525.Az

Tək Anar, təkcə Anar və ya gecikmiş məktub


 

Tək Anar, təkcə Anar və ya gecikmiş məktub<b style="color:red"></b>

Yazıçılar Birliyinin yubileyinin keçirildiyi Muğam Teatrında dünən əlinizi sıxıb, təbriklərimi bildirdim.

Amma tədbirdən sonra evə gələrkən yolboyu son iki günün məndə yaratdığı ovqat aldığım təəssürat bu məktubu yazmaq istəyini oyandırdı. Sözlərimi Sizə zəng edib telefonla da çatdıra bilərdim. Amma elə olan halda söyləyəcəklərimi sadəcə Siz eşidəcəkdiniz. Mən isə düşündüklərimə milyonların şahid olmasını istədim. İstədim bu yazını oxuyan hər kəs bilsin ki, Siz bir əsilzadəlik, nəcabət timsalısınız. İstədim bu yazını oxuyan hər kəs bilsin ki, Siz alicənablıq mərdlik ünvanısınız. İstədim bu yazını oxuyan hər kəs bilsin ki, Siz sadəcə qələminizlə deyil, bütün varlığınızla ziyalısınız. İstədim bu yazını oxuyan hər kəs bilsin ki, siz ədəbiyyatımızın vuran ürəyisiniz.

Bu yazını oxuyanların bunu da bilməsini istəyirəm ki, mənim bu məktubuma əsla ehtiyacınız olmadığı qənaətindəyəm. Haqqınızda ən böyük sözu elə öz əsərləriniz deyib. Ən uca abidənizi elə öz qələminiz yüksəldib. Ən ali nüfuzunuzu elə öz əməyiniz qazandırıb. Bir insanı onun özundən yaxşı heç kim tanıya tanıda bilməz. Yazdıqlarınız Siz özünüzsünüz. Etdikləriniz Siz özünüzsünüz. Deməli Siz yaxşıların yaxşısısınız.

Niyə sizə dillər uzananda o dillərə cavab vermədim? Niyə onlara yetər, içinizdəki bu kini, bu özünü bəyənmişliyi, bu həsədi boğun, yox edin, dünyaya əsl insan gözləriylə baxın demədim? Niyə hər kəs dünyaya bir missiya ilə gəlir ulu Tanrı hər kəsi eyni yaratmır, hamıya eyni payı vermir, demədim? Sadəcə, bir dəfə bir müsahibəmdə Sizinlə bağlı bir sualı cavablandırarkən, atılan daşları qaldırmamağı, Sözünüzün qarşısında çox zəif görünən o sözcüklərə cavab verməməyi istədim Sizdən, vəssalam bu qədər. Görünən kəndin bələdçisi olmaz, deyib atalar.

Aydındır şeirin dili, elə aydındır bu dil, nadan min il oxusun, anlamaz”, bunu da atanız demişdi bundan 70 il əvvəl. Sizin əməliniz, qələminiz o qədər aydındır, o qədər təmizdir ki, nadan ha çalışsın, ha vuruşsun Sizə çata bilməz, Sizi yenə bilməz. “Yel qayadan apararmisalı. Elə yəqin həmin düşüncə ilə mən Sizi müdafiə etməyə ehtiyac görməmişdim o zamanlar. Bir ki, hansımız Sizdən daha güclü, daha sərrast, daha mühüm bir söz deyə bilərik ki?

Deyirlər ki, bir insanın formalaşmasında ədəbiyyatın rolu böyükdür. Buna şübhəmiz yoxdur. Yüzdə yüz doğrudur.

Mən limanin ağappaq dalğalarında böyümüşəm, “Macalda sevdiklərin üçün zamanında macal tapmağın vacibliyini anlamışam, “Dantenin yubileyində Kəbirlinskiyə həm gülmüşəm, həm üzülmüşəm, “Yaxşı padşahın nağılında həqiqi yaxşı padşah axtarmışam, “Beşmərtəbəli evin altıncı mərtəbəsi yüksələn sonra heç vaxt olmayan bir mərtəbədə bir anda yox olan Təhminənin dünyanı yalnız beşmərtəbə hüdudunda dərk edənlər tərəfindən heç bir zaman anlaşılmayacaq böyük kədərinə ağlamışam, “Gürcü familiyasında uşaqlığımı axtarmışam, “Adamın adamında adamsız adam olmağın istehzasını dadmışam , “Anlamaq dərdinizi sizinlə birlikdə paylaşmışam...

