525.Az

“Avropa Oyunları Azərbaycan üçün böyük məsuliyyətdir”


 

“Avropa Oyunları Azərbaycan üçün böyük məsuliyyətdir”<b style="color:red"></b>

“Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək və bu qərar Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə, böyük dəstəklə qarşılanıb. Məhz bu tarixi qərara görə Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə və prezidentinə dərin minnətdarlığımı bildirirəm”.

Lent.az-ın məlumatına görə, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransanın Kann şəhərində “Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimatında çıxışı zamanı bildirib.
 
Onun sözlərinə görə, Olimpiya hərəkatı Avropada meydana gəlib və sonradan Avropada bərpa olunub, bu vaxta qədər Avropa Oyunları heç zaman keçirilməyib. “Belə oyunları - tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana, Olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz müstəqilliyimizi bərpa etdikdən sonra Olimpiya Oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə ediblər. Oyundan-oyuna qazanılan medalların sayı artır. Son Yay Olimpiya Oyunlarında Azərbaycan atletləri on medal qazanıblar və Avropa ölkələri arasında 15-ci, iştirakçılar arasında isə 30-cu yeri tutublar.

Ölkəmizdə idman infrastrukturunun inkişafına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 50-dən çox olimpiya mərkəzi inşa olunub. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı son illər artır və bu gənclərin qarşısında yeni perspektivlər və imkanlar açılır”.
 

Mehriban Əliyeva bildirib ki, Avropa Oyunları Avropanın idman tarixində yeni səhifə açacaq və əlbəttə, ilk Oyunlar gələcək yanaşmaların standartlarının səviyyəsini təmin edəcək. “Baxmayaraq ki, hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir və Təşkilat Komitəsi səylə çalışır. Biz beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq qurmuşuq. Biz çoxsaylı könüllülərin dəstəyindən istifadə edirik və bütün lazımi işlər həyata keçirilir. Mən ümidvaram ki, birinci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək. Əziz dostlar, mən fürsətdən istifadə edərək sizi ölkəmizə dəvət etmək istəyirəm. Ümidvaram ki, birinci Avropa Oyunları zamanı ölkəmizin qonağı olaraq, siz həm də Azərbaycanın tarixi, mədəniyyəti, Şərq ilə Qərbi birləşdirən memarlıq abidələri və ənənələri ilə də tanış ola bilərsiniz. Azərbaycan bu gün tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən birinə çevrilib. Əsrlər boyu ölkəmizdə müxtəlif xalqların və dinlərin təmsilçiləri dostluq, qarşılıqlı etimad və sülh şəraitində rahat yaşayıb fəaliyyət göstəriblər. Bu gün də biz öz ənənələrimizi, köklərimizi və tariximizi qoruyub saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük hörmətlə yanaşırıq. Əziz dostlar, biz birinci Avropa Oyunlarının təqdimatını Avropanın müxtəlif şəhərlərində keçirəcəyik. Amma ilk təqdimat Fransada, Kannda keçirilir və bu da təsadüfü deyil. Fransa Avropanın aparıcı dövlətidir, ümumbəşəri mədəniyyət mərkəzidir.

İdman sahəsində böyük nailiyyətlər əldə etmiş dövlətdir. Azərbaycan üçün də dost dövlətdir. Mən çox şadam ki, son illər ölkələrimiz arasındakı, xüsusilə də humanitar sahədə olan əlaqələr tamamilə yeni səviyyəyə qalxıb. Azərbaycanı daha dərindən tanıdan tədbirlər Fransanın müxtəlif şəhərlərində keçirilir. Bir il bundan əvvəl, - yəqin ki, siz xatırlayırsınız, - Kannda çox böyük uğurla Azərbaycan mədəniyyəti günləri keçirildi və çox böyük maraqla qarşılandı. Azərbaycanın və Fransanın şəhərləri arasında qardaşlaşmaya dair sazişlər imzalanır və mən ümidvaram ki, gələcəkdə Kann ilə Azərbaycanın şəhərlərindən biri arasında bu ənənə davam etdiriləcək”.

 





10.07.2014    çap et  çap et