525.Az

Qondarma ideyalarla yaranan “ASALA”


 

Qondarma ideyalarla yaranan “ASALA”

Azərbaycan Milli Ordusunun Macarıstanda məhkum həyatı yaşayan zabiti Ramil Səfərovun Bakıya ekstradisiya olunaraq azadlığa buraxılmasından aqressivləşən erməni diasporuna terror təşkilatı “ASALA”dan da dəstək gəldi. Azərbaycanın Macarıstandakı səfirliyinə məktub göndərən ASALA terror təşkilatı Azərbaycan diplomatlarını, xaricdə təhsil alan azərbaycanlı tələbələri, iş adamlarını, diaspor təşkilatlarının fəallarını hədəf kimi göstərərək onları qətlə yetirməklə hədələməyə başladı. Məktubda “azəri və türk qatillər”, “sizin qanlı, barbar, qonşu xalqlara qarşı olan sayğısızlığınız, nifrət və təcavüzkarlığınız” kimi ittihamedici ifadələr də yer alırdı. “ASALA” təşkilatı kimə və nəyə xidmət edir?

Tarixə baxaq... Adıçəkilən terrorçu təşkilatı gündəmə qondarma “erməni soyqırımı”nı gətirməklə özündən əvvəlki erməni terror təşkilatlarından daha çox tərəfdar toplayıblar. Bu gün erməni xalqının “ASALA”nı qəbul
etməməsi kimi yayılan xəbərlər isə, sadəcə, görüntü yaratmaq, erməni xalqını maskalamaq, onları humanist göstərmək üçün uydurulmuş yalanlardır. Əslində isə, ermənilər terror təşkilatının üzvlərinə qəhrəman kimi baxırlar. Vaxtilə Adolf Hitlerin işlətdiyi “indi erməni xalqını kim xatırlayır ki?” ifadəsi qarşılığında erməni terrorçuları öz xalqlarını 1915-ci ildə əsrin ilk soyqırım qurbanı kimi təqdim ediblər.

Lakin heç bir tarixi faktlara əsaslanmayan bu iddianın cavabında əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları xatırlatmaq lazımdır. Erməni soyqırımını dünya siyasətinin gündəminə salmağı bacaran “ASALA” bu oyunun arxasında erməni torpaqlarını (!) birləşdirməyi qarşılarına məqsəd qoyurlar. Bu səbəbdən türklərə qarşı gizli müharibəyə başlayaraq, son illərin ən qatı cinayətkarı və qatili olduqlarını sübuta yetiriblər. 

1979-cu ildə Paris Erməni Konfransında “ASALA” güclənərək terror siyasətini genişləndirdi. Elə indinin özündə də təkcə Fransada deyil, ABŞ, Yunanıstan, Cənubi Kipr, İran, Suriya, İsveçrə, Kanada kimi ölkələrdə bu terror təşkilatının üzvləri sərbəst hərəkət edə bilirlər. Tarixə diqqət yetirək. 1981-ci ildə ardıcıl cinayətlər törədən təşkilat İsveçrəni, Fransanı təhdid etməyə başlayır. Ordakı dayaqlarını möhkəmlədərək Fransada, eyni zamanda İngiltərədə və Kanadada olan erməni təşkilatlarını öz ətrafında birləşdirir. Təşkilatın məsum insanlara da yönəlik olması uşaq, qadın, qoca bilmədən hər kəsi terror hədəfi etməsi dünyanı sarsıdır və onların ən qatı cinayətkar kimi tanınmasına səbəb olur. 

“ASALA” ilk terror aksiyasına 1976-cı ildə Tarakçiyanın Beyrutdakı Türkiyə səfirliyin baş katibi Oktay Ceriti qətlə yetirməsilə başlayıb. 1977-ci ildə Türkiyə səfirliyinin hərbi və inzibati məsələlər üzrə attaşesi, Nahit Karakay və İlhan Özbabakanın avtomobilləri partladılır. 1978-ci ildə İspaniyanın paytaxtı Madriddə avtomatik silahla silahlanmış üç erməni terrorçusu, türk səfiri Zəki Küneralpın maşınını atəşə tutur, bunun nəticəsində səfirin həyat yoldaşı Neqla Küneralp, maşında olan keçmiş səfir Bəşir Balsoğlu həlak olur, milliyətcə ispan olan sürücü Antonio Torres aldığı yaralardan xəstəxanada keçinir. 1979-cu ildə Hollandiyanın Haaqa şəhərində Türkiyənin bu ölkədəki səfiri Özdəmir Benlərin oğlu 27 yaşlı Əhməd Benlər öz maşınında qətlə yetirilir. Həmin il Parisdə Türkiyə səfirliyinin turizm məsələləri üzrə attaşesi Elmaz Şolpan Parisin mərkəzində öldürülür. Bir neçə erməni terror qrupu, həmçinin ASALA məsuliyyəti öz üzərinə götürür.

