525.Az

Qusarda gənc rəssamların əsərləri sərgilənir


 

Qusarda gənc rəssamların əsərləri sərgilənir<b style="color:red"></b>

Qusar Dövlət Rəsm Qalereyasında Azərbaycanın gənc rəssamlarının əsərlərindən ibarət sərgi açılıb. "Azərbaycan mənzərələri" mövzusunda keçirilən sərginin açılış mərasimində Mədəniyyət Turizm Nazirliyinin, Qusar rayon icra hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Arif Əşrəfov gənc rəssamlar iştirak ediblər. Sərgidə 40-dan çox gənc rəssamın müxtəlif janrlarda rəsm əsərləri nümayiş etdiriləcək.

Azərbaycan rəssamlar ittifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov bildirmişdir ki, bu kimi sərgilərin keçirilməsində əsas məqsəd gənc rəssamların istedadını nümayiş etdirmək, yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaqdır.

Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Qalib Qasımov dövlətimizin mədəniyyətin bütün sahələrinə olduğu kimi rəssamlığa da böyük önəm verdiyini diqqətə çatdırıb: "Bu səbəbdən ölkəmizdə rəssamlıq sənətinin inkişaf etməsinə güclü stimul yaranıb. İndi Azərbaycan rəssamlarının əsərləri xarici ölkələrin böyük muzeylərinin eksponatına çevrilib, müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir".

Natiqlər sərginin regionlarda təsviri incəsənətin inkişaf etdirilməsi, bölgələrdə gənclərin bu sahəyə marağının artırılması baxımından da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sərgi iyulun 28-dək davam edəcək.

S.ABDULLAYEVA

 





01.07.2014    çap et  çap et