525.Az

MSK Tbilisidə bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb


 

MSK Tbilisidə bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb<b style="color:red"></b> Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 15-də keçirilmiş Tbilisi bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Trend xəbər verir ki, MSK-nın yekun məlumatına (seçki məntəqələrinin hamısında səslər hesablanıb) görə, hakim "Gürcüstan arzusu" koalisiyasının Tbilisi meri vəzifəsinə namizədi David Narmaniya səslərin 46,13 faizini toplayıb.

O, 50 faiz +1 səs baryerini keçə bilmədiyinə görə, çox güman iyunun 28-də seçkilərin II turu keçiriləcək.
Onun rəqibi müxalif "Vahid Milli Hərəkat"dan Nika Meliya (27,91 faiz səs) olacaq.

Tbilisi meri vəzifəsinə 14 nəfər iddia edir.

İlkin məlumata əsasən, Tbilisi Sakrebulo (şəhər şurası) seçkilərində hakim "Gürcüstan arzusu" koalisiyası 45,92 faiz səslə liderlik edir. İkinci yerdə "Vahid Milli Hərəkat"dır (26,18 faiz). Sakrebuloya 4 faizlik baryeri aşan partiya və bloklar keçib. Bunlar "Gürcüstan arzusu", "Vahid Milli Hərəkat", "Nino Burcanadze - Vahid Gürcüstan" bloku (10,51 faiz), "Gürcüstan Vətənpərvərlər Alyansı"dır (6,3 faiz).

Tbilisi Sakrebulo majoritar seçkilərində 25 yerdən 24-nü "Gürcüstan arzusu", bir yeri isə müstəqil deputat əldə edib.

Ümumilikdə seçkilərdə 20 partiya və 4 blok iştirak edib.
 





17.06.2014    çap et  çap et