525.Az

Murovdağ, Turşsu və qanlı daş...


 

Murovdağ, Turşsu və qanlı daş...

ON DOQQUZ İL QALAN QANLI AYAQ İZLƏRİ  

Əziz oxucu! İndi oxuyacağın bu məktub əslində mənim 1993-cü ilin qarlı-çovğunu 4 aprel səhərində Kəlbəcərin gədiklərində “ana”, “qardaş” deyib fəryad qopardığım günlərin qanla yazılmış həyat hekayəsidi. Düzü, istəməzdim ki, mənə  göz yaşları ilə yazılan bu sevgi və hicran dolu məktubu sən də oxuyasan. Elə məktubu yazan qardaşım da xahiş etmişdi ki, bir yalqızlığa çəkilib xəyalən 1993-cü ilin 4 aprel gününə qayıdım, o müdhiş, o əzablı günlərin acılı-şirinli xatirələri ilə baş-başa qalım. Belə də elədim. Bir neçə gün öncə səhər Elmlər Akademiyasının həyətində bizdən – məndən, bir də bu cansız məktubdan boylanan anamdan və qardaşımdan başqa kimsə yox idi. Danışan qardaşım İbrahim Səfərli, dinləyən mən, susan isə yurd-yuvası,  kəlbəcərli dünyası tar-mar olmuş, kəlbəcərsizlik ağrılarını 2005-ci ilədək ağlar gözlərində, göz yaşlarından cığır düşmüş üzündə, ağılı-bayatılı həzin, kövrək sözlərində qoruyan, özünü üzən şair təbiətli anam Güllər Məmmədqızı idi... İstərdim ki, erməni vandallarının yurd-yuvasından didərgin salınmış insanlara necə zülmlər verdiyini epizodik də olsa, görəsiniz.   Hörmətlə,  Məhəmməd Nərimanoğlu    

...Əziz qardaşım, Məhəmməd! Bu il sənin qan təzyiqinə görə Murova gedə bilmədiyimiz üçün yamanca kövrəlmişdik. Sahib müəllim (Kəlbəcərin sabiq icra başçısı) və onun oğlu Ələkbərlə Turşsuya tərəf qalxdıq. Turşsuya kimi necə keçib getdiyim mənə yuxu kimi gəlir. 19 ildir ki, “sərhəddə” dayanan əsgərlərimizdən o yana – Murova qalxmaq qadağandır, ermənilər hər an atəşə tuturlar. Turşsuya çatdıq. Mən sanki keyləşib daşa dönmüşdüm. 1993-cü ilin o qarlı, qanlı aprel günləri gəlib dayandı gözlərim önündə... Sən üç gün Murovdağda anamla məni axtarıb yorulsan da, əlini üzməmişdin...  Bizi tapanda qışqırıb ağlaya-ağlaya dediyin bayatını elə bil ki, indi burada pıçıldadın mənə ki, kimsə eşitməsin:

Əzizinəm qar daşı,
Qarlı dağdan qar daşı.
Sənə qurban, ay ana,
Tapdı qardaş qardaşı...  

Bu, o zaman birtəhər gəlib üstünə çıxdığımız Turşsu idi. O vaxtlar bulağın üstünü indiki kimi səliqə-sahmanla düzəltməmişdilər. Yadında varsa, anam axsayırdı. Çaylaqdan bulaq tərəfə  birtəhər keçdik. Dil-dodağımız çat-çat olmuşdu. Üç gün idi ki, ac-susuz yol gəlir, ancaq qar yeyirdik. Anam əyilib çaladan ovuclarını qoşalaşdırıb içmək istədi, barmaqları şaxtadan donmuşdu. Yuma bilmədi ovcunu. Bir daşın üstündə oturub üzünü gəldiyimiz tərəfə tutub yavaşca bir bayatı  da dedi:  

Corabın ağına bax,
Dəstələ, bağına bax.
Kəlbəcərsiz sinəmin,
Çal-çarpaz dağına bax.  

