525.Az

Polşalı nazir Bakıda velosiped sürdü


 

Polşalı nazir Bakıda velosiped sürdü<b style="color:red"></b> Bakıda Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda ölkəmizin də daxil olduğu Seçki Qrupunun növbəti toplantısı keçirilib.
 
Lent.az-ın “avtosfer.az”a istinadən verdiyi məlumata görə, tədbirlə əlaqədar ölkəmizə gələn Polşanın maliyyə naziri Mateuş Şurek və bu ölkənin Mərkəzi Bankının sədri Marek Belka iş yorğunluğunu paytaxtımızın yollarında velosiped sürməklə çıxıblar.

Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən tam texniki dəstək alan polşalı qonaqlar səhər saatlarında “Azneft” meydanından hərəkətə başlamaqla Heydər Əliyev prospektinə çıxıblar və daha sonra Buzovna - Bilgəh - Nardaran - Şüvəlan - Mərdəkan marşrutu ilə hərəkət ediblər. Yolboyu Mateuş Şurek və Marek Belka həvəskar velosipedçilərə də qoşulublar.

Bilgəhdə, dəniz kənarında yüngül qəlyanaltı edən polşalı rəsmilər daha sonra geriyə qayıdıblar. Ümumilikdə 80 km məsafə qət edən qonaqlar paytaxt yollarında gördüklərindən, Azərbaycanın günü-gündən inkişaf etməsindən, ölkəmizdə velosiped idmanına olan maraqdan və insanların isti münasibətindən razı qaldıqlarını deyiblər. 
 





09.07.2014    çap et  çap et