525.Az

Doxsanıncıların dilindən - Cavid Qədir yazır


 

Doxsanıncıların dilindən - <b style="color:red">Cavid Qədir yazır</b>

...Biz Aresin övladlarıyıq. Bizi anamız yox, müharibələr doğub. Bizi atamız yox, top mərmiləri danlayıb. Bizim arzularımızı minamyota qoyub düşmənə tuşlayıblar. Bizim qayğısızlığımıza mərmi düşüb. Bizim sevincimizə ehtiyac diş qıcayıb. Bizim oyuncaqlarımız qumbara fitili, güllə gilizi, düşmən atəşiylə deşilmiş əsgər dəbilqəsi olub. Biz doxsanıncılarıq, doxsanların uşaqlarıyıq. İçimizdə top gurultularından qorxan bir uşaq var bizim - doxsanıncıların...

Valideynlərimiz bizi xortdanla qorxuda bilməyib. Aclıq, müharibə görmüş, top səsi eşitmiş uşaqları xortdanla qorxutmaq olmaz. Bizi Allahla hədələyib, ovudublar. "Acam" deyib ağlayanda, top mərmilərinin partlayış səsindən diksinib sızlayanda, "Allah ən balaca qarışqanın ayaq səsini eşidir, ağlamağınızı duyub acıqlanar" - deyə, kiridiblər bizi (Evdə tək olanda xırda qarışqaların ayaq səslərini dinlədiyim çox olub - heç eşitməmişəm, insan Allahdan çox zəifdi). Bizsə, Allahdan qorxmamışıq, həmişə ona sığınmışıq. Gecə partlayış, alçaqdan uçan vertolyot səsinə oyananda: "Ay Allah, noolar, səhər yuxudan duranda eşidim ki, müharibə qurtarıb" - deyə, dua etmişik. O illərdə çox yaxınımızın qara kağızı gəldi, çox qapılardan qara kəlağayılar asıldı, çox adamın tabutu çiyinlərdə getdi. O "çox"lara iki qohumumuz da eşlik etdi. İkisinin öldü-qaldısı bilinmədi. Hər soraq verən " filan vaxt, filan yerdə görmüşdüm, sonradan xəbərim olmadı" - dedi. Günün birində atası da getdi oğlunun ardınca, yaşlı kişi hardan tapacaqdı od-alovun içindən oğlunu?! Qayıdanda beynində uğultu, bir qulağında yanında partlayan mərminin kontuziyasını gətirdi.

Gecələr qorxmamaqçün atamızın kürəyinə qısılmışıq, mən atamla yatacam, deyib ağlamışıq. Atamız hamıdan güclü olub bizim üçün. Atamın axşam evə əliboş gəlməyi toy-bayram olub bizdən ötrü... Atamız yanımızda olanda heç nədən qorxmamışıq, "düşmən gələsi olsa, bizi qoruyacaq" - düşünmüşük.

Evdə heç kəs olmayanda atam kimi daramışam saçımı, hər şeydə ona oxşamaq istəmişəm. Bir-iki dəfə gizlicə siqaretindən götürüb çəkmişəm .

Hərdən atamla anamın pıçıldaşmasını eşidərdim:

- Filankəsin oğlunun meyidini gətiriblər. Yasa gedək gərək. Hələ ermənilər yenə irəliləyiblər. İndi Beyləqana atırlar...

Sonra gecələr top səsləri bir az da yaxından eşidilməyə, pəncərə şüşələri bir az da möhkəm cingildəməyə, filankəslərin evində bir az da möhkəm ağlaşmağa, yorğun, üzgün, tanımadığım adamlar dəstəylə qəsəbəmizə gəlməyə başlamışdılar. Qəsəbəmizin ətrafındakı ovalıqda qamış (Aran yerində qamışdan bol var?) daxmaların sayı lap da artmağa başlamışdı. Belə getsə məni çağıracaqlar. Sonra anam ağlamağa başlayardı. Atam təsəlli üçün bir-iki söz deyər, həyətə siqaret çəkməyə çıxardı. Həyətimizdə sısqa bir söyüd ağacı vardı. Atam həmişə onun altında dayanardı siqaret çəkəndə. Ağacın gövdəsini, qabığını qurd tamam yemişdi. Amma hər yaz yarpaqlayır, qurumaq bilmirdi. Həmişə elə fikirləşirdim ki, atamın çəkdiyi qüssə, keçirdiyi əsəb həmin ağacı o günə qoyub. Üzümüzə gələn yazda söyüd ağacı yarpaqlamadı. Atam Novruzqabağı o vaxtlar gücüm çatmayan baltanı gətirməyə göndərdi məni. Sevinə-sevinə qaçıb baltanı birtəhər sürüyüb gətirdim. Elə bilmişdim ki, söyüd quruyubsa atam onu kəsirsə, atamın əsəbləri qaydasında olacaq, müharibə qurtaracaq. Amma atamın əsəbiləşəndə siqaret çəkmək şakəri bitmişdi, müharibə qurtarmışdı. Əvəzində həmin il ikinci qohumumuz itkin düşmüşdü. Sabahı gün yuxudan duranda gedib söyüdün kötüyünə baxa-baxa yenə mızıldanmışdım: "Ay Allah, indi xəbər gələ ki, müharibə qurtarıb"...

Gecələrin birində anam dəsmalıyla gözünü silə-silə (həmişə mənə qəribə gəlirdi ki, belə balaca dəsmal bu qədər göz yaşını canına necə çəkir), yaylığıyla yaşlı gözlərini gizlədə-gizlədə əlimdən tutmuşdu biz, atamın ardınca yola düzəlib, oğlu itkin düşən qohumumuzgilə getmişdik. Yolboyu heç kəs kəlmə kəsməmişdi. Hərdən atam çevrilib bizim gəlib-gəlməməyimizə baxmışdı əlində közərən siqaretlə. Getdiyimiz yerdə bizim başımız oyun oynamağa qarışmışdı başqa uşaqlarla. Qadınlar ağlayıb, kişilər siqaret çəkmişdi. Gözüm dolanıb anama ilişəndə onun lap bərk ağladığını görüb yenə mızıldanmışdım: "Ay Allah, elə elə ki, sabah müharibə qurtarsın"...

 





27.06.2014    çap et  çap et