525.Az

Qeyri-adi ixtiralar sahibi


 

Qeyri-adi ixtiralar sahibi <b style="color:red"></b>

Mətləbə keçməzdən əvvəl istərdim oxucuları qeyri-adi müasir ixtiralar sahibi, rəmzi-simvolik sənət (dizayn) əsərləri yaradıcısı, rəssam, şair və bir çox ideyalar müəllifi Namazov Məcid Əlif oğlu ilə tanış edim. O, 1954-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində müəllim ailəsində anadan olub. Yazıb-oxumaq bacarığına hələ məktəbə getməzdən əvvəl yiyələnib. ... Sonralar məktəb illərində isə coğrafiya müəlliminə bağışladığı qlobus şəklində düzəltdiyi dünya xəritəsi ilə bütün pedaqoji kollektivi heyrətləndirib.  1979-cu ildə Rusiyanın Rostov vilayətində texniki institutun 4-cü kursunda oxuyarkən bir Akopyan soyadlı erməni aliminin paxıllığı və qısqanclığı onu diplomdan məhrum edib. 1988-ci ildə “el ilə gələn bəla”ya düçar olan Məcid 1991-ci ildə SSRİ Jurnalistlər İttifaqının nəzdində “Jurnalistika sənətkarlığı” institutunu bitirib. Oxucularımızı yormamaq üçün Məcidin öz təbirincə desəm, “keşməkeşli” həyatından az danışdım. Belə düşünürəm ki, sizə onun “Yaşamaq yanmaqdır!” şeirindən bir parçanı təqdim etsəm, daha məqsədəuyğun olar.  

Mən yanmışam, yanıram, yana-yana gedirəm
Yaşamaq yanmaqdır! – Yanmaqla fəxr edirəm 
Həqiqətə çatıram şər çıxır yollarıma
Kəməndini dolayır qüvvətli qollarıma
Sındırıram, qırıram, tökülür parçalanır
İlan olur hər çöpü, sarılır qollarıma. 

Mən yanmışam, yanıram, yana-yana gedirəm
Yaşamaq yanmaqdır! – Yanmaqla fəxr edirəm 

Alovumdan işıqlar nur saçır yollarıma
Bu yol məni aparır zəkanın bağlarına
Cənnətin bağıdır bu, zəka da bağbanıdır
Yetirdiyi meyvə min həyat, min mənadır
Meyvələri dadıram, hər birisi bal dadır
İxtiralar, icadlar, kəşfləri ram edirəm
Mən yanmışam, yanıram, yana-yana gedirəm 

Muhyiddin ibn Ərəbi deyirdi ki, insanın beyni kainatın kiçildilmiş formasıdır. İnsanın idrak-zəkası kainat qədər sonsuzdur.  Qeyri-adi ixtiralar sahibi ,(dizayn) rəmzi-simvolik əsərlər müəllifi Məcid Namazov hesab edir ki, onun Yer planetinin mənzərəsini əks edtirən “Qlobus” fırlanan bina layihəsi dünyanın 8-ci möcüzəsi hesab edilə bilər. “Qlobus” fırlanan bina layihəsi Paris konvensiyasının üzvü olan Azərbaycan Respublikası Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində 3 il ərzində ekspertizanın sorğularını düzgün cavablandıraraq Patent diplomu qazanıb. Əsər elmi mərkəzlərdə 7 il ərzində yoxlanılıb və müzakirə olunub. Qurğu ixtiraya əsasən 50 metr hündürlüyündə olmaqla soldan sağa hərəkət etməlidir.  Kürənin ətrafında meridianlar boyunca qövsvari kanatlar yerləşəcək və 40 kabina kanatlar boyunca yuxarı-aşağı hərəkət edəcək. Kürənin ətrafında Yer kürəsinin coğrafi varlıqları- ölkələri, sərhədləri, meşələri, dağları, çayları, dənizləri və s. öz əksini tapacaq. Böyük qlobusu seyr edən insanlar proqram üzrə hərəkət edən kabinalarda bir saat ərzində istədikləri coğrafi əraziləri seyr edə biləcəklər. Qlobusun daxilində Yerin yeddi qatı və nüvə fantaziyası xüsusi dizaynla göstəriləcək. Binanın daxilində dünyanın fəlsəfi muzeyi də öz əksini tapacaq. 

– Məcid müəllim, gəl bir az da Rəmzi “Mizan-Tərəzi” Emblemi haqda danışaq. 

