525.Az

“Vətəndaş cəmiyyəti institutları üçün qanunvericilik bazası yönündə lazımi addımlar atılıb”


 

“Vətəndaş cəmiyyəti institutları üçün qanunvericilik bazası yönündə lazımi addımlar atılıb”<b style="color:red"></b>

Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü il tarixində yenidən hakimiyyətə gəlişindən sonra ölkədə bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutları, QHT-lər inkişaf mərhələsinə qədəm qoydular. Ölkədə Milli QHT Forumu və digər QHT koalisiyaları formalaşdı. Qanunvericilik bazasının yaradılması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə “Qrant haqqında”, 2000-ci ildə isə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlar qəbul edildi.

 Prezident İlham Əliyevin təşəbbüsü və tövsiyəsi ilə QHT-lərə dövlət dəstəyinin əsas prinsip və istiqamətlərini müəyyənləşdirən sənəd hazırlandı və dövlət başçısı tərəfindən təsdiq edildi. “Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” adlanan bu sənədə uyğun olaraq, 2007-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yarandı. Bu gün Şura üzərinə düşən missiyanı uğurla yerinə yetirir və QHT-lərin vətəndaş cəmiyyətinin inkişafında öz layiqli yerini tapması üçün böyük iş görür. Hər il yüzlərlə QHT-nin ictimai maraqlar naminə, vətəndaş cəmiyyətinin inkişafı məqsədilə irəli sürdüyü ideya, təkliflər diqqətlə öyrənilir, ən aktual layihələr dəstəklənir. Bu gün QHT-lər yalnız paytaxtda deyil, həmçinin regionlarda da fəaliyyət göstərir, bir sıra istiqamətlərdə layihələr həyata keçirirlər.Millət vəkili Fazil Mustafa Azərbaycan müstəqillik qazandıqdan sonra vətəndaş cəmiyyəti quruculuğu, QHT-lərin inkişafı sahəsində vacib addımlar atılıb.


Fazil Mustafanın sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, onun əsas institutlarından olan QHT-lərin yaranması və inkişafı istiqamətində müəyyən işlər görülüb və uğurlar əldə edilib. Millət vəkili bildirib ki, vətəndaş cəmiyyəti institutlarının yaranması qanunvericilik bazasına söykənməli idi. Bu istiqamətdə də ölkədə lazımi addımlar atılıb. Azərbaycan Avropa qurumları ilə beynəlxalq  konvensiyalar üzrə daha ciddi araşdırmalar apararaq, qanunvericilikdə bunun bütün parametrlərini müəyyənləşdirdi və qeyri-hökumət təşkilatları, onların fəaliyyəti haqqında, maddi və digər işləri ilə bağlı qanunvericiliyə maddələr salındı.

F.Mustafa hesab edir ki,    QHT-lər istənilən ölkədə vətəndaşın olduğu bütün sahələrdə olmalıdırlar: “Onlar əsasən milli, dini sahələr, fiziki qüsurlu insanlarla bağlı daha çox təşəbbüslər irəli sürməlidirlər. QHT-lərin fəaliyyəti yuxarıda qeyd etdiyim sahələrdən başlamış, beynəlxalq sahəni, insan haqları, qadın hüquqları, gender bərabərliyi, bir sözlə,  bütün sahələri əhatə etməlidir. Onlar dövlətin siyasətinin formalaşmasına təsir göstərəcək vətəndaş cəmiyyətləri institutları olmalıdırlar”.

Millət vəkili dünyada QHT-lərin fəaliyyətinin böyük tarixi olduğunu vurğulayıb. Onun sözlərinə görə, zaman keçdikcə Azərbaycanda da vətəndaş cəmiyyəti öz mahiyyətinə görə Avropa modelinə uyğun olaraq tam bərqərar olacaq: “Bütün dünyada belədir ki, vətəndaş cəmiyyəti daha çox dövlətin girə bilmədiyi sahələrə müdaxilə etməyə çalışır”.

Azərbaycanda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasına diqqət çəkən F.Mustafa əlavə edib ki, bu qurum fəaliyyətə başlayandan sonra QHT-lərə dövlət dəstəyi ilə bağlı addımlar atılmağa başladı. Ən müxtəlif yönümlü layihələrə dövlət tərəfindən qrantlar ayrıldı. Millət vəkili bunlar hamısının müsbət hallar olduğunu vurğulayıb.

