525.Az

Sankt-Peterburqda azərbaycanlı iş adamının ölümü araşdırılacaq


 

Sankt-Peterburqda azərbaycanlı iş adamının ölümü araşdırılacaq<b style="color:red"></b>

Rusiyanın Sankt-Peterburq şəhərinin Azərbaycan icması bu şəhərdə yerləşən “Kiş-Miş” restoranlar şəbəkəsinin sahibi, azərbaycanlı Əfqan Rəsulovun ölümünün araşdırılması üçün komissiya yaradacaq.

Bu barədə APA-ya “Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyəti” diaspora təşkilatının sədri Heydər İmanov məlumat verib.

Artıq bununla bağlı vəkillərin tutulduğunu deyən H. İmanovun sözlərinə görə, azərbaycanlı iş adamının öldürülməsi Sankt-Peturburqda yaşayan azərbaycanlılar tərəfindən faciə olaraq qəbul edilir: “Rusiya mediası hadisəni birtərəfli işıqlandırır. Dərindən tanış olanda görürsən ki, hadisə əslində elə deyil. Biz çalışıb həqiqəti ortaya çıxaracağıq. Yerli mətbuat azərbaycanlıları cinayətkar kimi təqdim edir. Halbuki burada yüzlərlə azərbaycanlı elm və mədəniyyət nümayəndəsi, ictimai xadim var”.

H. İmanov hadisə haqqında onlarda olan bəzi təfərrüatları da açıqlayıb: “Bizim məlumatlara görə, Əfqan Rəsulovun qardaşı orada heç kimi zorla saxlanmırmış. Kimsə polisə xəbər verib. Polislər hadisə yerinə gələrkən xidməti geyimdə olmayıb və ona görə də qapı açılmayıb. Qardaşı Əfqan Rəsulova zəng edərək köməyə çağırıb. O da travmatik tapançanı götürüb, özü də çılpaq şəkildə qaça-qaça köməyə gəlib. Kimlərinsə olduğunu görüb və atəş açıb. Polislər də öz növbəsində cavab atəşi açıb və Əfqan Rəsulov həlak olub”.

H. İmanov Ə. Rəsulovun Azərbaycan diasporunu təmsil etmədiyi barədə bəzi KİV-də yayılan fikirlərə də aydınlıq gətirib: “Buradakı bütün azərbaycanlılar Azərbaycan diasporuna aiddir. Onların problemi diasporanın problemidir. Kimin nə qədər fəaliyyət göstərib-göstərməməsi o qədər önəmli deyil. Onlar iki qardaş bütün işlərdə fəaliyyət göstərir, tədbirlərdə iştirak edirdilər. Bu cür fikirləri başa düşmürəm, anlamıram. Onlar tanınmış azərbaycanlılardır”.

 





29.10.2012    çap et  çap et