525.Az

Strateji müasirləşmə tərəfdaşlığı: Azərbaycan yeni səhifə açır


 

Strateji müasirləşmə tərəfdaşlığı: Azərbaycan yeni səhifə açır<b style="color:red"></b>

Avropa İttifaqının postsovet məkanı ölkələri ilə əlaqələrində müəyyən problemlər meydana gəlib. Bəzi regionlarda ixtilafların yaranması "Şərq tərəfdaşlığı" proqramının reallaşması qarşısında maneələrin olduğunu düşünməyə əsas verir. Belə şəraitdə Aİ-Azərbaycan münasibətlərinin taleyi maraq doğurur. Qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin müvafiq modelinin axtarışı məsələsi aktuallaşır. Bu aspektdə Avropa Komissiyasının sədri J.M.Barrozunun Bakıya səfəri diqqəti çəkir. Aparılan danışıqlar və verilən bəyanatlar tərəflər arasındakı münasibətlərin perspektivləri haqqında təsəvvürlər yaradır.

Çərçivə sazişi: tərəfdaşlıq və əməkdaşlığın yeni prinsipləri

Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Azərbaycana səfərinin əməkdaşlıq sahəsində ciddi məsələlərlə bağlı olduğu məlum idi. Avropa İttifaqı (Aİ) "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində bir sıra çətinliklərlə qarşılaşdığından, onun Azərbaycanla münasibətləri hansı model əsasında inkişaf etdirəcəyi müəyyənləşməlidir. Ölkə rəhbərliyi assosiativ üzvlüyə elə də isti yanaşmadığını ifadə edib. Dövlət başçısı Aİ ilə bərabərhüquqluğu təmin edən yeni əməkdaşlıq formatının işlənib hazırlanmasının vacibliyini vurğulayıb. Avropa tərəfi bu təklifi müsbət qarşılayıb.

Bu səbəbdən J.M.Barrozunun Bakıya gəlişinin bir çox məsələlərə aydınlıq gətirəcəyi gözlənilirdi. Tərəflər ən azından Aİ-nin proqramlarında Azərbaycanın iştirakının ümumi prinsiplərini əks etdirən çərçivə sazişi bağlamalı idilər. İlk baxışdan bu, təəccüblü görünə bilər. Çünki uzun illərdir ki, Aİ postsovet məkanı ölkələri ilə konkret prinsiplər əsasında əməkdaşlıq edir.

Lakin yuxarıda vurğuladığımız kimi, son dövrlərdə baş verən bir sıra proseslər bu məsələni aktuallaşdırıb. Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində indiyədək həyata keçirdiyi əməkdaşlıq prinsiplərində qüsurlar özünü göstərib. Azərbaycan Prezidenti həmin kontekstdə "assosiativ üzvlük" ifadəsinin özünün yayğın olduğunu və daha çox bir tərəfin maraqlarını gözlədiyini bildirib. Ayrıca, Azərbaycan müstəqil siyasət yeridən dövlət kimi qarşılıqlı əməkdaşlıqdan siyasi, iqtisadi, mədəni fayda götürməlidir. Bu mənada mövcud göstəricilər daha yüksək olmalı, eyni zamanda, suverenlik və müstəqillik möhkəmlənməlidir.

Bunları nəzərə alaraq, Azərbaycan tərəfi strateji tərəfdaşlığın konkret modelinin işlənməsi ideyasını irəli sürüb. J.M.Barrozunun Bakıya səfəri Aİ-nin həmin istiqamətdə ciddi çalışdığını göstərir. Praktikada ilk dəfədir ki, tərəfdaş dövlət Aİ-yə inteqrasiya modeli təklif edib. Brüssel də bunun üzərində işləməyə başlayıb.

Azərbaycan paytaxtında tərəflər ölkənin Aİ-nin proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə tərəfdaşlıq və əməkdaşlıq Sazişinin Protokolunu imzalayıblar. Bu o deməkdir ki, Brüssel Bakı ilə əlaqələrinə yeni məzmun verir. Bunun üçün əvvəlcə qarşılıqlı əlaqələrin ümumi prinsipləri müəyyənləşdirilməlidir. Azərbaycan Aİ-nin təklif etdiyi əməkdaşlıq proqramlarında nə dərəcədə və hansı şərtlər daxilində iştirak edə bilər?

Məsələnin bu tərəfi prinsipial əhəmiyyət daşıyır. Doğrudur, J.M.Barrozu Bakıda bir daha deyib: "Biz Azərbaycan ilə əlaqələri genişləndirmək arzusundayıq və bu mənada assosiativ üzvlüklə bağlı dəvətimiz qüvvədədir". Lakin bir qədər sonra Avropa Komissiyasının sədri etiraf edib ki, Azərbaycan rəhbərliyinin təkliflərini nəzərə alırlar.

