525.Az

Məmməd Aslanın yeni şeirləri


 

Söz məni səslədi, bu haya gəldim, Sözün arxasıyca dünyaya gəldim...

Məmməd Aslanın<b style="color:red"> yeni şeirləri</b>

 

SƏKSƏN YAŞDIR ...

 

Bütün varlığı ilahi səslərdən yoğrulub vücuda gəlmiş görkəmli bəstəkarımız Ramiz MİRİŞLİYƏ.

 

Yandım, elə yandım!..” xalqa car oldu:

Ürəyin kamandır, Ramiz Mirişli.

Səni sənə qoca göstərən zalım

Yaş deyil, gümandır, Ramiz Mirişli.

 

Bir xumar baxışlagəlsə bir mələk,

Səksən yaşdır ki, “Ay qəlbi kövrək?!..”

Yaşı yönü geri sayasan gərək,

Ruhun ki cavandır, Ramiz Mirişli.

 

Allahın həbibi ulu cəddindir!

Cəddin gətirən din müqəddəs dindir!

Sənin gül ürəyin dünyadan gendir;

İnamın imandır, Ramiz Mirişli!

 

Hardan qulağına gələr bu səslər;

Bu şirin bəstələr, dadlı nəfəslər?!

Dəryalar, qoynunda mirvari bəslər

Xəyalın ümmandır, Ramiz Mirişli.

 

Sənə cilvə satır büllur gözəllər,

Səni səndən yaxşı bilir gözəllər;

Hələ görüşünə gəlir gözəllər;

Qocalma, amandır, Ramiz Mirişli!

 

Desən ki: “qocaldım”, yaş basar səni;

Qəhər boğar səni, huş basar səni;

Axnayar qayalar-daş basar səni,

Bədbinlik yamandır, Ramiz Mirişli.

 

Çatıb qaşlarını, xəyala dalma;

Təpin qocalığa, tərkinə alma!

Səksəni yola sal, keyfindən qalma,

Bu da imtahandır, Ramiz Mirişli...

 

Tale alnımıza Haqdan yazılı:

Bir əmrə tabeyik, sözüm hasili!

qədər yaşasaq, Ondan asılı:

Qəlbinə damandı, Ramiz Mirişli.

Bakı

15 mart, 2014

 

YASƏMƏN İŞIĞINDA

             

Ürəklər titrədən bu nəva hardan,

Hələ cücərməmiş çöl-çəmən bu yaz.

Hardan gəlib çıxdın, binəva, hardan?!

Yaman tələsmisən, yasəmən, bu yaz?!

 

Bu, necə büsatmış; bu, cəlalmış!

Bir dəliqanlımı könlünü çalmış?!

Bu sevdadan boyun artmış-ucalmış;

şux bəzənmisən, ay sənəm, bu yaz!

 

Bir avaz vurnuxur könül simində,

Çox naçar qalmışam gül tilsimində.

Yarışa çıxmışıq yaz mövsümündə,

Ya sən yuxalmısan, ya sinəm bu yaz.

Biz iki damlatək göylərdən düşdük,

Tale rast gətirdi: burda görüşdük.

Bir qüdrət: – İç! – dedi. Biz ki, içdik!..

Ya tonqal çatılam, ya sönəm bu yaz.

 

Əhsən bu şuxluğa, bu gözəlliyə!

Hər salxımın məlhəm bir təsəlliyə!

Yüklü budaqların sınmasın deyə:

Qəbul etsən, olum əsa mən bu yaz.

 

Bir görüşərik zaman görüm,

Sənsiz göy görüm, asiman görüm!..

Ömrün uzun olsun, yasəmən, görüm!

Düyünə sən qənşər, yasa mən bu yaz...

 

O qış yön verdi ki, bu yaza döndüm.

Əngin fəzalarda pərvaza döndüm;

Fikirlər içində qəvvasa döndüm;

Bir özgə Məmmədəm, nəsə, mən bu yaz.

Gəncə,

25.04.2014.

 


XUDAFƏRİNDƏN

BƏNÖVŞƏ  SOVQATI

          

    Gözəlin taleyi çirkin olur, deyirlər

    Gözələ göz dikənin ...