F.Mustafa hesab edir ki, QHT-lərin fəaliyyətində prioritet istiqamətlərdən biri məhz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyada yayılması, bununla bağlı güclü təbliğat işinin aparılması olmalıdır: “Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı davam edir, eyni zamanda xalqımıza qarşı müxtəlif zamanlarda soyqırım aktları həyata keçirilib. Yaxın tariximizdə bunun bir nümunəsi Xocalı soyqırımıdır. Artıq bir sıra ölkələrin parlamentləri, o cümlədən ABŞ-ın bəzi ştatları Xocalı soyqırımını tanıyıb. Bu istiqamət QHT-lərin fəaliyyətində mühüm bir sahə,əsas prioritet olaraq davam etməlidir. Həm də bu istiqamətdə daha effektli layihələr həyata keçirilməlidir”.

F.Mustafa onu da deyib ki, vətəndaş cəmiyyəti institutları təmsilçiləri xarici QHT-lərlə əməkdaşlıq edir, birgə tədbirlər reallaşdırırlar. Belə tədbirlər də Qarabağ həqiqətlərinin təbliğində vacib rol oynayır.

Millət vəkili xalq diplomatiyasının aparılmasında da vətəndaş cəmiyyəti institutlarının roluna toxunub: “Bir neçə il əvvəl xalq diplomatiyası sahəsində müəyyən addımların atıldığını müşahidə etdik. Xalq diplomatiyasının hansısa böyük nəticələr verə biləcəyini gözləmək olmaz. Amma müəyyən təmasların qurulması, gərginliyin aradan qaldırılması üçün bunun əhəmiyyəti ola bilər. Çünki xalq diplomatiyası ilk növbədə icmalarla çalışma məsələsidir. İcmaların sosial problemləri, qayğıları, istəkləri, psixoloji aqressivliyin aradan qaldırılması, bütün bunlar kompleks şəkildə çalışma sahələri kimi götürülür və bu zaman artıq vətəndaş cəmiyyətinin ölkə həyatına daha çox təsirindən danışmaq olar.

Əlbəttə, onu da nəzərə almaq lazımdır ki, ermənilər istənilən təmasdan ya qaçırlar, ya da aqressivlik nümayiş etdirərək tədbiri pozurlar”.

F.Mustafa QHT-lərə Dövlət Dəstəyi Şura tərəfindən Qarabağa dair həqiqətlərin dünyada təbliği və yayılmasına daha çox diqqətin ayırmasını təqdir edib: “Bu, çox müsbət haldır. Çünki  söhbət Azərbaycan üçün strateji və prioritet təşkil edən sahədən gedir. Burada aktiv iştirakla vətəndaş cəmiyyəti institutları dövlətə daha çox kömək  edib, problemin həlli istiqamətində dövlət siyasətinin formalaşmasına yardım edə bilərlər”.

Azərbaycanda 3 mindən artıq QHT-nin fəaliyyət göstərdiyini vurğulayan millət vəkili onların arasında həm fəal, həm də formal  QHT-lərin olduğunu deyib: “Amma sevindirici haldır ki, hazırda fəal QHT-lər kifayət qədərdir. Hesab edirəm ki, bəzi QHT-lərin zəif olması bələdiyyə institutlarının zəif olmasından qaynaqlanır. Bələdiyyələrin hüquqlarının kifayət qədər olmaması yeni təşəbbüslərə təsir göstərir”.

F.Mustafanın sözlərinə görə, Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən hər bir QHT birinci növbədə milli və dövlət maraqlarının qorunmasında öz töhfələrini verməlidirlər: “ QHT-lər həm də Azərbaycan vətəndaşlarının könüllü birlikləridir, Azərbaycan vətəndaşının da dövlət qarşısında hüquq və vəzifələri var. Bu hüquq və vəzifələr istər təşkilat, hüquqi şəxs formasında, istər fərdi formada olsun, həmişə nəzarətdə saxlanılmalı, həyata keçirilməlidir. Onlar mənəvi məsuliyyət daşıyırlar, ona görə də ölkənin ümummilli məsələlərin həllində də fəallıq göstərməlidirlər. Bu yalnız ölkə daxilində deyil, onun sərhədlərindən kənarda da olmalıdır. Bilirsiniz ki, Azərbaycan QHT-ləri beynəlxalq arenada da ölkəmizi təmsil edir, onun maraqlarının qorunmasında aktiv rol oynayırlar. Bunlar hamısı ümummilli maraqlara xidmət mənasına gəlməkdədir, bu sahədə tək QHT-lər deyil, hər kəs aktiv olmalı, milli, dövlət maraqlarımızın qorunmasına öz töhfələrini verməlidirlər”.

PƏRVANƏ

 





23.06.2014    çap et  çap et