525.Az

Pakistanda Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd edilib


 

Pakistanda Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd edilib<b style="color:red"></b> Pakistanın İslamabad şəhərinin “Marriott” mehmanxanasında 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə təntənəli mərasim keçirilib.
 
Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Pakistan Silahlı Qüvvələri Baş Qərargahının silahlar üzrə baş inspektoru, general-leytenant Məhəmməd İcaz Çoudri ali qonaq qismində iştirak edib. Mərasimə eyni zamanda, Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri Hacı Adil, Pakistan Silahlı Qüvvələrinin generalları, admiralları, aviasiya marşalları, digər yüksək rütbəli zabitləri, Pakistan parlamentinin sabiq sədr müavini F. K. Kundi, daxili işlər üzrə sabiq dövlət naziri Məhəmməd Vasim, xarici ölkələrin Pakistanda akkreditə olunmuş səfirləri, hərbi attaşeləri, diplomatlar, dövlət və hökumət adamları, tanınmış ziyalılar, jurnalistlər qatılıb.
 
Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi, polkovnik-leytenant Mehman Novruzov iştirakçıları salamlayaraq Azərbaycan ordusunun yaranma tarixi və inkişaf yolundan danışıb. O, müasir silahlarla silahlanmış, peşəkar və vətənpərvər kadrlardan ibarət olan Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğunu söyləyib.
 
Tədbirin sonunda Azərbaycanın zəngin mətbəx nümunələri ziyafət iştirakçılarına təqdim olunub. 
 





26.06.2014    çap et  çap et