525.Az

Moskvada Qara Qarayevin xatirə lövhəsinin təntənəli açılışı olub


 

Moskvada Qara Qarayevin xatirə lövhəsinin təntənəli açılışı olub<b style="color:red"></b>

Rusiya paytaxtında böyük Azərbaycan bəstəkarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq Artisti Qara Qarayevin xatirə lövhəsinin təntənəli açılış mərasimi olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərasimdə Azərbaycan baş nazirinin I müavini Yaqub Eyyubov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rusiya mədəniyyət nazirinin müavini Nikolay Malakov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti Məmmədbağır Əliyev, Rusiyanın tanınmış siyasət, mədəniyyət və incəsənət xadimləri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri və media nümayəndələri iştirak ediblər.
 
Xatirə lövhəsi paytaxtın Tryoxprudnıy döngəsində, bəstəkarın vaxtilə yaşadığı mənzilin yerləşdiyi binada qoyulub. Xatirə lövhəsinin müəllifləri azərbaycanlı heykəltəraş Hüseyn Haqverdi və arxitektor Pyotr Kozlovdur.
 
Təntənəli açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu günün onun üçün xüsusilə əlamətdar bir gün olduğunu söyləyib. "Hər şeydən əvvəl ona görə ki, Qara Qarayev mənim müəllimim olub", - deyə o vurğulayıb.
 
Moskva meriyasının Mədəniyyət Departamentinin rəhbəri Sergey Kapkov isə çıxışı zamanı mer Sergey Sobyaninin təbrik məktubunu oxuyub.
 
Sonra Rusiya mədəniyyət nazirinin müavini Nikolay Malakov çıxış edib. O, iyunun 19-da Rusiya Mədəniyyət Nazirliyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq proqramı imzalandığını söyləyib.
 
Mərasimdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük Azərbaycan bəstəkarının xatirə lövhəsinin açılmasına göstərdikləri köməyə görə Moskva hökumətinə və Rusiya Mədəniyyət Nazirliyinə Azərbaycan prezidenti İlham Əliyevin təşəkkürünü çatdırıb.
 
Qara Qarayevin oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayev isə atasının xatirəsinə göstərilən diqqətə görə ailəsi adından bu işdə əməyi olanlara təşəkkürünü bildirib.
 
Mərasimdə SSRİ xalq artistləri - dirijor Vladimir Fedoseyev, Boris Akimov, Dövlət Dumasının MDB ilə iş üzrə Komitəsinin sədri Leonid Slutski və başqaları çıxış ediblər.

 





21.06.2014    çap et  çap et