525.Az

İranlı sərhəd pozucusu xəstəxanada ölüb


 

İranlı sərhəd pozucusu xəstəxanada ölüb<b style="color:red"></b>

Azərbaycan sərhədini pozmağa cəhd göstərərkən yaralanan iranlı sərhəd pozucusu dünyasını dəyişib.

APA-nın məlumatına görə, oktyabrın 26-da Cəlilabad rayonu ərazisində baş verən atışmada güllə yarası alan İran vətəndaşı, 1989-cu il təvəllüdlü Əli Qurbanvəndə ötən gün aldığı xəsarətdən dünyasını dəyişib.

Qeyd edək ki, oktyabrın 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən İrandan Azərbaycana silahlı sərhəd pozmanın qarşısı alınıb. Cəlilabad rayonunun Kürünc kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində saat 01:30 radələrində silahlı şəxslərdən ibarət qrupun İran ərazisindən dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçmələri müşahidə olunub. Sərhəd pozucularının qarşısı alınarkən onlar sərhədçilərə qarşı odlu silahdan atəş açıblar.

Sərhəd naryadının cavab atəşi nəticəsində sərhəd pozucularından 1 nəfəri yaralanıb, digərləri isə geriyə – İran ərazisinə qaçıblar. Hadisə yerində saxlanılmış İran vətəndaşı, 1989-cu il təvəllüdlü Əli Qurbanvəndə ilkin tibbi yardım göstərilərək Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Bakıdan göndərilmiş həkimlər tərəfindən üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Hadisə yerinə baxış zamanı 1 ədəd 5.45 mm kalibrli AKS-74 markalı 764 nömrəli avtomat silah və 24 ədəd 5.45 mm-lik güllə gilizləri aşkar olunub. Araşdırma zamanı İran ərazisinə qaçmış sərhəd pozucularından birinin şəxsiyyəti müəyyən olunub. Hazırda Azərbaycan ərazisinə keçmiş silahlı dəstənin digər üzvlərinin aşkarlanması və saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan və İran sərhəd nümayəndələrinin köməkçiləri səviyyəsində işçi görüş keçirilib. Hadisə yerinə birgə baxış keçirilib. Ərazidən aşkar olunmuş dəlillər, silah və istifadə olunmuş sursatlar qarşı tərəfin nəzərinə çatdırılıb. Görüş zamanı dövlət sərhədində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan, o cümlədən odlu silahdan istifadə etməklə sərhədi pozan şəxslər barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, müvafiq tədbirlərin görülmədiyi bir daha İran rəsmisinin diqqətinə çatdırılıb. Hadisə iştirakçısı olan digər sərhəd pozucularının saxlanılması, aparılmış araşdırmaların nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılması və gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlərin görülməsi tələb olunub.

Baş vermiş hadisə ilə əlaqədar Azərbaycanın Biləsuvar məntəqəsi üzrə sərhəd nümayəndəsi tərəfindən İranın Aslanduz məntəqəsi üzrə sərhəd komissarına etiraz məktubu təqdim edilib.

 





29.10.2012    çap et  çap et