525.Az

Əbülfəs Qarayev Moskvaya səfər edib


 

Əbülfəs Qarayev Moskvaya səfər edib<b style="color:red"></b> Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyasında rəsmi səfərdədir.

525.az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Səfər çərçivəsində Rusiyanın Mədəniyyət Nazirliyində "Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində 2014-2016-cı illər üçün əməkdaşlıq proqramı" imzalanıb. Sənədi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Rusiyanın mədəniyyət naziri Vladimir Medinski imzalayıblar.

Nazir Əbülfəs Qarayev idarələrarası əməkdaşlıq proqramının imzalanmasından sonra jurnalistlərə bildirib ki, iki dövlət arasında humanitar siyasət sahəsində əməkdaşlıq haqqında dövlətlərarası müqavilə mövcuddur. Bu müqavilə elm, mədəniyyət, təhsil və digər sahələri əhatə edir.

Ə. Qarayev deyib: "Ümidvarıq ki, iki ildən sonra biz yenə də müqavilə imzalayacağıq və birgə səylərimizi bu müqavilə çərçivəsində davam etdirəcəyik".

Azərbaycan ilə Rusiya arasında dövlətlərarası və mədəniyyətlərarası səviyyədə qarşılıqlı münasibətlərin həmişə yaxşı və səmərəli inkişaf edən münasibətlər olacağına əminliyini bildirən Ə. Qarayev deyib: "Bunun üçün biz işimizi planlaşdırmalıyıq".

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bildirib: "Rusiya ilə Azərbaycanı təkcə müqavilə deyil, həm də istər nazirlik, istərsə də regionlar səviyyəsində daimi sıx fəaliyyət bağlayır. Bir sıra regionlar Azərbaycanın mədəniyyət müəssisələri ilə birbaşa çox səmərəli işləyirlər".

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Bakıda keçirilən Ümumdünya Forumunda iştirakından söz açan Rusiya naziri vurğulayıb ki, Forumda Prezident İlham Əliyev kimi MDBMİ-ni bitirən bir neçə dövlət başçısı və müxtəlif ölkələrin nazirləri iştirak ediblər.

V.Medinski deyib: "Prezident İlham Əliyev MDBMİ-də mənə beynəlxalq münasibətlərin tarixindən mühazirələr oxuyub".

Rusiyanın mədəniyyət naziri vurğulayıb ki, ölkələrimiz arasındakı münasibətlər bundan sonra da genişlənəcək və möhkəmlənəcək.

Bildirilib ki, iki dövlətin ərazisində sərgilərin, habelə teatrların və ifaçılıq kollektivlərinin qastrollarının təşkil edilməsi, kinematoqraf sahəsində qarşılıqlı fəaliyyətin dəstəklənməsi, ixtisasartırma üçün şəraitin yaradılması, müəllimlərinin yaradıcılıq təcrübələrinin öyrənilməsi, mədəni irsin qorunub saxlanılmasına və bərpa edilməsinə dair informasiya mübadiləsi idarələrarası əməkdaşlıq proqramının prioritet vəzifələridir.

Ardınca Nazir Əbülfəs Qarayev fəxri qonaq qismində 36-cı Moskva Beynəlxalq Kinofestivalının açılış mərasimində iştirak edib.
 





21.06.2014    çap et  çap et