1980-ci ildə Afinada Türkiyə səfirliyinin idarəetmə məsələləri üzrə attaşesi Qalib Özman ailəsi ilə birlikdə avtomobildə olarkən, terrorçuların hücumuna məruz qalır, Qalib Özman və onun 14 yaşlı qızı Nəslihan hadisə yerindəcə həlak olurlar, həyat yoldaşı və 16 yaşlı oğlu isə ağır yaralanmışlar.

İndiyə qədər Yaxın Şərqdə, İspaniyada, Hollandiyada, Fransada, Almaniyada, İngiltərədə, ən çox Türkiyədə  və digər ölkərlərə baş verən terror aktları – partlayışlar, hücumlar, cinayətlər nəticəsində hədəf türklər olmaqla çoxlu yaralananlar və ölənlər olub. 1975-83-cü illərdə daha aktiv olan “ASALA” bu müddətdə 36 türkiyəli diplomatını öldürüb. Parisin Orli şəhərində törətdikləri cinayətdən sonra Fransanın onlara yaratdıqları şəraitdən məhrum olan təşkilat üzvləri daha sonra öz aralarında çəkişmələrə başlayırlar. Hazırda təşkilatın fəaliyyətsiz olduğu, 1988-ci ildə Akopyanın ölümündən sonra dağıldığını söyləyənlər də var. Ancaq terrorçu qrup öz niyyətlərini müxtəlif formalarda həyata keçirirlər.
1993-cü ildə Beyrut şəhərində açıqlanan bəyanatında ASALA “pantürkist neft borusu” (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdi. Ermənilərin “ASALA”dan başqa da terror təşkilatları fəaliyyət göstərir. Ondan əlavə “ASALA” PKK ilə də əməkdaşlıq edərək türklərə qarşı terror aksiyalarında fəal iştirak edir. 

1993-cü ilin yanvarında təşkilatın Livanda keçirilən toplantıda bu ifadələr səslənmişdi: “Ermənistan dövləti qurulub və atalarının intiqamını alaraq sərhədlərini genişləndirir. Başda ABŞ olmaqla, digər Qərb ölkələri də Qarabağ müharibəsində biz tərəfdədirlər, bundan istifadə etmək lazımdır. Türkiyə PKK ilə daxili müharibəyə girərək iqtisadiyyatını sıfır nöqtəsinə gətirəcək və vətəndaşlar üsyan edəcəklər. Türkiyə parçalanacaq, onun yerində kürd dövləti qurulacaq. Ermənilər kürdlərlə olan əlaqələrini daha da möhkəm etməli, onların mübarizəsinə dəstək olmalıdır. Bu gün türklərin əlində olan torpaqlar sabah ermənilərin əlində olacaq”.

Uzun müddət türkiyəli diplomatlara sui-qəsdlər edən “ASALA” bu yaxınlarda yenə də Türkiyəni təhdid edib. Suriyaya hər hansı bir müdaxiləsi qarşılığında qarşılıq verəcəyini söyləyən terrorçular Türkiyədə terror aktı törədə biləcəklərini vurğulayıblar. 

Yazılanlar erməni terrorunun yalnız cüzi bir hissəsidir və etdikləri terror hadisələri qarşılığında hələ də onların fəaliyyətinə heç bir mane yaradılmır. Son hadisələr də onu göstərir ki, “ASALA” türklərə qarşı mübarizəsini davam etdirməklə yanaşı, həm də bəzi qərb ölkələrinin qərarlarına təsir edə bilir. 

Pərviz SADIQOV 

 





07.09.2012    çap et  çap et