  

Deyirlər, bir əfi ilan Baharın gözəl qızı Bənövşəni görüncə ona aşiq olur. Üzünə baxanın üzündən çalır, arxasınca gedənin dizindən...

Qəflətən qulağı çalır ki, Qurbani adlı bir aşıq onun bənövşəsindən ötrü dəli-divanə olmuş. Ona elə bir qoşma yazmış: bununla birdən-birə ərşi-əlaya qalxmış.

Əfi gecəni-gündüzə qatmış, Diri dağdan hərlənmiş, Xudafərin körpüsünün bir başında pusqu qurmuş.

Nağıl dili yüyrək olar: Dirili Qurban körpüyə yan alınca əfi onu əvvəl dizindən, sonra da sözündən çalmış...

Bənövşə haray salıb, ləçəklərini yolub tökmüş, el-obanı tökmüş Xudafərinə. Baharın ulu tərənnümçüsü olan Bənövşə şairini elə bu gözəl məkanda: Xudafərin körpüsünün o yaslı-yaralı başında dəfn etmişlər.

Xudafərin əvvəl bir tarixi məkandısa, bununla da ikiqat qudsallıq qazanmış.

lll

Xudafərin kəndinin Tanrıdan vergili şairi Əli Cavadpur bir bənövşə mövsümündə mənə zəng vurub, bəlkə minbirinci dəfə seyrinə düşdüyü bənövşədən o qədər kövrək danışdı ki, mən qocanı da riqqətə gətirdi. Doğrusu ki, yazmaya bilmədim Xudafərinin bənövşə sovqatını.

 

Əli zəng vurmuşdu Xudafərindən

Nur səltənətindən: “Xud afərindən.

Qurbani ruhunun qərar tutduğu

Araz kənarında Qırxlar pirindən.

          

Elə vəcdə gəlib Əli Cavadpur:

Ürəyi az qala köksündən qopur...

Qurbani qəbrindən qalxan bənövşə

Aşığa yepyeni aşiyan qurur.

 

Bənövşə hünərlə borcundan çıxmış,

çıxmışsa, tale bürcündən çıxmış!

Sidq ilə inanır Əli Cavadpur:

Bu bahar sehrli xurcundan çıxmış.

 

Qanadlı bir quşdan zirək bənövşə!

, uça bildikcə, görək, bənövşə!

Qonduğun yaxalar halalın olsun,

Köksümüz altında ürkək bənövşə!

 

Ay gözəl pəridi hər tər bənövşə!

Həyadan arlanar, pörtər bənövşə.

Bənövşə arından pay alsa dünya,

Bütün insanlığa yetər bənövşə.

 

Utancaq qızıdır bənövşə yazın;

Hərcayilər üzüb, utandırmasın!

Dərdinə dözmərik qan bənövşənin;

Bir yol boyun burub; bir burmasın!

 

Bir təki görməsin xətər bənövşə,

Üz versən, üzündə bitər bənövşə.

Mübarək koluna xoş yanaşmasan,

Baş alıb, dünyadan itər bənövşə.

 

Qurbani, qəbrindən, ey kaş dikələ!

Məzarı üstündə dönə heykələ!

Aşığa bənövşə gətirən göydən

Mələklər bir daha səcdəyə gələ.

 

Hələ qalmaqdaymış torpağın sehri!

Torpağın şeiridir bənövşə şeiri!

Yenə üstümüzdə yar olan Allah,

Nur versin, gür versin bizə bu mehri!


Bakı
,

10.05.2014.

 


DAŞBÜRÜNCƏKLİ
  DƏNİZ—3

 

Dənizi oxşarlar, qandallamazlar!

(Balı da anlamaz qəndanlamazlar!..)

Özünü bilməyən özgəni bilməz!

Yalandan and içər and anlamazlar.

 

Qopart sahili , soxul dənizə,

O qədər uzaqlaş, görünmə gözə.

Tənha yaşa görək vəhşət içində:

Hər yanın əjdaha, hər yanın gürzə...

Dəniz bütün xalqın!..Bir fərdin olmaz!

Xalqınla birsənsə, bir dərdin olmaz.

Təklənsən, daş üstdə qalmaz bir daşın;

Çiyinlik dirəyin, bir pərdin olmaz...

 

Birgə yaşamasan millətlə, soyla,

Dəniz timsah olar hər dalğasıyla:

Udar varlığını bircə həmlədə,

Qoruna bilməzsən beş-on əzayla.

