525.Az

Prezident Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə əlavə səlahiyyət verdi


 

Prezident Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə əlavə səlahiyyət verdi<b style="color:red"></b> Xarici dövri mətbu nəşrlərin Azərbaycan ərazisində yayımlanması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin razılığı vacib olacaq.

525.az-ın verdiyi məlumata görə, bu, Azərbaycan Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Əsasnaməsində əksini tapıb.

Əsasnamədə “Kütləvi informasiya vasitələri haqqında” qanun ilə müəyyən edilmiş hallarda təsisçisinin və ya redaksiyasının daimi yeri Azərbaycandan kənarda olan xarici dövri mətbu nəşrlərin ölkə ərazisində yayılmasına razılıq vermək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifələri sırasında qeyd edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Əsasnaməsinə görə, rabitə və yüksək texnologiyalar nazirinin  Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və iki müavini olacaq.

Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını birinci müavininə və ya müavinlərindən birinə tapşıra bilər. Nazirlikdə nazirdən (kollegiyanın sədrindən), nazirin birinci müavinindən, nazirin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbərindən və nazirliyin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bazasında yaradılıb. Rabitə və informasiya texnologiyaları nazirinin Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olub.
 





21.06.2014    çap et  çap et