525.Az

Corc Fridman: "Türkiyə yaxşı olmayan möcüzədən xilas oldu"


 

Corc Fridman: "Türkiyə yaxşı olmayan möcüzədən xilas oldu"<b style="color:red"></b>

Tanınmış amerikalı analitik C.Fridman İstanbulda təşkil olunmuş bir tədbirdə maraqlı fikirlər söyləyib. Türkiyənin geosiyasi rolunu təhlil edən mütəxəssis irəli sürdüyü tezislərdə qlobal və regional geosiyasətin bir sıra aktual problemlərinə də toxunub. İqtisadiyyatı dinamik inkişaf edən ölkələrin geosiyasi statusunun hansı qaydada dəyişdiyi məsələlərinə diqqət çəkən C.Fridman Qərbin böyük dövlətlərinin yeritdikləri siyasətin bəzi məqamlarını analiz edib. Aparılan təhlildən görünür ki, dünya miqyasında geosiyasi mənzərə qeyri-müəyyənliklə səciyyələnir. Bu reallığın fonunda Türkiyə kimi inkişaf edən ölkələrin gələcək taleyi haqqında nə demək olar?

Regional liderlik: Türkiyə buna hazırdır!

"Stratfor"un qurucusu Corc Fridman qlobal geosiyasətin trendlərini dərindən təhlil edən mütəxəssislərdən biri kimi tanınır. Onun dünyanın müxtəlif regionlarında müşahidə edilən geosiyasi proseslər haqqında söylədiyi fikirlər və ifadə etdiyi tezislər siyasi dairələrdə maraqla qarşılanır. Son zamanlar C.Fridman Yaxın Şərq və postsovet məkanı ölkələri ilə əlaqədar proqnostik xarakterli müddəalar irəli sürür. Həmin kontekstdə onun Türkiyənin geosiyasi rolunu təhlil etməsi diqqəti çəkir.

Əvvəlcə, onu deyək ki, Corc Fridman Ukrayna hadisələri başlayandan sonra Yaxın Şərqi, Şərqi Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı əhatə edən proqnozlar vermişdi. Orada Qərbin Estoniyadan tutmuş Azərbaycana qədər geniş koalisiya yaratmalı olduğunu vurğulamışdı (bax: George Friedman. From Estonia to Azerbaijan: American Strategy After Ukraine / "Stratfor", 25 mart 2014). Amerikalı analitik hesab edir ki, Rusiya və Çinin geosiyasi iddialarının qarşısını almaq üçün başda ABŞ olmaqla Qərb ölkələri Estoniyadan başlayaraq Azərbaycanadək geniş bir məkanda yeni alyans formalaşdırmalıdır. Vaşinqton həmin dövlətlərə hərbi dəstəyini artırmalı, onların təhlükəsizliyini təmin etməlidir.

Bu fikirlərdə həssas məqamlar vardır. Məsələ bundadır ki, C.Fridmanın təklifində bir neçə ölkəni Rusiya kimi böyük dövlətlə qarşı-qarşıya qoymaq məqsədi duyulur. Həmin səbəbdən bu modelin reallaşma imkanları haqqında hər hansı fikir söyləmək risklidir. Bununla yanaşı, hiss olunur ki, Yaxın Şərq də daxil olmaqla geniş bir məkanda geosiyasi balans dəyişir. Bu prizmadan Türkiyə amili ciddi əhəmiyyət kəsb edir.

C.Fridman bu günlərdə İstanbulda "Anadolu Aslanları İş adamları Dərnəyi"nin (ASKON) 2014-cü il üçün iqtisadi hesabatının təqdimatına həsr edilmiş tədbirdə iştirak edib. "Stratfor"un qurucusu analitik xarakterli çıxışında bir neçə geosiyasi amil əsasında Türkiyənin dünyada və regiondakı rolu ilə əlaqədar proqnozlarını dilə gətirib ("Siz artık yükselen bir güç değilsiniz çünkü..." / "HT Ekonomi", 2 iyun 2014).