Həmin kontekstdə yeni əməkdaşlıq formatının işlənib hazırlanmasına təkan verildiyi də ifadə edilib. J.M.Barrozu deyib: "Eyni zamanda, biz anlayırıq və bunu açıq şəkildə müzakirə etdik ki, "Şərq tərəfdaşlığı" çərçivəsində vahid modelin bütün dövlətlərə şamil edilməsinə çalışmamalıyıq. Əminəm ki, əməkdaşlığımızın "Şərq tərəfdaşlığı" dəyərləri üzərində qurulması vacibdir və vaxt yetişib ki, əməkdaşlığımız konkret nəticələrlə ölçülsün. Prezident Əliyevlə belə bir razılığa gəldik ki, Strateji Müasirləşmə Tərəfdaşlığı sənədinin müzakirəsinə təkan verək və onu sürətləndirək".

Cənubi Qafqazın lideri: tarixi addım

Məsələnin bu tərəfi olduqca əhəmiyyətlidir. Azərbaycan Aİ ilə münasibətlərini həm strateji müstəvidə saxlayır, həm də ona elə məzmun verir ki, geosiyasi problemlər meydana gəlməsin. "Strateji müasirləşmə tərəfdaşlığı" ifadəsi Azərbaycan diplomatiyasının tarixi uğurudur. Burada əsas prinsiplər tərəflərin bərabərhüquqluğunun gözlənilməsinə xidmət edir və şərtlər zamanın tələbinə görə yeniləşə bilər. Bütün mərhələlərdə Aİ ilə Azərbaycanın maraqlarına eyni dərəcədə cavab verə bilən əməkdaşlığa üstünlük veriləcək. Burada birinin digərinə öz iradəsini yeritməsi mümkün deyildir.

Bu məqsədlərə çatmaq üçün Azərbaycan və Aİ indidən konkret sahələr üzrə əlaqələrə yeni məzmun verirlər. Enerji, təhsil, elm, ətraf mühit, istehlak siyasəti, nəqliyyat və təhlükəsizlik sahələri üzrə əməkdaşlığı inkişaf etdirmək qərara alınıb. Söhbət faktiki olaraq sosial-mədəni və iqtisadi inkişafın bütün aspektlərindən gedir.

Problemin bu cür qoyuluşu Avropa cəmiyyəti ilə Azərbaycan toplumunun yaxınlaşmasına yeni təkan verir. Vətəndaşlar, təşkilatlar, müxtəlif sahənin mütəxəssisləri, sosial şəbəkələr və s. arasında əlaqələrin genişlənməsi tərəflərin bir-birini daha yaxşı tanımasına imkan yaradır. Bununla yanaşı, Aİ və Azərbaycan vacib əhəmiyyət kəsb edən sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək şansı əldə edirlər.

Bunların fonunda isə tərəflər enerji, təhlükəsizlik, münaqişələrin ədalətli həlli kimi aspektlərdə fəal əməkdaşlıq etməlidirlər. Bununla bağlı Azərbaycan Prezidenti konkret fikirlərini ifadə edib. Dövlət başçısı İlham Əliyev deyib: "Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. İxrac haqqında danışsaq, bizim ixracın 80 faizi Avropa İttifaqının payına düşür... Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini də müzakirə etdik. Təəssüflər olsun ki, danışıqların 20 il davam etməsinə baxmayaraq, heç bir irəliləyiş əldə olunmamışdır. Bunun başlıca səbəbi Ermənistanın Azərbaycanla sülh əldə etmək istəməməsidir...

...Təbii ki, bu gün biz Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığını da müzakirə etdik...

...Bizim üçün enerji təhlükəsizliyi təchizat marşrutlarının şaxələndirilməsidirsə, Avropa üçün enerji təhlükəsizliyi mənbələrin şaxələndirilməsi deməkdir".

J.M.Barrozu da enerji sahəsində əməkdaşlığa böyük önəm verildiyini bir neçə dəfə vurğulayıb. Bu kontekstdə avropalı məmur "Azərbaycan qlobal siyasi dialoqda çox konstruktiv rol oynayır" fikrini ifadə edib. Bu, geosiyasi aspektdə Azərbaycanın fəaliyyətinə verilən yüksək qiymətdir. Aİ faktiki olaraq Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycanın dünya səviyyəsində gedən siyasi proseslərə təsir edə bildiyini etiraf edib. Rəsmi Bakı ən mürəkkəb situasiyalarda belə konstruktiv mövqe tutur, təhlükəsizliyin təmin edilməsi istiqamətində konkret təkliflər verir. Bu səbəbdən Aİ üçün Azərbaycanla əməkdaşlığın böyük əhəmiyyəti vardır.

Bütün bunlar dünya ictimaiyyətinin diqqətinə növbəti dəfə bir həqiqəti çatdırır – Azərbaycan demokratiya yolunda inamla addımlayan dünyəvi dövlətdir. Eyni zamanda, Aİ Bakı ilə münasibətlərinin inkişaf etdirilməsində çox maraqlıdır. Gözləmək olar ki, Aİ-Azərbaycan əlaqələri Cənubi Qafqaz üçün nümunəvi olsun, regionun digər ölkələrinə də məhz bu model təklif edilsin. J.M.Barrozunun Bakıda qarşılıqlı əlaqələrin perspektivləri haqqında söylədiyi fikirlər bu cür düşünməyə əsas verir.

Newtimes.az

 





01.07.2014    çap et  çap et