 

Vətənlə dadlanır bu dünya mülkü,

Elsiz-günsüz ömür ömür deyil ki!

İsnişə bilmədin həmcinsin ilə,

İnsandır aləmin əzəli, ilki!

 

Allah yaratmışdı mübarək səni,

Necə uddu bu daş bürüncək səni?!

Sənin varlığından xəbər verən yox,

Sıyrıl, daş qınından, bir görək səni...

 

Dəniz, buruntaxlı, daş bürüncəkli,

Ona divan tutan mənəmlik cəhli.

Dördəlli qomarla Xəzəri təkcə,

Bumu əhliyətin, ey dünya əhli?!

 

Boylan bir aləmə: Gör çağ, çağdır!

Çağ sənin yerinə utanacaqdır...

Dənizə baxarlar, göyə baxarlar:

dəniz yasaqdır, göy yasaqdır.

 

Çəki-düzən arar haqqın nəzəri,

Korşalmaz, inşallah, sözün kəsəri!

Allahı sevərsən, mərhəmət göstər:

Burax dustaqlıqdan məhkum Xəzəri!!!


Bakı
, 31.03.2014


 

ONDA

 

Onunla dünyaya eyni ildə, eyni ayda gəlmişik: Mən Kəlbəcərdə; o, Borçalıda. Yaşıd olsaq da, elə əvvəl görüşümüzdən bəri onaOruc Qağademəkdəyəm.

Sazın sözün ömürlük heyranı olan şair Oruc Əlizadənin 75 yaşını dostlara xatırlatmaq keçdi könlümdən.

 

Qapın el-obanın üzünə açıq,

Bakıda borçalı azıydı onda.

Gələn, ünvanına gələrdi, birbaş;

Qışda qonaq gəlsə, yazıydı onda.

 

Dost-tanış solunda-sağında sənin,

Sumqayıt aranın, dağın da sənin.

Məclis səngiməzdi bağında sənin;

Səninki sazıydı-sözüydü onda.

Məlhəminlə sağalardı yaramız;

Vaxtdan əvvəl ballanardı qoramız.

Sənin bağ evində bizim aramız

Qurutlu xəngəllə sazıydı onda.

 

Salamlar-səfalar qədər xoşdu!

Sənin ovqatınla məclislər coşdu...

Nizamlar o qədər pozulmamışdı,

Qəlbər indikindən düzüydü onda,

 

O saz-söz məclisin əlaydı elə!

Kaş şirin ülfətlər qalaydı elə!

Bağın, bağ deyildi, qalaydı elə!

Ömür başdan-başa nazıydı onda.

 

Oruc bəy sözünü pünhanı yazdı,

Şeir yazdığını kimsə duymazdı.

Vəsfinə yazsam, soyuqdu, azdı;

Sinəsi atəşdi, közüydü onda.

 

Hörmətlər, izzətlər yerində imiş,

Ağıl, sahibinin sərində imiş!

Çoxunun astarı dərində imiş,

Adamlar astarsız özüydü onda.

Oruc Borçalının Cənnəti vardı,

Onun Zəlimxanı, Məmmədi vardı.

İnsanın insana hörməti vardı:

Feyzi ərənlər feyziydi onda.


Sumqayıt
,

04.04.2014.

 


XƏZAN
  YARPAQLARI  KİMİ

 

(Bir cavanlıq şəklimə)

 

Ah çəkərsən, of deyərsən bir zaman,

Keçən keçdi, daha düşməz bir d(ə) ələ.

Həsrətin çəkdiyim gözəl cavanlıq,

Buraxmaram, yaxan keçsə bir d(ə) ələ!

Bimar Əli.

 

Yaş irəlilədikcə cavanlıq şəkillərimlə bir söz-söhbətə girişmək şakərim var.

Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti Biologiya fakültəsinin dekanı, professor, ən əsası, körpəlik illərimin unudulmaz qəmxarı Yusif Əhmədov məni əlli il əvvəlki mənlə görüşdürdü. Ömrü uzun olsun, dünyanı bağışladı mənə...

  

Cavanlıq şəklini xoşlar qocalar;

Qışı yaz eşqiylə qışlar qocalar.

