525.Az

Ermənistanın Astana şoku: əsassız siyasətin məntiqi nəticəsi


 

Ermənistanın Astana şoku: əsassız siyasətin məntiqi nəticəsi<b style="color:red"></b>

Bu ilin may ayının 29-da Astanada Qazaxıstan, Rusiya və Belarus prezidentləri Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında saziş imzalayıblar. Orada Ermənistanın Gömrük İttifaqına üzv olması ilə əlaqədar qərar verilməli idi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçılara ünvanladığı məktub rəsmi Yerevana soyuq duş təsiri bağışlayıb. Ermənilər Nursultan Nazarbayevin həmin məktubu oxumasından incik düşüblər. Ancaq vəziyyətin ciddiliyini rəsmi Yerevana başa salıblar. Hadisələrin bu cür inkişaf etməsi, əslində, ciddi geosiyasi əsaslara malikdir. Ermənistan illərdir tutduğu qeyri-konstruktiv mövqeyə görə, cavabını almalıdır. Ekspertlərin bununla bağlı söylədikləri maraq doğurur.

Bir məktubun həqiqətləri

Erməni mətbuatı mayın 29-da Yerevanın Astana sükutuna qərq olduğundan yazır. Həmin gün Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması ilə bağlı Rusiya, Belarus və Qazaxıstan rəhbərləri saziş imzalamalı idilər. Bu, baş tutdu. Ancaq eyni zamanda, rəsmi Yerevana "siyasi sillə" vuruldu.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin onlara ünvanlanmış məktubunu oxuyub. Orada Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində Aİİ-yə daxil edilməsi şərti ifadə edilib (bax: Арам Аматуни. По ком звонят колокола Астаны? / "1in.am", 30 may 2014). Bu məlumat Ermənistan nümayəndə heyəti üçün şok olub. Onlar Azərbaycan rəhbərinin məktubuna cavabda heç bir fikir söyləyə bilməyiblər.

Yalnız Ermənistanın təhsil naziri Qarabağla sərhəddə gömrük nəzarətinin olmayacağını bildirib. Lakin jurnalistlər buna inanmayıblar, çünki burada emosiyadan başqa heç bir arqument yoxdur. Prezident İlham Əliyevin məktubu isə real arqumentlərə əsaslanan haqlı tələbləri ifadə edir.

Əvvəlcə, deyək ki, Azərbaycan dövlət başçısı beynəlxalq hüquq normaları və diplomatik qaydalar çərçivəsində əsaslı məktub yazıb. Orada Azərbaycan və Ermənistanın BMT tərəfindən tanınmış sərhədlərinin mövcudluğu vurğulanıb. Əgər Ermənistan hansısa təşkilata üzv olmaq arzusundadırsa, onda bu şərt mütləq nəzərə alınmalıdır. Əks halda, bu ölkəni öz sıralarına qəbul edən təşkilat qeyri-qanuni hesab edilməlidir. Onun beynəlxalq hüquq normalarını kobud pozduğu vurğulanmalıdır. Bunlar da ön növbəsində postsovet məkanında yeni ixtilaflara yol aça bilər.

Şübhəsiz ki, bu məqamları V.Putin, N.Nazarbayev və A.Lukaşenko yaxşı bilirlər. Həmin səbəbdən də onlar Yerevana görə, yaratmaq istədikləri İttifaqın bəri başdan əsaslarını sarsıtmaq istəməzlər. N.Nazarbayevin toplantıda təmkinlə İ.Əliyevin məktubunu oxuması, bütün bunlara görə, zərurət idi. Burada hansısa şəxsi münasibətlər və ya qərəz axtarmaq heç bir siyasi-diplomatik etiketə sığmır.

Həmin kontekstdə Ermənistan prezidentinin yaranmış vəziyyətlə bağlı dedikləri onun səmimi və demokratik dövlət başçısı olmadığını bir daha təsdiq edir. S.Sarkisyan mayın 31-də öz partiyasına üzv olan gənclərlə görüşündə "Nazarbayevin dedikləri xoş deyildi" cümləsini işlədib (bax: То, что озвучил Назарбаев, "было неприятно": Серж Саргсян / "1in.am", 1 iyun 2014).

Lakin erməni lider İ.Əliyevin məktubunda həqiqətlərin ifadə olunduğunu etiraf etməyə məcburdur. Bununla bağlı o, gənclərlə görüşdə deyib: "Kim deyir ki, biz Gömrük İttifaqına Qarabağla (termin S.Sarkisyanındır – Newtimes.az) birgə daxil olacağıq? Belə bir şey olmayıb və ola da bilməz. Çünki Qarabağ bizim qanunvericiliyə görə, bizim təsəvvürlərimizə uyğun olaraq bu gün Ermənistanın bir hissəsi deyil" (bax: əvvəlki mənbəyə).

Erməni tərəfinin Azərbaycan Prezidentinin məktubuna verdiyi qeyri-sağlam reaksiya haqqında bir qədər də danışmaq olar. Ancaq burada prinsipial məqam daha geniş miqyasdakı proseslərlə bağlıdır. Bununla yanaşı, vurğulamaq istərdik ki, ermənilər hələ də xəstə psixologiyadan yaxa qurtara bilməyiblər. Havadarları onları o dərəcədə şıltaq öyrədib ki, adi həqiqətləri belə qəbul etməkdə çətinlik çəkirlər. Azərbaycan tərəfinin haqlı iradları və tələblərindən çox əsəbiləşirlər. Lakin bu üsulla reallığı inkar etmək mümkün deyil.

