525.Az

Milli İnternet Mükafatı 2012 davam edir


 

Milli İnternet Mükafatı 2012 davam edir<b style="color:red"></b>

Milli İnternet Mükafatı - Milli Net 2012 davam edir.

Milli internet resurslarının qeydiyyatının başa çatmasına 22 gün qalıb.

Milli Net Təşkilat Komitəsindən 525.az-a verilən məlumata görə, müsabiqəyə start veriləndən indiyədək 166 sayt təqdim edilib. Onlardan 135 sayt müsabiqəyə qəbul edilib. Hələlik daha çox sayt “Media və İnformasiya”, “Asudə vaxt, idman və əyləncə”, “Elm və təhsil”, “Bloqlar”, “Xidmət” (Servis) və “Ən yaxşı sosial şəbəkə səhifəsi” Nominasiyaları üzrə qeydiyyatdan keçərək ən yaxşı milli sayt titulunu qazanmaq üçün yarışmaya qatılıb.

İndiyədək 22 sayt Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə görə hələlik müsabiqəyə buraxılmayıb. Müsabiqəyə buraxılmamağın əsas səbəbləri isə əvvəlki illərdə olduğu kimi bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili versiyasının olmaması və müsabiqənin logosunun indiyədək saytda yerləşdirilməməsi olub.

Təşkilat Komitəsi bildirir ki, Müsabiqənin şərtlərinə görə Müsabiqədə iştirakından imtina edilən saytlar imtina ilə bağlı səbəbləri aradan qaldırdıqdan sonra qeydiyyat başa çatanadək Müsabiqədə iştirakla bağlı yenidən müraciət edə bilərlər.

Təşkilat Komitəsi bildirir ki, hazırda Milli Net-in reklamı və tanıtımı istiqamətində işlər aparılır. XƏZƏR Universiteti və Bakı Dövlət Universitetində, həmçinin Sumqayıt şəhərində və digər yerlərdə Milli Net-in təqdimatlarının keçirilməsi nəzərdə tutulub.

Təşkilat Komitəsi bir daha bildirir ki, saytların Müsabiqəyə qatılması prosesi noyabrın sonunda başa çatır. Səsvermə prosesi dekabrın 15-dək davam edəcək. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub. Müsabiqədə 13 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.

Cari ildə ilk dəfə olaraq “Ən yaxşı sosial şəbəkə” və “StartUp 2012” Nominasiyaları da əlavə olunub.

 





30.10.2012    çap et  çap et