525.Az

Ramiz Mehdiyev bələdiyyələrdən narazılıq edib


 

Ramiz Mehdiyev bələdiyyələrdən narazılıq edib<b style="color:red"></b>

“Bələdiyyələr hələ də əhalinin yerli əhəmiyyətli məsələlərinin həllində öz rolunu və yerini tapa bilməyiblər"

Lent.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri , akademik Ramiz Mehdiyev bələdiyyə sədrlərinin III ümumrespublika toplantısı zamanı çıxışında bildirib. R. Mehdiyevin sözlərinə görə, buna hələ tam nail olunmayıb.

“Bələdiyyələrin əsas vəzifələrindən biri vətəndaşlarla hakimiyyət arasında əlaqələndirici funksiyasını yerinə yetirmək və əhaliyə daha yaxın olmaqdan ibarətdir. Bələdiyyələr fəaliyyətlərinin səmərəliliyini artırmalı və əhalidə yerli özünüidarəetmə orqanlarına inamı gücləndirməlidirlər”.

“Bələdiyyələr hələ də əhalinin yerli əhəmiyyətli məsələlərinin həllində öz rolunu və yerini tapa bilməyiblər. Bütünlükdə onların fəaliyyətinə nəzər salsaq, səciyyəvi olan, bizi ciddi narahat edən problemləri görərik.

Bunlar nədən ibarətdir? Ən əsasını diqqətinizə çatdırmaq istəyirəm:

birincisi - mühüm sosial əhəmiyyətli layihələrin həyata keçirilməməsi;

ikincisi - iqtisadi və maliyyə resurslarının aşağı səviyyədə olması;

üçüncüsü - peşəkar kadrların çatışmazlığı.

Təbiidir ki, hər bir insanın şəxsi marağı ilə yanaşı, dövlət və yerli icmanın maraqları da mövcuddur. Bu maraqlar yerli sosialyönümlü problemlərin həlli ilə bağlı olan məsələlərdə üst-üstə düşür. Belə halda bələdiyyələrin həyata keçirməli olduğu tədbirlərin və layihələrin əhəmiyyəti olduqca böyükdür.

Lakin təcrübə göstərir ki, bələdiyyələrin həyata keçirdikləri layihələrin böyük bir hissəsi əsasən kiçik həcmli, xırda problemlərin aradan qaldırılmasına hesablanmış layihələr olub”.

PA rəhbəri onu da qeyd edib ki, bunun da müxtəlif səbəbləri var. “İlk növbədə, mühüm əhəmiyyətli sosial layihələrin həyata keçirilməsi üçün bələdiyyələr zəruri maliyyə resurslarına malik olmalıdırlar.

Reallıqda isə əksər bələdiyyələrin mövcud büdcələri nəinki layihələrin həyata keçirilməsinə, cari fəaliyyətinin təşkilinə belə çatmır. Bunun əsas səbəbi isə bələdiyyələrin təşkilatçılıq bacarığının aşağı olmasıdır”
R. Mehdiyev onu da vurğulayıb ki, ilk iki bələdiyyə seçkilərinə nəzər salsaq görərik ki, bələdiyyə üzvlərinin əksəriyyəti yerli özünüidarəetmə haqqında kifayət qədər təsəvvürə malik olmayıb, onlar vəzifələrini həyata keçirə bilməyiblər.

”Bələdiyyələrin həmin dövrdə olan durumu, bələdiyyə üzvlərinin zəif fəaliyyətləri ilə razılaşmayan seçicilər 2009-cu ildə müvafiq nüfuza və təcrübəyə malik olan şəxslərə etimad göstərmişlər. Nəticədə seçilmiş üzvlər arasında ali təhsillilərin sayı 1,9 dəfə, qadınların sayı 6,4 dəfə, gənclərin sayı isə 13,8 dəfə artıb”.

Bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə toxunan akademik bildirib: “Seçkilərdə namizədlərini irəli sürəcək siyasi partiyalar, ayrı-ayrı şəxslər bələdiyyə işinin məsuliyyətini dərindən dərk etməli, bu yükü daşımaq iqtidarında olan insanlara etimad göstərməlidirlər. Bunu onlardan ölkə həyatının bütün sahələrində baş verən inkişaf tələb edir”.

 





24.06.2014    çap et  çap et