525.Az

Zəngilan rayonunun işğalından 19 il keçir


 

Zəngilan rayonunun işğalından 19 il keçir<b style="color:red"></b>

Zəngilan rayonunun Ermənistan tərəfindən işğalından 19 il ötür.

1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonun – Zəngilanın işğalını başa çatdırıblar. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonunun ərazisi 700 kvadrat km, əhalisi isə 35 mindən çox olub.

1992-ci ilin yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın edirlər. Artıq döyüşlər intensiv xarakter almışdı. Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulur.

1993-cü il avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəlilədilər. Rayon mərkəzinin mühasirəyə düşmək təhlükəsi daha da artdı. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuşdur. Bununla da Zəngilanın mühasirəsi başa çatdırıldı.
Düşmən əsasən Zəngilan üzərinə üç istiqamətdə hərəkət edirdi:

Mehri istiqamətində hərəkət edən işğalçılar yüksəklikləri ələ keçirib, Vəjnəli və Ağbənd kəndlərini işğal etdilər.

Qafan istiqamətində hərəkət edib Burunlu, Şayıflı, Göyəli kəndlərini tutub rayon mərkəzinə gedən yola çıxdılar.

Qubadlının işğal edilmiş (1993-cü il 31 avqust) ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbiz kəndləri və Ağbiz yüksəkliklərini ələ keçirirlər.

Təxminən 34 min əhali İran sərhədinə-Araz çayının kənarına toplaşır. Gur sulu Araz çayını isə keçmək mümkün deyildi. Azərbaycan rəhbərliyi İran hökuməti ilə danışıqlar apardı və İran tərəfi Araz çayı üzərindəki bənddə suyu bağladı. Yalnız bundan sonra əhali çayı keçib xilas olur.
Zəngilanda ikinci Xocalı faciəsinin baş verməsinin qarşısı alındı. Mülki əhali İran ərazisinə keçərək erməni soyqırımının qurbanına çevrilmək təhlükəsindən qurtarıblar.

Bununla belə, rayonun erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb. Hazırda Zəngilanın 35 min nəfərlik əhalisi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.

Hazırda ermənilər Zəngilan rayonu ərazisində ekoloji terroru davam etdirirlər.

Ermənilərin törətdiyi mütəmadi yanğınlar nəticəsində rayon ərazisinin böyük bir hissəsi külə dönüb, yaşıllıqlar, qoruqlar, qiymətli ağaclar ermənilər tərəfindən tamamilə qırılaraq məhv edilib.

 





29.10.2012    çap et  çap et