C.Fridman hesab edir ki, Türkiyənin regional geosiyasi güc kimi formalaşması prosesi başa çatıb. O, bu fikrini belə ifadə edib: "Siz artıq yüksələn bir güc belə deyilsiniz, çünki yüksəldiniz" (bax: əvvəlki mənbəyə). İndi Ankaranın regional lider rolunu oynaması üçün zaman yetişmişdir. Hakimiyyət bunu təmin etməyin üsulları haqqında düşünməlidir. Etiraf etmək lazımdır ki, heç də bütün mütəxəssislər Türkiyənin "tam yüksəldiyini" qəbul etmir. Onların da öz arqumentləri var. Həmin dairələr Türkiyəni Vaşinqton, Brüssel və Moskva arasında manevr edən dövlət kimi təqdim edirlər. Bu kontekstdə Suriya, İraq və Misir hadisələrindən Ankaranın geosiyasi dividend əldə edə bilmədiyi fikri irəli sürülür.

Şübhəsiz, sadalanan amillər Türkiyənin geosiyasi imicinə təsir göstərir. Ancaq, bizcə, C.Fridmanın arqumentləri daha güclüdür. Məsələ burasındadır ki, Misir, Suriya və İraq hadisələrinə uzunmüddətli zaman kəsiyində baxdıqda Türkiyə haqlı görünür və onun strateji perspektivdə qazanacağı indi itki kimi görünənlərdən qat-qat çox ola bilər. Məsələn, Suriyada prezident seçkisinin nəticələrini ABŞ və Avropa tanımır. Deməli, orada Ankaranın vurğuladığı problem qalmaqdadır. Bunun bir zaman kəskinləşəcəyinə şübhə yoxdur.

Digər tərəfdən, C.Fridman geosiyasi rol məsələsinə ölkənin iqtisadi gücü müstəvisində qiymət verir. Onun dediyinə görə, hazırda "Türkiyə iqtisadiyyatı Avropanın ən dinamik iqtisadiyyatıdır" (bax: əvvəlki mənbəyə). Qərb böhran içində çapalayanda Ankara öz iqtisadi imkanlarını genişləndirdi. İndi isə Türkiyə iqtisadiyyatı dinamik və davamlı templərlə inkişaf edir Müəyyən mərhələlərdə müşahidə edilən silkələnmələr isə istənilən iqtisadi sistem üçün səciyyəvi haldır. Bu aspektdə də C.Fridman maraqlı müşahidələr aparmışdır.

Çinin səhvi: Ankara təkrar edəcəkmi?

"Stratfor"un qurucusu hesab edir ki, Türkiyə Çinin səhvini təkrar etməməlidir. Pekin iqtisadiyyatını əsasən ixracat üzərində qurub. Hesablamalar göstərir ki, ölkə əhalisinin 600 milyonu gündə 1 ABŞ dollarına qədər, 440 milyonu 2-4 dollar arası qazanır. Bu, çox kasıb olmaq deməkdir. Mütəxəssis bu rəqəmlərdən aşağıdakı nəticəyə gəlir: "Çin sadəcə 60 milyonun idarə etdiyi bir ölkədir" (bax: əvvəlki mənbəyə).

Şübhəsiz ki, bu cür qeyri-bərabərlik ölkəni ziddiyyətlərə sürükləyə bilər. Çünki Çin malları alınmasa, onun daxilində ciddi problemlər meydana gələr. Deməli, ixracata müəyyən səviyyəyə qədər arxalanmaq olar. Bir hədd var ki, onu keçəndən sonra məhsulun xaricə satışı məsələsində problemlər yaranır. Türkiyə Çinin bu çətinliklərini nəzərə almalı və iqtisadiyyatını fərqli model üzrə inkişaf etdirməlidir.

Bütövlükdə mütəxəssisin bu qeydi maraqlıdır. Buradan belə bir nəticəyə gəlmək olar ki, birincisi, Türkiyə hələ Çindəki qədər ziddiyyətlərlə üzləşməyib; ikincisi, davamlı inkişafı təmin etmək üçün Ankara Pekindən fərqli iqtisadi təkamül modeli seçə bilər. Həmin kontekstə Qərb-Türkiyə münasibətlərinin gələcəyinə nəzər salmaq maraqlı olardı.

