525.Az

Azərbaycan səfiri Bişkekin meri ilə görüşüb


 

Azərbaycan səfiri Bişkekin meri ilə görüşüb<b style="color:red"></b>

Azərbaycanın Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov Bişkek şəhərinin meri Kubanıçbek Kulmatovla görüşüb.  

Səfirlikdən 525.az-a verilən məlumata görə, görüşdə Bişkek şəhərinin baş memarı Bakıtbek Abdiyev və Bişkek şəhəri meriyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Ermek Canat da iştirak ediblər.

H.Orucuov şəhər merlərinin Səfirliyi ziyarət etməsinin nadir hal sayıldığını söyləyib və buna görə də K.Kulmatova minnətdarlığını bildirib. O deyib ki, bu, Azərbaycan xalqına, dövlətinə və rəhbərliyinə olan səmimi məhəbbətin və ehtiramın ifadəsidir. Onun sözlərinə görə, münasibətlərin inkişafı hər iki ölkə başçısının maraq dairəsindədir.

Kubanıçbek Kulmatov qeyd edib ki, Azərbaycan və Qırğızıstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir.  Onun sözlərinə görə, Bakı və Bişkek şəhərləri arasında əməkdaşlığın perspektivlərinə dair Saziş layihəsi hazırlanmaqdadır və onun imzalanması Azərbaycan və Qırğızıstan əməkdaşlığının inkişafına yeni təkan verəcək.

Görüşün əsas mövzusu olan Bişkek şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyev adına parkın salınması və park ərazisində Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi layihəsi ilə bağlı mer və baş memar səfirə məlumat veriblər.

Səfir hazırlanmış layihə ilə bağlı təkliflərini bildirərək qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu olmaqla yanaşı bütün türk dünyasının fəxridir: “O, türk ölkələrinə və xalqlarına öz xalqı kimi məhəbbət bəsləyirdi. Qardaş ölkələr olan Qırğızıstanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi və dərinləşməsi istiqamətində son vaxtlarda çox irəliləyişlər nəzərə çarpsa da hələ mövcud potensialımızdan kifayət qədər istifadə etmirik. Bakı ilə Bişkek arasında birbaşa işbirliyi əlaqələri də gücləndirilə bilər”. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 





27.06.2014    çap et  çap et