiz Mehdiyev ordeni yubilyara təqdim edib.

Mərasimdə Vaqif Səmədoğlu çıxış edərək göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov və xalq artisti Ramiz Həsənoğlu çıxış edərək Vaqif Səmədoğlunun zəngin həyat yolundan və ədəbi fəaliyyətindən söhbət açıblar.

Tədbirin bədii hissəsində “Qaya” vokal instrumental və “Dan ulduzu” ansambllarının müşayiəti ilə tanınmış və gənc müğənnilərin ifasında yubilyarın şeirlərinə bəstələnmiş musiqi nömrələri təqdim edilib, pyesləri əsasında hazırlanmış tamaşalardan fraqmentlər göstərilib.

 





06.06.2014    çap et  çap et