Növbəti uğursuzluq: Yerevanın sükutu

Problem rəsmi Yerevanın uzun illərdir yeritdiyi xarici siyasətin yarıtmazlığındadır. Eyni zamanda, hazırda geosiyasi mühitdə mürəkkəb vəziyyət yaranıb. Nəticədə, Ermənistan rəhbərliyi hansı mövqeni tutmaq lazım gəlməsi məsələsində tərəddüd edir. Bunu analitiklər və ekspertlər hiss edirlər. Meydana bir çox suallar, izah edilməsi lazım gələn problemlər çıxır.

Məsələn, Qərbdə hesab edirlər ki, Avrasiya İqtisadi İttifaqı gələcəyi olmayan bir təşəbbüsdür (bax: məs., Carol Matlack. Putin’s Eurasian Union Looks Like a Bad Deal, Even for Russia / "Bloomberg Businessweek", 29 may 2014). Rusiyanın iqtisadi potensialı bu təşkilatı səmərəli quruma çevirməyə yetərli deyil. Bu səbəbdən də Moskva təzyiqlə bəzi ölkələri bura cəlb edir.

Əslində, Rusiya rəhbərliyi keçmiş sovet məkanı ölkələrini bir yerə yığmaq planının olduğunu inkar etmir. Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov açıq bildirir ki, "postsovet məkanında inteqrasiya Rusiya Federasiyasının strateji məqsədidir" (bax: Шувалов: Интеграция на постсоветском пространстве – стратегическая цель РФ / "Deutsche Welle", 23 may 2014). Bunun fonunda Rusiya rəsmisi onu da qeyd edir ki, həmin ideyaya qarşı çıxanlar "bizim tərəfdaşımız, dostumuz deyil, iqtisadi sistemimizin əsasını dağıdanlardır" (bax: əvvəlki mənbəyə).

Belə bir şəraitdə rəsmi Yerevan Gömrük İttifaqını hansı səbəblərə görə seçdiyini əsaslandırmalıdır. Belə bir əsaslandırma isə yoxdur. Digər tərəfdən, Ermənistan rəhbərliyi bu məsələdə Dağlıq Qarabağ münaqişəsindən süni surətdə istifadə etməyə çalışır. O, problemi öz xeyrinə həll etmək üçün Rusiya, Belarus və Qazaxıstandan nələrsə tələb edir. Xüsusilə, Yerevanın Moskvaya iradları az deyil. Bir sıra erməni ekspertlər bu məqamı ayrıca qeyd edirlər. Eyni zamanda, məsələnin başqa tərəfinə də diqqət yönəltməyə çalışırlar.

Konkret olaraq, erməni ekspertlər Rusiyanın Ermənistanı Dağlıq Qarabağ məsələsində şantaj etdiyini yazırlar (bax: Акоп Бадалян. Что обеспокоило Азербайджан / "Lragir.am", 30 may 2014). Bir qədər sonra Moskva eyni üsulla Bakını da şantaj edə bilər. Lakin ermənilərin bu fikri də əsassızdır. Doğrudur, Kreml öz forpostu ilə bağlı istədiyi hərəkəti edə bilər. Azərbaycana qarşı isə belə davranmaz. Çünki Bakı müstəqil mövqeyi ilə sübut edib ki, onunla kimsə təzyiq və şantaj dilində danışa bilməz. Burada sadəcə, ermənilər öz acizliklərini ört-basdır etməyə çalışırlar.

Bunlardan belə nəticə çıxır ki, Ermənistanın Astanada şok vəziyyətinə düşməsi onun geosiyasi məğlubiyyətinin əlamətidir. İndi bu ölkənin nə zaman Gömrük İttifaqına daxil olacağı aydın deyil. Rəsmi olaraq iyul bildirilir. Ancaq həmin vaxtadək Azərbaycanın qoyduğu şərtə əməl ediləcəyi inandırıcı görünmür. Deməli, Yerevan hələ gözləməli olacaq. Geosiyasi aspektdə burada müəyyən riskin olduğunu etiraf etmək lazımdır.

Məsələ ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi qlobal geosiyasətdə problemlər yaradır. Ermənistan Gömrük İttifaqına üzv olsa, onunla Azərbaycanın Dağlıq Qarabağ bölgəsi arasında nəzarət-buraxılış və gömrük məntəqəsi olmalıdır. Bunu yalnız Azərbaycan və Ermənistan tərəfləri edə bilər. Konkret desək, həmin zamana qədər münaqişə həll edilməlidir.

Riskli məqam bu cür qeyri-müəyyən vəziyyətdən kənar qüvvələrin yararlana bilməsi ilə bağlıdır. Böyük dövlətlər öz maraqları naminə həmin faktordan təxribat kimi istifadə edərlər. Bunun səbəbkarı isə Ermənistanın qeyri-müəyyən xarici siyasət yeritməsidir. Astana hadisəsinin kökündə məhz bu məqam durur.

Bütün bunlardan bir nəticə də çıxarmaq mümkündür. Həm regional, həm də qlobal miqyasda cərəyan edən geosiyasi proseslər Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi zərurətini ortaya qoyur. Bunda maraqlı olmayan Ermənistan isə narahatlıq keçirir. Gözləmək olar ki, müəyyən müddətdən sonra onun havadarları münaqişənin həll edilməsini Yerevandan tələb edəcəklər. Aydındır ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Ermənistanın əlindən bütün arqumentləri çıxmış olur. Görünür, Astanada Azərbaycan Prezidentinin məktubunun səslənməsi bunun ilk əlamətlərindəndir. Həmişə o növ tədbirlərdə meydan sulayan Yerevandan bu dəfə səs çıxmadı. Gec-tez ədalət öz yerini tutmalıdır.

Newtimes.az

 





06.06.2014    çap et  çap et