525.Az

Üz köçürülməsi, yeni qulaq tikilməsi əməliyyatı keçiriləcək


 

Üz köçürülməsi, yeni qulaq tikilməsi əməliyyatı keçiriləcək<b style="color:red"></b>

Tezliklə Azərbaycanda insanlara üz köçürülməsi, yeni qulaq tikilməsi əməliyyatı keçiriləcək. İlk dəfə olaraq tətbiq ediləcək bu əməliyyat üçün artıq bəzi problemlər həllini tapıb.

Bu fikirləri APA TV-ə Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərov deyib.

Səhiyyə işçilərinin peşə bayramı günündə verilişdə iştirak edən plastik-estetik cərrah bildirib ki, problemlərə rəğmən səhiyyə sahəsi xeyli inkişaf edib. Onun sözlərinə görə, plastik cərrahiyyədən tutmuş, böyrək ürək əməliyyatına kimi bir sıra ilklərə imza atılıb: "İndi səhiyyəmizdə həm texniki baza, həm də kadr baxımından istənilən əməliyyatı etmək mümkündür. Xaricdə təhsil alan gəncləri dövlət müəssisələrində çalışmağa cəlb edirlər. Bu, çox vacib məqamdır. Qiymətlər də zaman-zaman aşağı düşür. Məsələn, bu gün Azərbaycanda burun əməliyyatı təxminən 1500 manata başa gəlirsə , Türkiyədə bu əməliyyat 2000 manatadır, üstəlik otel, gediş xərcləri də bunun üzərində gələndən görürsünüz ki, bizdən xeyli bahadır".

Bütün bunlara rəğmən hələ də Azərbaycanda vətəndaşların xaricə üz tutduğunu deyən uzman doktor bildirib ki, bunun başlıca səbəbi insanların həkimlərə inamının az olmasıdır: "Bu, insanların psixologiyası ilə bağlı olan bir məsələdir. Vətəndaşların İrana getməsi o demək deyil ki, oradakı həkimlər daha güclüdür. Fikrimcə, bu, daha çox inamsızlıqla bağlıdır. Bir qədər imkanı olanlar İrana, daha elit xidmət görmək istəyən təbəqə isə Avropaya , Türkiyəyə üz tutur. Amma bu da bir faktdır ki, bəzən insanlar xaricə getdiyimə peşman olur, bəzən səhv müalicələrin qurbanı olublar".

Vüqar Ələkbərov hesab edir ki, Azərbaycan səhiyyəsinin ən ciddi problemi sığorta sisteminin işləməməsidir: "İlk növbədə sığorta sistemi yaradılmalıdır. Türkiyədə sığorta sisteminə görə heç kəs belə problemlə qarşılaşmır. Sığorta məsələsi həllini taparsa, xeyli irəliləyiş olar. Tibbi sığorta çox vacib amildir".

Tibb Universitetində əlavə kafedraların yaradılmasına ehtiyac olduğunu deyən uzman doktor hesab edir ki, müasir tibblə ayaqlaşmaq üçün bir sıra yeniliyə ehtiyac var: "Məsələn, hansısa rayonda bir nəfər yanıq xəsarəti alır. O adam bizə çatdırılana kimi yanlış diaqnozun, yanlış həkim müdaxiləsinin qurbanı olar. Ona görə kafedralar böyüdülməlidir. Avadanlıqlar daha da gücləndirilməlidir. Azərbaycanda demək olar ki, əksər xəstəxanalar təmir edilir, köhnələr tam müasir şəraitdə yenidən qurulub, bu, çox müsbət haldır. Amma bununla paralel savadlı mütəxəssislərin də sayı artırılmalıdır. 10 il öncə Azərbaycanda heç bir plastik cərrah yox idi. Bu gün isə var və hətta bu əməliyyatlar bir sıra ölkələrdən ucuz və çox keyfiyyətli başa gəlir. Hətta bu gün biz sadəcə estetik deyil, rekonstruktiv, yanıq bərpası, kombinə estetik əməliyyatlar da həyata keçiririk".

 





23.06.2014    çap et  çap et