525.Az

Türkiyəli yazarlar Vaqif Səmədoğluna şeir tacı taxdılar


 

Türkiyəli yazarlar Vaqif Səmədoğluna şeir tacı taxdılar<b style="color:red"></b> Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, “Aşıq Şəmşir Ocağı” İB-nin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə keçirilən “Azər­baycandan Türk Dünyasına könül körpüsü” adlı layihə çərçivəsində Azərbaycanda olan, qardaş Türkiyə və İraqı təmsil edən 20-yə yaxın tanınmış şair, yazıçı və ədəbiyyatşünas xalq şairi Vaqif Səmədoğlunu evində ziyarət ediblər.

Lent.az-ın məlumatına görə, Q. Paşayeva qardaş Türkiyənin ədəbi-ictimai sektorunda nüfuz sahibi olan dəyərli insanların, o cümlədən çox nüfuzlu şair Cemal Safinin bu heyətdə yer almasını Azər­bay­cana, ədəbiyyatımıza bəslənən münasibət, sevgi və sayğı kimi xarakterizə edib.
 
 
O, Kapadokiya Şeir Şölənlərində son illər formalaşmış ənənəyə uyğun olaraq, bu il də fəxri “şeir tacı” sahiblərinin seçildiyini, onlardan birinin dəyərli şairimiz, hamımızın sevimlisi Vaqif Səmədoğlu olduğunu deyib. Sonra türkiyəli şairlər tərəfindən “şeir tacı” xalq şairi Vaqif Səmədoğluna təqdim olunub.
 
Vaqif Səmədoğlu bu təltifdən məmnun olduğunu deyərək, belə bir qərar qəbul etmiş qardaş ölkənin şair və yazarlarına təşəkkür edib. Xalq şairinə üzərində qızıl suyu ilə Atatürkün rəsminin əks olunduğu qələmi hədiyyə edən heyət ona Türkiyə ədəbiyyatına göstərdiyi xidmətlərindən dolayı bir daha təşəkkür edib.
 
Qonaqlar Vaqif Səmədoğluna Türk ədəbiyyatı qarşısında xidmətlərinə görə tacla yanaşı, xüsusi mükafat və "Onur belgesi" ilə mükafatlandığını deyiblər və onları da xalq şairinə təqdim ediblər.
 
Görüşdə xalq şairinin yubileyi münasibəti ilə tort kəsilib, səmimi söhbət çay süfrəsi arxasında davam edib.
 





20.06.2014    çap et  çap et