Dinlə, ya dinləmə; fərqinə varmaz:

Köhnə hekayətlər başlar qocalar.

  

Bu köhnə şəklim köhnə bir dost kimi mənə çox şeyləri xatırlatdı.

Mən ona...

  

Bu şəkil, doğrumu, bir vaxt mən olmuş?!

Bu şoran torpağım, o, çəmən olmuş...

Nəyim var talayıb, qeybə çəkilib;

Biryolluq üzülüb, məndən gen olmuş.

 

Ömrün əzabımı gözünə durdu?!

Səni məndən alıb, göyə uçurdu...

Sən məndən əlini çəkib gedəli,

Məni tənha görüb, dərdlər qudurdu.

  

Canı sən apardın, qaldı ki?!

Ağrılar, acılar mənə qaldı ki...

Şəhdü-şirəm getdi... Axırda mənə

Qəhərlə dopdolu sinə qaldı ki...

  

Taleyin bəhrəsi-barısan mənə;

Necə deyim məndən ayrısan mənə?!

Məni yarıtmadın, canın sağ olsun!

Bir qardaş olaydın bari sən mənə.

 

Qardaşlı bəxtəvər gülər bu yerdə;

Yazıqdı, düşməsin kimsə bu dərdə!

Məndən əvvəl ölüb altı qardaşım;

Bir dərd tapılarmı bundan betər ?!

 

Kim kimin dərdinə qulaq tutur ki?!

Dözümsüz min dərd var: boğaz yırtır ki...

Dilinə-ağzına yazığın gəlsin:

Can çəkən dərdlərin hara çatır ki?!

 

Dağlarda dövr edən bir qızıl quşdun!

Sənə neyləmişdim, nəyimdən qaçdın?!

Məni sənsiz qoydun, özünü mənsiz;

Ha yanda dolandın, harda dolaşdın?!

 

Cənnət havasına o Kəlbəcərin

Səni mən böyütdüm, yoxmu xəbərin?

Səni bəbəyimdə ərsə yetirdim

Yer tapa bilməzkən üstündə yerin.

 

Səni ölümlərdən adlatdım, quzum!

Əzrayılı belə aldatdım, quzum!

Təsəlli yedirtdim çörək yerinə,

Mən səni bir təhər uvatdım, quzum.

 

Səndən düz əlli yaş böyüyəm indi;

Sənə bir oxşarım var bəyəm indi?!

Maraqlanıb səni soruşan olsa,

Necə deyim onun nəyiyəm indi?!

Maşallah, gözlərin işıqla dolu!

Necə gümrahmışsan, ay atam oğlu!

Qapqara saçların keçilməz meşə;

Mən yurdsuz ixtiyar; sən Dəlidağlı.

 

Sehirlə yol tapıb, sənə dönsəydim!

Bir yol güzlügəlnib, bir öyünsəydim!

Tənginəfəs qalan bir zavallıyam:

Sənin ürəyinlə bir döyünsəydim.

 

Kaş səni həmişə qıs-qıvraq görüm!

Səni, bax, beləcə fərəhnah görüm!

Acı-qındı verib, kövrəltmə məni,

Çəkil bir tərəfə, sən Allah, görüm...

 

Tutmaz bir-biriylə ərkimiz daha,

Çətin ki, uyuşa şərqimiz daha.

Səni utandıran şəklə düşərəm;

Bəlkə çox artdı fərqimiz daha...

 

Sıxılma, Allahın işidir, quzum!

Pıçıltını belə eşidir, quzum.

Gen günü, dar günü verən Odur!

Kişi dar sınaqda kişidir, quzum.

 

Məndən sonra sənə kimsə əl atmaz;

Düşdüyün quyudan kimsə çıxartmaz.

Tükəndi, canımda tutar qalmadı;

Səni yaşatmağa taqətim çatmaz.

 

Sənin yazdıqların bəs-bəlli məndə!

Dəftərin qoşmalı-qəzəlli məndə.

Onlara xor baxıb, çox qürrələnmə,

Yararsız olsa da, təsəlli məndə...

 

lll

...Bir axşam hay düşdü: səndən soraq yox,

Qaranlıq basmışdı; əldə çıraq yox.

Gecə səslənirdi: “Tapmadınızmı?!”

Bir səs ağlayırdı: “Tapmadıq,

yox-yox!..”