C.Fridmanın rəyinə görə, Türkiyənin Avropa İttifaqına üzv olması "pis (və ya arzuolunmaz) möcüzə" olardı (bax: əvvəlki mənbəyə). Səbəb nədir? Analitik Aİ daxilində vahid xarici siyasi kursun olmadığına işarə edir. Belə ki, Almaniya aqressiv ixracat siyasəti yeridir. Bundan başqa, təşkilatın böyük dövlətləri Şərqi və Cənub-Şərqi Avropada öz maraqlarını təmin etmək istiqamətində yarışa başlayıblar. Nəticədə, Aİ-nin mahiyyətcə ədalətli qurum olması şübhə doğurur. Onun yeritdiyi ikili standartlar siyasəti şəraitində sağlam rəqabətdən danışmaq çətindir. Bütün bunları nəzərə alaraq, C.Fridman 2009-cu ildə Türkiyə üçün Aİ-yə üzvlüyün sərfəli olmadığını demişdi. O etiraf edir ki, onda "məni anlamadılar". İndi hadisələrin gedişi göstərir ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü onu geriyə atardı.

Onu deyək ki, ASKON-un tədbirində çıxış edən türkiyəli mütəxəssislər C.Fridmanın fikirlərini təsdiqləyən faktlar gətiriblər. Onlar bəzi dairələrin Türkiyəni daim "aşağı çəkməyə çalışdığını" və bu səbəbdən yüksək faizlər tətbiq etdiklərini vurğulayıblar (bax: əvvəlki mənbəyə).

Bunlar amerikalı politoloqun olduqca düşündürücü və maraqlı ideyalar irəli sürdüyünü göstərir. Təbii ki, onun Türkiyə ilə bağlı dedikləri ilə razılaşmamaq da olar. Lakin faktdır ki, Yaxın Şərqdə daha təmkinli geosiyasi mövqeni Ankara tutur. Onun yeritdiyi xarici siyasət kursu öz bəhrələrini verməkdədir. Yaxın Şərqdə mürəkkəb və ziddiyyətli geosiyasi proseslər getdiyindən orada kimin uğur qazanacağını indidən demək xeyli risklidir. Bununla yanaşı, Türkiyə iqtisadiyyatı inkişaf tempini saxlayır və onun dünya miqyasında geosiyasi təsir gücü artır. Ankara türkdilli dövlətlərlə də münasibətlərini müasir dövrün tələbləri çərçivəsində qurur. Burada etnik birliyə deyil, konkret mədəni, geosiyasi, iqtisadi və siyasi şərtlərə üstünlük verilir. Bu kimi amillər Türkiyənin regionda rolunu yüksəldir.

Eyni zamanda, C.Fridmanın söylədikləri qlobal geosiyasətdə mürəkkəb vəziyyətin mövcudluğunu dolayısı ilə təsdiq edir. Belə ki, prinsipial məqamlarda ikili yanaşma tətbiq edilir. Qərb həmin üsuldan istifadə etməklə qlobal miqyasda problemlər yaradır. Belə bir şəraitdə iqtisadiyyatı sürətlə və davamlı inkişaf edən ölkələrə hansı münasibətin göstəriləcəyi tam aydın deyil. O cümlədən, Türkiyənin dayanıqlı inkişafına hansı həddə qədər imkan veriləcəyi məsələsi də marağa səbəb olur.

Rusiya və Çinə göstərilən münasibət aspektində bu məsələ daha da aktuallaşır. Yəni bu gün Moskva və Pekinin güclənməsindən çəkinənlər, bir qədər sonra eyni mövqeni Ankaraya qarşı tutmayacaqlarmı? C.Fridman bu suala cavab vermir. Bəlkə də bilərəkdən bunu edir, çünki söhbət artıq Qərbin strateji maraqlarından gedir. Bu məsələdə isə heç kimə güzəşt yoxdur.

Newtimes.az

 





27.06.2014    çap et  çap et