525.Az

Gənc Tamaşaçılar Teatrından üç yeni tamaşa


 

Gənc Tamaşaçılar Teatrından üç yeni tamaşa<b style="color:red"></b> Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni teatr mövsümünə üç yeni tamaşa hazırlayır.

Teatrdan 525.az-a verilən məlumata görə, böyük ingilis dramaturqu U. Şekspirin anadan olmasının 450 illik yubileyi çərçivəsində müəllifin “III Riçard” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerasının nümayişi yeni – 87-ci mövsümə təsadüf edəcək. Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Rusiya Akademik Gənclər Teatrının baş rejissoru Stanislav Benediktov (Moskva), xoreoqrafı RF-nin əməkdar incəsənət xadimi Sergey Qrisaydır (Sankt Peterburq).
 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Gülər Nəbiyeva, Qəmər Məmmədova və başqaları ifa edəcəklər.
 
İkinci tamaşa “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq S. Əliyevin real faktlar əsasında səhnələşdirdiyi “Şeytan ailəsi” pyesidir. Eyniadlı pyes əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Gəncləri və yeniyetmələri bu cür qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaqlar. Tamaşa yeni mövsümün ilk günlərində teatrın kiçik səhnəsində nümayiş etdiriləcək.
 
Növbəti tamaşa teatrın azyaşlı tamaşaçıları üçün nəzərdə tutulub. Pərvin Nurəliyevanın səhnələşdirdiyi “Qoğalın nağılı” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşada əsas rolları Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Ramil Məmmədov, Müşfiq Əliyev, Eşqin Quliyev canlandıracaq.
 





09.06.2014    çap et  çap et