525.Az

Mənim ilk müəllimim


 

Mənim ilk müəllimim<b style="color:red"></b>

Mən Zaqatala rayonunun Muğanlı kənd orta məktəbinə 1977-ci ildə, yaşımdan bir il tez getmişəm, yəni sinifdə bəndeyi-həqirdən başqa hamı 1970 təvəllüdlü idi. Səbəbi həmin il birincilərin təlim-tərbiyəsinin təcrübəli pedaqoq Əsbət Məmmədovaya həvalə edilməsiydi ki, təhsil ocağında çalışan valideynlərim belə fürsəti əldən buraxmaq istəməmişdilər. İnsafən mərhum direktorumuz İbadullah müəllim təşəbbüsü etirazla qarşılamadı. Məhz həmin amilin həyatımda bir önəmli rolu son zənglə hərbi xidmət arasında çox vaxt qazanıb üç dəfə qəbul imtanında iştirakım, digəri isə Əsbət xanım səviyyəsində ibtidai sinif müəlliməsinin ana qayğısı, tələbkarlığı, təmənnasızlığı ilə əhatələnməyim oldu.

İndi bu sətirləri yaza-yaza özlərinin ruhlarının razılığı naminə pedaqoji kollektivdə Mütəllib Sadıqov, Rəhmiyyə Mustafayeva, Fadimət İbrahimova, Mustafa Musayev, Minasət İbrahimova başqa ibtidai sinif müəllimlərinin çalışdıqlarını da qeyd etməyi borc bilirəm. tam səmimiyyətlə deyim ki, Muğanlının artıq çoxdan yeni binaya köçmüş elm məbədinin nəinki hər bir işçisi, daşı-divarı da mənə 52 yaşında dünyasını dəyişmiş anam Nuriyyə Oruc qızını xatırladır. Onlar hələ təbəqələşməmiş cəmiyyətdə sadə kəndli balalarının qəlbini doğma nəvazişlə isitməyi bacardılar. Bəli, bizlər müəllimlərin 5-6 qəpiklik təbriknamələrlə hədiyyələndiyi, hətta buna da etiraz edərək, şagirdlərinin uğurlarını sidq ürəkdən ən böyük mükafat saydıqları dövrlərdə təhsil aldıq, elmin kiçik sirlərinə yiyələndik. Mələk timsallı belə insanların ali məqamına görə hətta adi adamlar kimi çörək yediklərini, su içdiklərini ağlımıza sığışdıra bilməzdik. Görkəmli mütəfəkkir Nəsirəddin Tusi "Əxlaqi-Nasiri" əsərində haqlı olaraq müəllim peşəsinə yüksək qiymət verərək yazırdı: "Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəfli ola bilər?"

Əsbət müəllimə sənətində peşəkarlığı ilə yanaşı, həm gözəl ailə başçısı idi.  O, 1929 -cu il mayın 7- Qaxın Əmircan kəndində doğulmuş, Şəki Pedaqoji Texnikumunu bitirmiş, Süleyman müəllimlə ailə qurduğundan sonrakı taleyini Muğanlı ilə bağlamışdı. Əl-ələ verib üç övlad böyütmüşdülər: Yazgülü, Şəfaət Faiq. Yazgülü xanımla Şəfaət müəllim hal-hazırda həyatdadırlar, nənə, baba olublar. Gələcək perspektivinə böyük ümidlər bəslənən Faiqin ömrü isə gənc yaşlarında Şəki yolunda baş vermiş olay - polis naşılığı sayəsində qırıldı, iki qız balası qaldı. Faciəli hadisə bütün kənd əhlini, onu tanıyanları sarsıtdı, doğmalarının belini sındırdı.    

Ən davamlı bəhərli nisgil toxumu isə ana ürəyinin dərinliklərinə əkildi. Mən ara-sıra kəndə gedəndə əziz müəllimimi görərdim; ömrünün son çağlarında darvaza qarşısındakı daşın üstündə əyləşib yollara baxardı. Amma bu elə-belə baxış deyildi: nəzərləri canından ayrılan canın - oğlunun getdiyi uzaqlara dikilmişdi. İndi həyət qapısı önündə həmin daş kətilin qalıb-qalmadığını bilmirəm, amma doğma yurd-yuvanı kəndin ayağındakı daş məzarları övladlarının, nəvələrinin keçmiş şagirdlərinin tez-tez ziyarət etdiklərinə yəqinliyim var. Nəhayət, həsrətli ruhlar bir-birinə qovuşduğundan mənim içimdə bir rahatlıq uyuyur. yaxşı ki, dünyanın vurduğu acı hicran yaralarına əbədiyyətin şirin görüşləri məlhəm qoyur...

Dahi fransız Viktor Hüqo "müəllimin insanları aydınlığa çıxaran işığa bənzədiyini" söyləmişdi. Əla qiymətdir. Muğanlı orta məktəbinin mütərəqqi ənənələri isə Nizami Cavadovun uğurlu rəhbərliyi ilə bu gün davam etməkdədir. daim o cığırda günəşə tərəf bir dəstə uşaq yürüyür; yıxılır, əzilir, toza bulaşır, amma yenidən qalxır irəliləyir. Yürüyürlərsə, onda heç zaman cəhalət qaranlığı çökməyəcək. Nurlu sabahlar varsa, deməli, onun carçıları da unudulmayacaqlar.

Allah sənə qəni-qəni rəhmət eləsin, Əsbət müəllimə.

Qurban CƏBRAYIL

 





06.06.2014    çap et  çap et