525.Az

Bərdədə müharibə əlilləri və şəhid ailələrinin mənzillər paylanıb


 

Bərdədə müharibə əlilləri və şəhid ailələrinin mənzillər paylanıb<b style="color:red"></b> Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bərdə rayonunda inşa olunmuş dörd mərtəbəli 36 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olan vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, mənzillərin təqdim olunması mərasimində qurumun rəhbəri Səlim Müslümov çıxış edərək bildirib ki, son 10 ildə 5 minə qədər əlil və şəhid ailəsinin mənzillə, 4500-ə yaxın əlilliyi olan şəxsin avtomobillə təmin edilib: “Bu ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə təminatı başa çatdırılıb. Artıq biz dövlət başçısının 30 aprel 2014-cü il tarixli sərəncamının icrası olaraq, yaxın vaxtlarda bu ilin əvvəlinədək növbədə olan Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsinə başlayacağıq”.
 
S. Müslümov mənzillə təminat sahəsində də həyata keçirilən tədbirlərdən bəhs edib: “Bu il aprelin 25-də  Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış evi əlil və şəhid ailələrinə təqdim edilib, bu gün isə Bərdədə mənzillər verilir. İlin sonunadək Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evlərini əlil və şəhid ailələrinin istifadəsinə verəcəyik. Bununla yanaşı, 2014-cü il üçün Dövlət İnvestisiya Proqramı üzrə ayrılmış müvafiq vəsait hesabına Bakı şəhəri və ətraf qəsəbələrdə yeni tikilmiş binalardan əlil və şəhid ailələri üçün yeni mənzillərin satın alınması ilə əlaqədar nazirliyimiz tərəfindən açıq tenderin keçirilməsinə başlanıb. Yəni bu sahədə də həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mühüm irəliləyişlərin təmin olunması nəzərdə tutulur”.
 





13.06.2014    çap et  çap et