525.Az

Dövlət Komissiyasının sədri dövlət qurumlarından şikayətləndi: "Məlumat vermirlər..."


 

Dövlət Komissiyasının sədri dövlət qurumlarından şikayətləndi: <b style="color:red"> "Məlumat vermirlər..."</b> “Azərbaycanda bəzi dövlət qurumları vakant vəzifələrlə bağlı məlumatları Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etmirlər”.
 

APA-nın xəbərinə görə, bunu Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov deyib. Komissiya sədri bildirib ki, bəzi dövlət orqanları vakant yerlərlə bağlı komissiyaya tam məlumat vermirlər. Komissiyanın 200-ə yaxın dövlət qurumu ilə əməkdaşlıq etdiyini deyən B. Xəlilovun sözlərinə görə, elə yerlər var ki, vakant yer olsa da, orada işlə təminat məsələsində müəyyən problemlər yaranır: “Bu ildən başlayaraq dövlət qulluqçularının reyestrinin yeni proqram təminatını işləyib hazırlamışıq. Proqram təminatı hansı vəzifələrin vakant olması, dövlət orqanlarının bizə vakant yerlər təqdim edib-etməməsi barədə məlumat almağa imkan verəcək. Qanunda qeyd edilib ki, bütün vakant yerlərlə bağlı komissiyaya məlumat verilməlidir. Müddətli müqavilə ilə çalışan dövlət qurumlarında sui-istifadəyə yol verilə bilər. Ancaq qeyd edim ki, müqavilə ilə çalışan şəxslər dövlət qulluqçusu statusu daşımırlar və gələcəkdə dövlət qulluqçularının əldə etdiyi imtiyazlardan istifadə edə bilməyəcəklər”.
 
Dövlət qulluğuna keçirilən müsabiqənin hər iki mərhələsindən uğurla keçən namizədlərin ehtiyat olaraq saxlanılması və onların işlə təmin olunmasının uzun zaman alması məsələsinə də toxunan B. Xəlilov əlavə edib ki, bu fikir yanlışdır. O qeyd edib ki, bu günə kimi komissiya ehtiyatda olan namizədlərdən 300-400 namizədin dövlət qulluğu vəzifələrinə təyin olunmasına nail olub: “Bəzən elə hallar olur ki, bir vəzifəyə 3, 4, 5, 6, hətta 7 nəfər keçən olur. Belə olduğu halda komissiya və ya dövlət orqanının rəhbəri heç kimi vəzifəyə təyin etmir. Bir nəfər seçilir, digərləri isə ehtiyatda qalır”.
 





23.06.2014    çap et  çap et