 

O yığnaq, gözümdə çaş yuxu kimi,

Yaddaşımda təntik bir qorxu kimi.

Yanğısı səngimir o hekayətin

Sinəmi yandıran öd yaxı kimi.

 

Çiçək arxasınca getmişsən demə,

Çiçək qucaq-qucaq, gül ilmə-ilmə...

Yolu itirmisən qayıdanbaşı,

Bunun təfsilatı bir sicilləmə.

 

Qaralanda meşə, məxmər yamaçlar...

Ağac koğuşuna girmisən naçar.

Bağrına basıbdı o ağac səni

Necə övladını anası qucar.

Koğuşda salamat tapdılar səni,

Qulaq eşitmirdi ağız deyəni...

Təzədən itmişdin səs-küy içində:

Düyünə düşmüşdü sözün bəyanı.

 

atan, anan bir söz deyirdi;

Eləcə çənələr söz çeynəyirdi...

Heç kəsin başına daş atmırdılar,

Başlar özü gedib daşa dəyirdi.

 

Hakim gəzirdilər: hökmü yazmağa,

Fitva çatışmırdı: dardan asmağa.

Səni ittihama çəkirdi hər kəs:

gərək varmış ki, gedib azmağa?!.”

 

Ola ya olmaya beş yaşın onda,

qovğa çəkmişdi, gör, başın onda...

Yəqin ki, bunlardan xəbər tutmazdıq,

O ağac olmasa sirdaşın onda.

 

Sən xilas olmuşdun ağac sehrində,

O vaxtdan ağaca qondu mehrin .

İpəyə dönərdi ağac altında

Sənin qəzəbin , sənin qəhrin .

 

Koğuş sıxmamışdı, qurd yeməmişdi,

(Qurd hənrə həssasdı... Bu necə işdi?)

Üstünə gərilən qanad var demək!

Sənin bu macəran dillərə düşdü.

Mənə səndən qalıb o haqq-hesablar,

Mənə səndən keçib şirin əzablar...

Neçə yol dağ yıxıb, təzədən qurdum!

Ürək çətin dözər, baş çətin tablar.

 

Ən kiçik dərdimi dilə gətirdim;

Sənin dərdin olar mənim dərdim.

Dərd olan dərdinin dili qıfıllı;

Açsam, suya açar; dağa deyərdim.

 

Mənimtək bağrını yax: mən ol, görüm!

Sənə baxdığımtək bax: mən ol, görüm!

Mən olmaqdan çıxıb, şəkil olmuşdun;

İndi şəkildən qalx: mən ol, görüm!

lll

Çox möhtac qalmısan bir quru cada;

Şükür, nəfsin gəzib səndən ucada!

Bir gilə söz üçün min gülə qondun:

Sən şeirə gəlmədin hazır xonçada.

 

Sözün əzabından aldın əcrini,

Canlı gül açılar sağlam qönçədə!

 

Üstünə möhnətlər ayaq açmasın,

Təpinmək zor olur bir qulunca da.

 

Şəkildən şəklə dəyişir insan!..

Ya qeyb olunca da... Ya qalınca da...

 

Leyla həmin güldür, Məcnun da bülbül!

Bülbül can verməzmi, gül solunca da?!

 

Görsə həmcinsinin qanı göllənmiş,

Ahu mələməzmi dağ yalınca da?!.

 

Bir ruha bürünüb, insan olmuşuq!

Vay onda ki: düşə ruh candan cüda!..

 

Buludlar yaş tökə; sel-sular daşa,

Ayağın altında qalmaya cada...

 

Bəşər Yaradandan uzaqlaşdıqca,

Dürlü fəlakətlər gəlir vücuda...

 

Bir Qələm nuruyla xalq işıq tapar!

Bir millət söykənər bir Qılınca da!!!

 

Hansı rəftar ilə yaşarsa bir xalq,

Oyanar, İsrafil şur çalınca da!!!


Bakı
,

10-12 may 2014.


 

DÜŞÜNCƏ QIĞILCIMLARI

 

Bu gecə Şəhriyar yuxuma girdi:

Allaha əl açıb nəsə deyirdi.

Yerdə unutduğu bilməcəsini

Göyün aynasından əzbərləyirdi.

lll

Söz məni səslədi, bu haya gəldim,

Sözün arxasınca dünyaya gəldim.

