525.Az

Qırğızıstanın Kant şəhərində Heydər Əliyev küçəsinin açılışı olub


 

Qırğızıstanın Kant şəhərində Heydər Əliyev küçəsinin açılışı olub<b style="color:red"></b>

İyunun 26-da Qırğızıstanın Kant şəhərində Heydər Əliyev adına küçənin açılış mərasimi keçirilib.  

525.az-ın məlumatına görə, ş
əhərin mərkəzində olan Heydər Əliyev adına küçənin açılışının qırmızı lentini Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov və Kant şəhərinin meri Erkin Abdraxmanov kəsiblər. Sonra Azərbaycan Respublikasının və Qırğız Respublikasının himnləri səsləndirilib.  

Səfir Hidayət Orucov çıxış edərək deyib ki, dünyanın bir çox ölkələrində  Heydər Əliyev adına küçə və prospektlər var: “Ümummilli Liderin heykəlləri və büstləri ucalır. Amma bu günün əlamətdarlığı həm də ondadır ki, bu küçə Qırğızıstanda Heydər Əliyev adına ilk küçədir. Biz şahidik ki, həm Qırğızıstanda, türk dünyasında, həm də dünyada Heydər Əliyevi çox sevirlər”.

Səfir küçəyə Heydər Əliyevin adının verilməsi ilə bağlı təşəbbüsü keçən hər kəsə öz minnətdarlığını bildirib.

Tədbirdə Kant şəhərinin meri Erkin Abdraxmanov, Qırğız Respublikası parlamentinin deputatları, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev, ictimai xadim Aydar Kerimkulov və digər ziyalılar çıxış edərək Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycan-qırğız  xalqlarının qardaşlığından söz açmışlar.

Mərasimin davamı Kant şəhərinin mədəniyyət sarayında davam edib.

İştirakçılar əvvəlcə sarayın foyesində təşkil olunmuş Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən foto-sərgi ilə tanış olublar.

Toplantıda çıxış edən səfir Hidayət Orucov bildirib ki, bu gün həm də Milli Ordumuzun yaranmasından 96 il keçir: “1918-ci ilin bu günü Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordumuzun yaradılması haqqında tarixi qərar qəbul edib. 22 may 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 26 iyun Azərbaycanın Silahlı Qüvvələr günü elan olunub. Azərbaycan ordusu bölgədə ən güclü ordudur. Ordumuzun güclənməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin müharibə yolu ilə həll ediləcəyi təqdirdə sözsüz ki, ölkəmizin üstünlüyünü artırır. Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmanı qəbul etməyəcək”.

Səfir Qırğız Xalqı Assambleyasının 20 illiyi münasibətilə keçirilən futbol çempionatında qalib gələn “Azəri” komandasının oyunçularını təbrik edərək, onlara xüsusi idman dəstləri təqdim etmişdir.

Tədbirdə Qırğızstanın əməkdar həkimi Akif Alaferdov, əməkdar inşaatçısı Əsəd Həsənov, Çuy bölgəsi Kitabxanasının direktorı Tamila Kadjiyeva və digər ziyalılar çıxış edərək bildiriblər ki, bu tarixi gündə Kantın mərkəzi küçələrindən birinə Heydər Əliyevin adının verilməsi ölkələrimiz arasında qardaşlığın və əməkdaşlığın möhkəmlənməsində yeni addımdır. Natiqlər dövlət başçıları İlham Əliyev və Almazbek Atambayev iki ölkə arasında əlaqələrin dərinləşməsi istiqamətində apardıqları düzgün siyasətləri və göstərdiyi səyləri yüksək qiymətləndirdilər.

 





27.06.2014    çap et  çap et