İyunun 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədris teatrında görkəmli nasir və dramaturq, Xalq yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş “Boy çiçəyinin ətri” adlı tədbir keçirilib.
AzərTAc xəbər verir ki, universitetin rektoru Fərəh Əliyeva tədbirin Prezident İlham Əliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il 16 yanvar tarixli Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb.
O, bildirib ki, gecənin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Xalq yazıçısı, XX əsrin böyük sənətkarı İlyas Əfəndiyevin şəxsiyyəti və yaradıcılığı haqqında söhbət açıb.O, qeyd edib ki, ömrünün 60 ilini yaradıcılığa həsr etmiş böyük sənətkar ədəbiyyata 1939-cu ildə yazdığı “Kənddən məktublar” hekayələr toplusu ilə gəlib.Nizaməddin Şəmsizadə görkəmli nasir İlyas Əfəndiyevin “Boy çiçəyi”, “Bahar suları”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” kimi əsərləri haqqında danışaraq bildirib ki, böyük sənətkar əsərlərini şirin, səlis dillə yazıb. Sözün qədrini bilən, sözü ucalara qaldıran İlyas Əfəndiyev istedadı və şəxsiyyəti ilə zirvədən-zirvəyə yüksəlib.
Tədbirdə xalq artistləri Amaliya Pənahova, Bəsti Cəfərova, Firəngiz Mütəllimova görkəmli dramaturqun pyeslərində oynadıqları rollar barədə söhbət açıblar. Qeyd ediblər ki, böyük sənətkarın yazdığı pyeslər ilə dramaturgiya və teatr tariximizdə “İlyas Əfəndiyev teatrı” yaranıb.
Vurğulanıb ki, ürəyi Azərbaycan üçün döyünən İlyas Əfəndiyev ədəbiyyatımızın və teatrımızın inkişafına çalışıb və bu da özünü onun yazdığı əsərlərdə göstərib.
Tədbirdə görkəmli yazıçının pyesləri əsasında hazırlanmış tamaşalardan lent yazıları, həmçinin universitetin tələbələrinin ifasında “On manatlıq lüstur” əsərindən epizod nümayiş olunub.
Eyni zamanda böyük sənətkarın əsərlərindən parçalar və vaxtilə görkəmli insanların onun haqqında söylədikləri fikirlər səsləndirilib, incəsənət ustalarının ifasında şeir və musiqilər dinlənilib.
Sonda İlyas Əfəndiyev haqqında onun ailə üzvlərinin söylədikləri fikirləri əks etdirən süjet təqdim edilib.