Sonra o, dərindən bir həsrət çəkib bulağa tərəf döndü: –Bir də ya qismət səndən içəm, a bulaq, – deyib üzünü bizə tutdu: – Siz qayıdarsız, mənim ömrüm yetməz. Onda dönün bura, burda qalan  ayaq izlərimi görərsiz. Onda o qədər də fərqinə varmadım. Anamın ayaqları yalın idi. Evdən çıxmırdı. Zorla əlindən tutdum. Mənə görə çıxdı. Yoxsa Səfər babamdan qalan xəncəri əlində hazır tutmuşdu ki, erməni uçəri doluşan kimi özümü öldürəcəm. Ona görə də ayaqlarını geyinməmişdi. Yolda əsgərlər anamı ayaqyalın görüb bir cüt cırıq çəkmə vermişdilər. Sol tayı tamam cırılmışdı, ayaqları suyun içindəydi. Daş-torpaq anamın ayaqlarını qançır eləmişdi. Çayı keçəndə çalışırdı ki, harada iri, düzən daş varsa, ayağını onun üstünə qoysun. Sən demə, onun ayaqlarının qanlı izləri qalırmış daşların üstündə. Qardaş, o vaxtlar sənə demədim, amma hiss edirdim ki, anam ayaqlarını harada bir rahat, şümal daş varsa, onun üstünə qoymağa çalışır. İstədim ki, onda köynəyimi cırıb anamın ayaqlarını sarıyım, axı, heç olmasa, cırıq corab da yox idi.  Etiraz elədi ki, Məhəmməd bilməsin, yazıqdı, neçə gündü bu qanlı dağlarda bizi axtarır. Sənin halın özündə deyildi. Sən bizi tapanda, anamla mənim başıma dolanmaq istəyəndə o, qoymadı. Amma gizlicə onun özünün bizim başımıza dolandığını hiss etdim. Mən anamla çayı keçib sənin yanına qayıdanda onun axsamağını soruşdun. Anam dandı. “Ayaqlarım soyuqdan keyiyib, qorxma, açılacaq”, – dedi. Geri qayıdanda mənə demişdi ki, iri daşların üstüylə apar. İndi anlayıram ki, anam Murov dağında izini qoyurmuş, özü də qanlı, daşlar üzərində... İllər keçib o günlərdən. Dağ-daşları sel-su dəfələrlə yuyub aparıb. O gün Turşsuyun üstünə keçəndə gördüklərim məni varlığımdan yox elədi: anamım sol ayağının qanlı izi qalmış daşı tapdım. Elə bil ki, (bəlkə də)  kimsə  həmin daşın üstündə “qala” tikib. Anam oturduğu, ayağını qoyduğu daşın üstündə sanki ilahi bir möcüzə yaranmışdı: qanlı ayaq izi olan daşı kimsə götürüb daşlardan ona “qəbir” düzəldib onu da qoyublar arasına. Bu, ilahi möcüzədən savayı bir şey deyildi. Mən “anamın qanlı izləri”ni tapdım və bilirsən necə sevindim?! Ziyarət elədim, qucaqladım, üzərindəki qanlı izləri etibarlı şəkildə qoruyub saxlayan  daşları öpdüm, oxşadım, şəklini telefonla çəkdim, dərdləşdim. Amma daş ki, daş... daşdan səs çıxmadı. Bağrı daş imiş bu bulağın daşlarının – bir cavab vermədilər. O qanlı iz” daşın canına elə hopub ki, daşyonanla da onu silib təmizləmək mümkün deyil. Möcüzəyə bir baxın, 19 ildir ki, başına  dağ da yağıb, daş da, amma o  izlər silimnəyib. İndi anladım ki, bizim  kökümüz də o torpaqlara, o dağ-daşa beləcə hopub. Bizim kökümüzü ermənilər qazıyıb çıxara bilməz. Bilmirəm, bəlkə də bizim ziyarətimizi gözləyirmiş o daşlar. Onlardan ayrılıb gələ bilmirdim. Axır ki, ürəyimə daş bağlayıb ayrıldım, eynən Kəlbəcərdən, ev-eşiyimizdən, tör-tökülü qalan həyət-bacamızdan, atamızın, elə anamızın da çox mindiyi boz atdan Ağaməmməddə ayrılan kimi. Qardaş,  bilirəm, sənin üçün ağırdır, ürəyi paralanmış, itən yurdlardan ötrü yaralanmış qələm sahibisən. Sənin şəhid  kitablarını sakit, həyəcansız oxumaq mümkün deyil. Amma daşa yalvarışımı oxu, qoy Sənanınla Kənanın bilsin ki, yağı düşmən bizə nələri etməyib:  

A daş, sənə qurban olum,
Səndə anam nəfəsi var.
Üstündəki qanlı izin,-
Silinməyən ləkəsi var.

A Turş suyum, yadındamı,
Burda anam içdi səndən?!
“Bir də qismət olacaqmı”,-
Deyib onda  keçdi səndən?!  

Bu daş Məkkə, Mədinəmdi,
Bu daş mənə “Qara daş”dı!
Bu daş mənə xəzinədi,
Ürəyimdə yara daşdı!  

Xatırlasan, o günündən
Sızlayarsan, ağlarsan, daş!
Ana-bala ah-ünündən
Daş qəlbini dağlarsan, daş! 

İbrahim SƏFƏRLİ,
Kəlbəcər rayon  dövlət arxivinin müdiri 4 sentyabr 2012-ci il. Gəncə, Hacıkənd qəsəbəsi

 





07.09.2012    çap et  çap et