525.Az

Hamımızın İlqarı


 

Hamımızın İlqarı<b style="color:red"></b>

İlqar  - Bahadur kişinin bahaduru,  bir Ülkərin oğlu, birinin atasıdır. Musanın qardaşı Musanın oxunan kitabıdır.

Vaqifin bacısı oğlu Vaqifin həmvətənidir.  Famil oğlu Nizaminin dostu, Şeyx Nizaminin vurğunudur.

İlqar - Sadığın, Bəhrəmin, Yaqubun bacısı oğlu, Azərin, Zahidin uşaqlıq yaddaşıdır.

İlqar vətənimizin bir parçasıdır. Şır-şırda, Sayaxda, kolxoz bağlarında, Mahmudlunun "kuruq"nda onun ayaq izləri var.

İlqar çoxlarının tapındığı, söykəndiyi çinar ağacıdır. O çinarlardan Cəbrayılda çox idi. Bir zamanlar onlara söykənərdi. İndi Ona söykənirlər.

O, özü-özünü ayaq üstə qoyanlardandır.

Mən əsər yazanda çap haqqında düşünmürəm, düşünsəm , baş sındırmıram, bilirəm ki, İlqar var. "Yaz, dayoğlu, yaz, yazılan qalır. Qalanı bizlikdir. Xırda işlərlə başını yorma!" Bu, İlqarın dost qohum tövsiyəsidir.

İlqar ildə bir dəfə hamını bir yerə yığır: 28 may - Respublika günündə.  Qəlbinin bir parası ilə bayramı, bir parasıyla işğalı qeyd edir. Cəbrayıllıların ağsaqqalı Murad Babayev həmin məclisin başında olardı. İndi özü yoxdu, xatirəsi var.

Mamaoğlu dediyim İlqar, ağsaqqalın ayağına durar, kiçiyə ehtiram göstərər.

Fikirlişərdim ki, görən, İlqarın ad gününə hədiyyə eləmək olar. Madiyyatda gözü yox, qəlbi tox. O, xərcləmək üçün qazananlardandır. Köynək, qalstuk, tort-mort onluq deyil. Kişi xasiyyətli olduğuna görə gülə vız vermir. Onda barmağımı dişlədim: yazı. Yazını İlqarın əyninə biçim.

Nədən yazım?-deyə düşündüm. başladım. Necə? Yuxarıdakı kimi.

İlqar dərslərini yaxşı oxuyanları sevir. "Oxusunlar. Hara istəyirlər, qəbul olsunlar, sonrası mənlikdir. Oxuyanlar birinci özü, sonra Vətən üçün oxuyur". Dedim axı, İlqar bu vətənin bir parçasıdır.

Hamı onun başına yığışır. Adamla

r ocağın başına yığışar.

Xeyir-şər onsuz ötüşməz. Xəstə olanın şəfasına əlac axtarar, sağlamı qoruyar.

Dünyanın faniliyi onunçün çoxdan əzbərlənmiş keçilmiş yoldur.

Evləri yananda onlara əl tutanları hörmətlə xatırlayır. Çünki insanın dar günündə əl tutanları tutya kimi qəbul edir. "Əl tutmaq Əlidən qalar".

İlqar Əlinin ətəyindən tutanlardandır. Bir əli ilə alıb, o birisilə başqalarına verər. Çünki ruhu var. İnsan ruhu övliyalarla bir yerdədir.

Bir-birinzə arxa olun, çünki siz bir adamsınız. Vətən birdi - bölünməz.

İlqar  bağlı-bağatlı evdə böyüyüb. Tarla da görüb, çöllük . İndi onlarla həmbirdir.

Tez-tez keçmişi yada salır. Onun keçmişində xiffətlə sevinc əkizdir. Kənd işlərinin çətinliyini gözləri gülə-gülə qeyd edir.  "İşləməkdən gözlərimiz ağara qalırdı. Boynumuzun dalından basıb işlədirdilər". İlqar yeri düşəndə belə deyir.

Şükürbəyli məktəbinin boynumuzda bir minnəti var. O, minnəti biz ağırlaya bilmədik.

O, dostlarından kəndinin nəfəsini, doğmalarından kəndinin ruhunu alır.

İlqarın nənəsi, mənim mamam (bibim) İranagilin həyətindəki gilas ağacının yarpaq budaqlarını əzbər bilirəm. Xar tutun üstümə tökülən şirəsi indi yadımdadır. Bəhrəm, Sadıq mamoğlanlarımın atama olan hörməti yaddançıxmazdır. Yaqubun evinin kubiklərinin ağırlığı, palçığının qoxusu burnumun ucundadır.

Əvəz müəllimin qəzəbli, amma sonradan bizimçün doğma olan sifəti aynamızdır.

"Uştel Bəylər"in qulağımızı buran əli yupyumşaqdır.

İnsan xatirələrilə zəngindir. Bizim onunla həmyaşıl həmyaşıd xatirələrimiz var.

İlqar mənim mamoğlumdur, amma mənə elə gəlir ki,  İlqarı tanıyanların hamısı onun qohumudur.

İlqar bizim qismətimizdir. Qismətdən qaçmaq olmaz. Qisməti tapdınsa, itirmək olmaz.

İlqar hamımızın ilqarıdır. Adının mənası əhd, peyman, vəfadır. Adı mənasına uyğundur. Bu dəfə paradoksa yer qalmır. Paradoksla həqiqət yan-yanadır.

Əlli yaşın mübarək, dostum!

Yazı necədir? Əyninə biçə bildim?! 

İyun 2014

 





01.07.2014    çap et  çap et