Bir yeniyetmənin formalaşmasında bir əsər, bir yazıçı qədər önəmli ola bilərsə, mənim ədəbi duyumumun şəkillənməsində dünyanın gərdişindən baş açmağımda yüz o qədər payınız var. Mən mənim ədəbiyyat oxuyan nəslimə hələ yeniyetməlik yaşımızda oxucunuz olaraq təqdim etdiyiniz əsərlərinizlə dünyanı dərindən dərk etməyə köməkçi olmuş, zəngin ədəbiyyat zövqü aşılamısınız.

Ən əhəmiyyətlisi odur ki, siz heç bir zaman yazdıqlarınızı zorla təlqin etməmisiniz, zorən qəhrəman yaratmamısınız. Personajlarınız özləri kumirə çevriliblər, seviliblər, oxunublar, yol göstəriblər.

Bu yaxınlarda bir tədbirdə mənim haqqımda dediniz ki, gənclərimiz analarını sevməyi Jalədən öyrənməlidirlər.

Amma siz yəqin ki, bilmirsiniz ki, mən valideyn sevgisini, valideyn yanğısını sizdən, sizinSizsizinizdən öyrənmişəm. Siz təbii ki, bunu da bilmirsiniz ki, atanız Rəsul Rzanın ölüm xəbərinin gəldiyi gün mən, onu heç bir zaman həyatda görməyən, ammaÇinar ömrü, “ filini, “Ezopunu, “Anamın laylası, “Nigaran suallarını, “Rənglərini, “Anamın gəlin qızı əzbər bilən 14 yaşlı bir qız, üzümü divara çevirib saatlarla hönkür-hönkür ağlamışdım. Dünyanın yalan günündə, 1 apreldə gələn bu xəbərin yalan olmasını arzulamışdım. Siz ötən həftə oğlunuz, mənim tələbə yoldaşım Turala (yeri gəlmişkən ölkəmizi çox böyuk bir ləyaqətlə Ərəbistanda-Küveytdə təmsil edən oğlunuz Tural Rzayev yeganə Səfirimizdir ki, Azərbaycanın dövlət bayramlarında, milli günlərində bizləri unutmur, uzaq qürbətdən vətənə göndərdiyi təbrik teleqramları ilə sevincimizə sevinc qatır, damarında bir sədaqət nəcabət qanı axdığını hər davranışıyla isbat edir) əlli yaşı münasibətilə yazdığınız məktubda belə 33 il əvvəl dünyasını dəyişən valideynlərinizi onları itirdiyiniz ilk günlərdə olduğu kimi nisgillə anırsınız. Məncə, valideyn sevgisini, onları yaşatmağı, haqq dünyasına qovuşduqdan sonra da onları hər an canlı tutmağı çoxları sizdən öyrənməlidirlər. Eynilə,“Min-min ana içində Anamı tanıyaram gözlərimi bağlasalar belə. Tanıyaram, ayaq basdığı torpağın qoxusundan, qəlbimə dolub boşalan onu itirmək qorxusundan“-deyən Rəsul Rza kimi.

Sizə olan böyük məhəbbət ehtiramımın kiçicik bir ifadəsi olan bu məktubumu sona çatdırarkən deyirəm, Siz Anarsınız. Heç kim hec sadəcə iki kəlmədən ibarət olan bu cümlənin gücünü azaltmaq imkanında deyil. Heç kim heç sadəcə iki kəlmədən ibarət olan bu cümlənin arxasında dayanan həqiqəti danmaq iqtidarında deyil.

Adınızı yaşıdım imişsiniz kimi, eləcə, müəllimsiz-filansız yazdığım üçün məni hörmətsizlikdə günahlandırmayın. Əslində Siz mənim üçün ən böyük ustadsınız. Sadəcə olaraq uşaqlığımdan bu adı eləcə Anar olaraq eşitməyə alışmışam. Yaşıdlarınız da Sizi belə çağırıb, Sizdən sonrakı nəsil , mənim nəslim , məndən kiçiklər . heç bir zaman hansı Anar sualına ehtiyac duyulmadığını görmuşəm. Tək Anar, təkcə Anar, yeganə Anar olaraq qəbul etmişəm Sizi. Hər varlığı anan hər dərdə yanan Anar.

İcazə verin bütün yazıçılarımızın timsalında 12-ci qurultay 80 illik yubiley, eyni zamanda yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edim, qismətiniz olan yazıçı şəxsiyyət taleyinin ən uca zirvəsində Sizə bundan sonra uzun sağlam ömür diləyim.

Bakı, 19 iyun 2014- il.

 





23.06.2014    çap et  çap et