525.Az

Ceyhun Musaoğlunun "Şairlər günü"


 

Ceyhun Musaoğlunun "Şairlər günü"<b style="color:red"></b>

Şairlərin günü olmur. Şairlərinki saniyələrdi. O saniyələr ki, hərəsi bir ömürdü, amma gün deyil. Sizi bilmirəm, mən rahat yaşayan bir şair belə tanımadım. Rahatlığı olmayan adama deyiləcək təsəlli də tapmaq olmur. 

Bəli, dəyərli dostumuz, istedadlı şairimiz, mədəni cəmiyyətin qurulmasında böyük işlər görən insanımız Xəyal Rza 4 ildir ki, şairlərə gün bağşlayır. Gül kimi gün. Olmayanı tapıb. Xoşbəxt adamdı. Şair minnətdarlığı qazanmaq böyük hadisədi. Biz görmüşük şairə minnətdarlıq edərlər. Xəyal nə boyda iş görürsə, şairlərin təşəkkürünü qazanır.

“5” halalındı, halal qiymətindi, əziz dost. Onu sən tapmısan. Mikayıl Müşfiqin 5-ni şeirin qiymətinə çevirmisən. Məsum, məhkum və nakam şairimizin, 29 il yaşayıb şeiriyyatın peyğəmbərlərindən birinə çevrilən Müşfiqimizin doğum gününü- iyunun 5-ni bütün şairlərə hədiyyə etmisən. Bahalı adamsan, Xəyal Rza.

Təşkilatçılığın nə qədər ağır iş olduğnu anlayan adamam. İyunun 5-i tədbir təşkli etmək, özü də ədəbiyyat tədbiri... yalnız fantastik beyin gücünə malik olan azərbaycanlıya nəsib ola bilər. Nəhəng şairimiz Vaqif Səmədoğlunun  Akademik Milli Dram Teatrında 75 illik yubileyi qeyd olunur. Ölkənin əksər nüfuzlu adamları, o cümlədən Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev mərasimdədi. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və bu sırada olan başqa tanınmışlar da ordadı.

Eyni gündü, eyni saatdı. Beynəlxalq Muğam Mərkəzində şairlər günü keçiriləcək. Şairlərimiz Bulvarda aksiya düzənləyib. Müşfiqin, ümumiyyətlə bütün nakam şairlərin ruhu sevinsin deyə, dənizə güllər səpəcək. Hamısı oldu. Muğam Mərkəzinin əsrarəngiz təsirli zalında oturmuşam. İnana bilmirəm: hamı burdadı. Bəs Vaqif Səmədoğlunun yubileyində kim var? Xəbər tuturam: və hamı həm də ordadı.

Çoxdan geri çəkilmişdim. Çoxdan qərar vermişdim. Əgər əksər dövlət adamları, ədəbiyyatın yönləndiriciləri, Dram Teatrında yubiley gecəsinə qatılıblarsa, çoxdan öz tədbirimi – Şairlər Gününü başqa günə keçirərdim. Mən keçirərdim, jurnalist Ceyhun Musaoğlu. O, keçirmədi, şair Xəyal Rza. Həm də o keçirdi. Möhtəşəm tədbir keçirdi.

Saat 6-da ədəbi aksiya baş tutdu. Güllər üz-üzə ruhlara təbrikə getdi. Bizsə Muğam Mərkəzinə gəldik. Türkiyədən gəldik, Rusiyadan gəldik, İrandan gəldik. Tədbirə xaricdən dəvət alan şairlərimizin əhatəsində elə təəssürat yaranmışdı ki, onlarla bir yerdə gəlmişik. Yəni biz də xaricdən gəlmiş kimydik. Salondakı gözlərə tamaşa edirdim. Baxdıqları hər şeyi, eşitdikləri hər kəsi ilk dəfə görürmüş kimydilər. Özmü beynəlxalq əhəmiyyətli tədbirdə hiss etdim.

Səmimiyyət əsas meyara çevrilmişdi. Açılış edən Xəyal Rza belə istəmişdi. Çingiz Əlioğlu, Elçin İsgəndərzadə, Səlim Babullaoğlu, Qulu Ağsəs, Oqtay Rza, Qəşəm Nəcəfzadə, Yusif Nəğməkar, Afaq Şıxlı, Türkiyədən gələn qonaqlar, İrandan, Rusiyadan gələn şairlər çıxışları ilə elə bir ortam yaratdılar ki, 8-də başlayan tədbir 11 idi hələ sona çatmamışdı.

Şeirlər dinlədik, mahnılara qulaq asdıq, muğamla feyziyab olduq. Bir gün yaşadıq. Şairlər günü. Gül kimi bir gün.  Iyunun 5-də şahidi oldum ki, şairlərə rahatlıq çox yaraşır. Bizi aldadıblar. “Şairlər narahat olanda gözəl şeirlər yazırlar” deyənlərin məqsədində sağlam komponentlərin sayı çox azdı. Dünən gördüm ki, rahatlıq şairlərə qanad verirmiş. Onlar uçmaq üçündü. Düşüncələrini pərvazlandırmaq şairlərin ən böyük arzusudu. Göydən hər yer aydın görünür. Aydın görmək şairliyin şeiriyyatıdı. İyunun 5-də Azərbaycanın bütün şairlərinə aydın gün bəxş olundu. O gündən baxıb, onları bir daha dəyərləndirdik, sevdik və qiymətləndirdik.


Xəyal Rzanın təqdimatındakı qiymətləndirmə isə tarix yaratdı. Dünənki gecədə şeirləri ilə durulduğumuz şairlər Mikayıl Müşfiq mükafatına layiq görüldülər. Adlarını yaza bilərəm, sadəcə ilk xəbərin AYB.az saytı tərəfindən yayılması daha düzgün olardı. Jurnalistəm axı, ilkin mənbənin haqqına girmərəm.

Və dəqiq bilirəm. Dünən Müşfiqin ruhu ondan sonra daha uzun ömür yaşayan, bu işıqlı dünyanın ləzzətini daha çox dadan bütün şairlərə yaşantı hallalığı verdi. Yaşamaq onların halalı olsun. Ki, yazsınlar. Ki, oxuyaq. İnsanı rahat yaşadan bir sehr var – oxumaq!

Ceyhun Musaoğlu



















































 





06.06.2014    çap et  çap et