Uyuşa bilməyən süd gölü varmış:

Qaymaq tutsun deyə mən maya gəldim.

lll

Cismən yanmaq Haqdan bir rəvadırsa,

Onda Haqq naminə bürünmə yasa!

Səni ki pərvanə yaradıb Rəbin,

Yanğını bol verər, Haqq sənə yarsa!

lll

Səhərə çıxmağa uzun gecə var!

Gecədə qədər kor bilməcə var!

Ya qismət, Dan ata-atmaya sonda,

Zifri qaranlıq var; həm necə var!

lll

Bu axşam, sabahdan səs alıb nəsə:

Xəbərçi iblizlər verib səs-səsə.

Bir rəmmal çağırın bu sirrə vaqif:

Bəlkə şeytan susa, ötə vəsvəsə...

lll

Beşbetər pozuldu sən görən aləm,

İndi yazardın dünyadan, Xəyyam?

Uyuşum tapmırsa dil dodaq ilə,

işə yarar ki kağızla qələm?!

lll

Naqis mükəmməldən önə keçmədə,

Mənəvi dəyərlər yer dəyişmədə.

Göylər kişnədikcə torpaq çimçəşir,

Ağıl donub qalır bu didişmədə.

lll

Özünü zənn etdin: gülsən ədəbi!

O gülgün dərə gülün məbədi!

Qopan xəzanlardan ibrət almadın;

Guya dediyini sənə demədi...

lll

yaman azaldı zağlı misralar! –

Hər başı ilhama bağlı misralar...

Bir ucu yerdəydi, bir ucu göydə:

Dərəli misralar, dağlı misralar...

lll

Bəhsini çox çəkdik ərş ilə kürşün;

Sonu əvvəl olur minbir dönüşün!

Axşamdan-sabaha, sübhdən-axşama:

Bir səbir həddi var hər dirənişin”.

lll

Bu söz bazarının bazarbaşı yox;

Çəki-düzən verən bir fərraşı yox.

Dür alar, dürr satar yüzillər boyu:

Satan naşı çoxdu; alan naşı yox.

lll

Söz damaq dadıdır bir şərbət kimi,

Sözü saxlardılar xas sərvət kimi.

Şeiri baş üstünə qaldıran vardı:

Sözə baxardılar kəramət kimi.

lll

Getdi söz sahibi karlı şairlər,

Tanrı vergisindən varlı şairlər.

Getdi Vurğun kimi, Şəhriyar kimi

Mübarək zirvəsi qarlı şairlər.

lll

Bir qüdrət səngəri Dədə Ələsgər!

Sinəsindən qopan dillərdə əzbər!

Goreşən məxluqlar dağda da çoxdu;

Neyləsin Ələsgər, neyləsin səngər?!

lll

Gərək xalq qorusun xalqa məxsusu!

Gözlənilsin ərkan, Allah qorxusu!

Su arxa sığışsa, bağ-bağat verər!

Su kürrük eləsə, basar arxı su...

lll

İnsan kölgəsiylə tanınır müdam;

Adam sayılmaz ki, kölgəsiz adam!

Hərdən ki, kölgəmi qılınclayırsan,

Kaş biləsən, buna qədər şadam!..

lll

Buzdan da soyuqdu zamanın üzü,

Biz hələ diriykən unudur bizi.

Elə xəsisləşib, əlləri əsir:

Ömrə bədəl vermir beş arşın bezi.

lll

Vətən əldən getsə, hər kəsdən qabaq,

Yoxsulun başında çatlayar çanaq:

Qohum-qonşusu yox, bir qəmxarı yox,

Çevrəsi: hörgülü qəm qalaq-qalaq.

lll

Bu kasad bazarda ar alan yoxdu;

Çünki bu mətahı var olan yoxdu!

Burdan olan dünya o yandan satır:

Əlində-ovcunda ar qalan yoxdu!..

lll

Dünya etdiyimiz minnətə dəyməz!

Boylanmaq kafiymiş, ta ötə dəyməz!

Heçlikdən başlayıbheçliklə bitən

Bir ömür bu qədər zillətə dəyməz!


Bakı
,

May 2014.

 





17.06.2014    çap et  çap et