525.Az

“Ermənistan ərazisindəki istənilən hərbi obyekti və yaşayış məntəqəsini darmadağın edə bilərik”


 

“Ermənistan ərazisindəki istənilən hərbi obyekti və yaşayış məntəqəsini darmadağın edə bilərik” <b style="color:red"></b>

Zakir Həsənov erməni tərəfinin atəşkəs rejimini daim pozduğunu bildirib

“Biz də Ermənistan kimi hərəkət edİb, onun ərazisindəki istənilən hərbi obyekti və yaşayış məntəqəsini darmadağın edə bilərik. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Ancaq humanizm prinsipləri və xalqımızın yüksək insanpərvərlik duyğuları bizi bunu etməkdən saxlayır. Dinc sakinlərin, uşaqların, qocaların və qadınların günahı nədir?”. Lent.az-ın xəbərinə görə, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzərTAc-a verdiyi müsahibəsində deyib.
 
Son dövrdə qoşunların təmas xəttində baş verən insidentlər haqda danışan Z.Həsənov məhz erməni tərəfinin beynəlxalq qanunları pozaraq ərazilərimizi işğal altında saxladığını, atəşkəs rejimini daim pozduğunu bildirib: “Erməni tərəfi müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara kəşfiyyat-təxribat basqınları etməyə cəhd göstərir, düşmən snayperləri hərbi qulluqçularımızı, dinc sakinləri atəşə tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyən mülki obyektlərə, kənd təsərrüfatı sahələrinə ziyan vurur.
 
Düşmənlə onun dilində danışmaq lazımdır və biz bunu edirik. İstəyirəm, tam əmin olasınız ki, silahlı qüvvələrimizin bölmələri dərhal onlara cavab verir və düşmən tərəfi itki verərək susdurulur. Əsgər və zabitlərimiz şəhid olmuş silahdaşlarının intiqamını dərhal alır və bundan sonra da alacaqlar.
Qoşunların təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması bir yana, işğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycanın həmsərhəd rayonlarını, kənd və qəsəbələrini atəşə tutur, dinc sakinləri yaralayır və öldürürlər.
 
Bu, bizi çox narahat edir. Bu hadisələr əsasən Ermənistanın İcevan, Noyemberyan, Berd və Krasnoselsk rayonları ərazisində yerləşən mövqelərindən Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının yaşayış məntəqələrinin atəşə tutulması ilə həyata keçirilir. Ermənistan tərəfi bu hərəkətləri ilə işğal zonasını genişləndirmək məqsədi güdür, öz təcavüzkar simasını dünyaya nümayiş etdirir. Dünya və beynəlxalq hüquq təşkilatları isə susurlar.
 
Son dövrdə cəbhə xəttində hər dəfə vəziyyətin gərginləşməsi müşahidə edilən kimi döyüşə getmək arzusunda olan neçə-neçə vətəndaşımız Müdafiə Nazirliyinə müraciət edir. Bu, xalqımızın düşmənə olan nifrətindən, torpaqlarımızın azad edilməsi hissindən irəli gələn keyfiyyətdir”.
 
Qısa zamanda hərbi büdcəmizin 20 dəfədən çox artdığını qeyd edən Z.Həsənov 2014-cü ilə nəzərdə tutulan hərbi xərclərin 2013-cü ilə nisbətən 7,1 faiz artdığını, Ermənistanın hərbi xərclərinin Azərbaycanın 2014-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəsaitdən 5,3 dəfə az olduğunu söyləyib: “Son on il ərzində əldə edilmiş silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasında hərbi sahədəki pariteti bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib. Eyni zamanda, Azərbaycanda hərbi sənaye kompleksinə aid onlarla müəssisə fəaliyyətə başlayıb”.
 
Z.Həsənov hazırda Azərbaycanın dünyanın 57 ölkəsi ilə ikitərəfli hərbi əməkdaşlıq etdiyini, onlardan 34-ü ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalandığını da qeyd edib: “İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 400-dək müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə silahlı qüvvələrin 1500-dək nümayəndəsi iştirak edir. Hazırda 24 dövlətdə silahlı qüvvələrimizin hərbi attaşelik aparatı və hərbi nümayəndəliyi təsis edilmiş və fəaliyyət göstərir.
 
NATO-nun yeddi regional qərargahında Silahlı Qüvvələrimizin zabitləri xidmət edirlər. İlin sonunadək bu qərargahların sayı 10-a çatdırılacaqdır.
Müdafiə Nazirliyi Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclaslarında iştirak edir, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, o cümlədən Planlaşdırma və Analiz Prosesi çərçivəsində əməkdaşlığını uğurla davam etdirir.
 
Bu ilin mayında Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimi keçirilmişdir. Qaraheybət Təlim Mərkəzində keçirilən təlimlərə 900-ə yaxın şəxsi heyət, 100-dək hərbi texnika və dörd helikopter cəlb olunmuşdur. Şəxsi heyətin hazırlığı, bilik və bacarığı təlimə rəhbərlik edən NATO generalları və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib”.

 





25.06.2014    çap et  çap et