525.Az

İlham Əliyev: "Bizim məqsədimiz Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirməkdir"


 

İlham Əliyev: "Bizim məqsədimiz Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirməkdir"<b style="color:red"></b> "Azərbaycan qədim, böyük tarixə və mədəniyyətə malik, lakin müstəqil gənc ölkədir".
 
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, ölkədə siyasi və iqtisadi islahatları eyni vaxta həyata keçirmək bizə davamlı inkişafa nail olmağa imkan verir: "Bu gün Azərbaycan demokratik institutların fəaliyyət göstərdiyi bir ölkədir. Biz demokratiyanın, qanuni normaların inkişafı, fundamental azadlıqların təmin edilməsi üçün çoxlu sayda addımlar atmışıq və mən düşünürəm ki, biz bu sahədə böyük uğur əldə etmişik. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən sərbəst toplaşma, ifadə, mətbuat azadlığı təmin edilir, çoxlu sayda mətbuat orqanları fəaliyyət göstərir, sərbəst internet mövcuddur, ölkə əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir. Bu, Azərbaycanın uğurlu inkişafının əsas göstəricilərindəndir. Çünki yalnız iqtisadi islahatları həyata keçirmək bizə modernləşmə istiqamətində öz məqsədlərimizə nail olmağa imkan verməyəcək. Biz qısa müddət ərzində modern ölkə qurmuşuq və bizim gələcək üçün çoxlu planlarımız var. Siyasi islahatlar növbəti illərdə də bizim gündəliyimizdə əsas prioritetlərdən biri olacaq, daha çox islahatlar həyata keçirmək üçün biz çox işlər görməliyik və mən əminəm ki, bizim ATƏT və digər beynəlxalq institutlarla əməkdaşlığımız bizə bütün planlaşdırdıqlarımızı yerinə yetirməyə imkan verəcək".
Dövlət başçısının sözlərinə görə, əlbəttə ki, siyasi islahatlar cəmiyyətimizdə çox müsbət atmosfer yaradır, siyasi vəziyyət sabitdir və proqnozlaşdırılandır: "Bu, bizə qarşıda duran işləri nail ola biləcəyimiz formada planlaşdırmağa imkan verir. Bizim məqsədimiz modernləşmək və Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirməkdir. Əlbəttə, beynəlxalq əməkdaşlıq baxımından bizim beynəlxalq əlaqələrimiz mühüm rol oynayır və eyni zamanda bu, bizə öz milli maraqlarımızı daha uğurla qorumağa imkan verir. Ona görə də Azərbaycan aktiv xarici siyasət yürüdən bir ölkədir və biz xarici siyasət prioritetlərimizi həyata keçirməyə çalışırıq. Bizim sözümüzlə əməlimiz birdir. Ona görə də Azərbaycan etibarlı tərəfdaş kimi tanınır və tərəfdaş ölkə kimi Azərbaycana böyük etimad göstərilir. Bu, çox mühüm məsələdir, çünki etimadı hər gün yaratmalısan və yalnız bir səhv və ya yanlış bir addım bu etimadı korlaya bilər. Bu baxımdan beynəlxalq birliyin üzvlərinin çoxu ilə, o cümlədən Avropa ölkələri və müxtəlif qitələrdən olan ölkələrlə aktiv ikitərəfli əlaqələr bizim prioritetlərimizdən biridir".

İlham Əliyev bildirib ki, Azərbaycan çoxlu sayda mühüm beynəlxalq təsisatların üzvüdür: "Biz bu üzvlüyü dünya ölkələri ilə daha yaxşı əlaqələr qurmaq üçün yaxşı imkan hesab edirik. Azərbaycan Qoşulmama Hərəkatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digər çoxlu sayda beynəlxalq təşkilatların üzvüdür. Bizim xarici siyasətimizdə ən mühüm uğurlardan biri bir neçə il əvvəl Azərbaycanın böyük dəstək almaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Üzv seçilmək beynəlxalq aləmdə hər bir ölkə üçün ən yüksək diplomatik və siyasi nailiyyətdir və biz də fəxr edirik ki, gənc ölkə olmağımıza baxmayaraq, öz reallıqlarımızı təqdim etməyi bacardıq və bizim dostlarımız gördüyümüz işlərə böyük etimad göstərdilər".

Dövlət başçısının sözlərinə görə, iki il müddət ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının fəal üzvü olaraq sülhün, təhlükəsizliyin, sabitliyin, ədalətin və beynəlxalq hüquq normalarının təmin edilməsinə çalışıb: "İndi isə Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi Azərbaycanın əsas prioritetlərindən biri beynəlxalq hüquq normalarının qlobal şəkildə qurulmasına və beynəlxalq təşkilatların qərar və qətnamələrinin yerinə yetirilməsinə imkan verə biləcək mexanizmlərin yaradılmasıdır. Təəssüflər olsun ki, biz ikili yanaşma ilə üzləşirik və bu, Azərbaycan xalqını narahat edən bir məsələdir. Biz görürük ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində yerinə yetirilir, lakin Azərbaycanla bağlı qətnamələri isə 20 ildən çox müddət ərzində yalnız kağız üzərində qalır. Və buna görə də beynəlxalq təşkilatların qətnamələrinin yerinə yetirilməsi üçün vahid meyarların və mexanizmlərin yaradılması Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi, bizim üçün əsas prioritetlərdən biridir. Əks halda, bu mühüm təşkilatların qətnamələri kağız üzərində qalacaq. Azərbaycan da bu cür vəziyyətdən əziyyət çəkir".
 





28.06.2014    çap et  çap et