– Azərbəycan musiqi mədəniyyəti dünya xalqları arasında çox dərin və zəngin tarixə malikdir. Əcdadlarımızdan, ulu Dədə Qorquddan və musiqi korifeylərimizdən biz nəslə bu musiqi alətləri miras qalıb.  Azərbaycan xalqının milli musiqisinin tərənnümünün bütün hallarında istifadə etmək üçün nəzərdə tutulan Rəmzi “Mizan-Tərəzi” Embleminin bədii-konstruktiv həlli göstərilir.  Müqəddəs Qurani-Kərimdə göstərilir ki, “Səma cisimləri zamana və məkana görə mizan tarazlığı yaradaraq dövr edir”. Rəmzi “Mizan-Tərəzi” Emblemi yastı, dairəvi formalı, özündə təsviri motivi və şrift yazısını birləşdirən kompozisiya quruluşu şəklində xarakterizə olunur. Yazılar dairənin sağ və sol dövsü üzrə, təsviri motiv isə mərkəzdə yerinə yetirilib. Belə ki, dairənin sol qəvsü üzrə latın qrafikasının baş hərfləri ilə yerinə yetirilmiş “MİZAN” sözü, sağ qövsü üzrə isə “TƏRƏZİ” sözü göstərilib. Təsviri motiv Azərbaycan folklorunun saz, kamança, tar, zurna, balaban, tütək, dəf və nağara kimi musiqi alətlərinin stilləşdirilmiş təsvirində yaranmış əl tərəzisi şəklində olan qrafik rəsmdir. Emblem çoxrəngli qırmızı, göy, sarı, mixəyi, ağ, yaşıl, mavi, boz, şabalıdı rənglər qamması üzərində qurulmuş kolorist həllinə malikdir. Rəmzi “Mizan-Tərəzi” Emblemi Azərbaycan xalqının mədəniyyətini və qədim milli adət-ənənəsini tərənnüm edir. Ulu musiqi ustadlarımız, ozan-aşıqlarımız, bu musiqi alətlərini icad etmiş və bizim nəslə çatdırmışlar. Emblemdə təsvir olunan səkkiz musiqi aləti Azərbaycan xalqının folklorunu təşkil edir və bu alətlər biz nəsildən gələcək nəsillərə adlayacaq milli mədəni irsdir. 

– Kompozisiyada Saz müqəddəs sayılaraq tərəzini çəkir və mizanlığı yaradır;
– Tərəzinin qolu funksiyasını zurna;
– Tərəzinin asıqları funksiyasını balaban və tütək; 
– Tərəzinin gözləri funksiyasını qaval və nağara;
– Tərəzidə çəkilən detalların funksiyasını isə tar və kamança yerinə yetirir. 

Layihəyə Azərbaycan Respublikası Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən İlkinlik və rəsmi bülletendə çap olunması üçün qərar verilib. Patentləşməsi qanuna uyğun olaraq sənədləşir.

– Bəs “Rəmzi İrs Ağacımız”? Bəlkə bu əsərinlə də oxucularımızı tanış edəsən.

– Əsər “Köklü palıd ağacı və onun “meyvələri”, ağacın 8 budağında 8 yarpaqla birgə Azərbaycan xalqının mədəniyyətinə və mentalitetinə xas saz, qılınc, duz-çörək, kitab-qələm və bir cüt göyərçindən ibarətdir.

1. Qoça Qopuzun sələfi olan “Saz” Ulu Dədə Qorqud və ondan daha öncə xalqımızın mədəni irsi olaraq onun mədəniyyətini nümayiş etdirir. 

2. “Qılınc” xalqımızın vətənpərvərliyini, igidliyini Temruzun, Cavanşirin, Cavidanın, Babəkin, Şah İsmayıl Xətainin, Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Əlif Hacıyevin və minlərlə igidlərimizin simasında dəlillərlə sübut edir ki, Azərbaycan xalqının qadını, kişisi, qocası, cavanı həmin qabiliyyətlərə malikdir və bu irsidir. 

3. “Duz və çörək” xalqımızın ta qədimdən qonaqpərvər və sədaqətli olmasına sübutdur. Xalqımızın tarixi şəxsiyyətlərinin həyatından məlumdur ki, hələ Temruza qədər və ondan sonra da ulu Dədə Qorqud və s. şəxsiyyətlərimizin şərəfli həyatı xalqımızın tarixində iz qoyub.

4. “Cüt göyərçin” rəmzi ilə Azərbaycan xalqının sülhsevərliyi, sədaqətliyi, səmimiliyi əks olunur. Leyli və Məcnun, Əsli və Kərəm, Yusif və Züleyxa, Xosrov və Şirin, Koroğlu və Nigar və s. əfsanəvi məhəbbət qəhrəmanları xalqımızın incə qəlbinin hisslərini, sevgisini, sədaqətini, dünya xalqlarına hörmətini nümayiş etdirir. 

5. “Kitab və qələm” Azərbaycan xalqının ta qədimdən ulu Dədə Qorquddan, İzzət Həsənoğludan, Əfzələddin Xəqanidən, Nizami Gəncəvidən, İmadəddin Nəsimidən, Məhəmməd Füzulidən, Şah İsmayıl Xətaidən və s.dən bəri dünyaya necə böyük şəxsiyyətlər gətirdiyini təsdiq edir. Ulu Öndər Heydər Əliyevin elmi siyasət diplomatiyası dünyaya sübut edir ki, Azərbaycan xalqı böyük intellektual potensiala və yaradıcılığa malik xalqdır.

Şamil Əhmədov 

 





24.10.2012    çap et  çap et