525.Az

Prezident: "İşimiz göz qabağındadır”


 

Prezident: "İşimiz göz qabağındadır”<b style="color:red"></b>

İyulun 10-da Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev altı ayın sosial-iqtisadi yekunlarını müsbət qiymətləndirib.
 
525.az-ın Media foruma istinadən verdiyi məlumata görə, dövlət başçısının çıxışında deyilir:

“İlin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilib. Qarşıda duran bütün məsələlər uğurla icra olunub. Bir dənə də olsun icra edilməmiş məsələ yoxdur.

Birinci altı ayda iqtisadi göstəricilərimiz çox müsbətdir - iqtisadiyyat 2,1 faiz artıb. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyil. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və inkişaf 7 faiz səviyyəsindədir. Vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaq.

Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir. Mən dəfələrlə demişəm, bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi şərtləndirən əsas amillərdən biridir. Azərbaycan böyük maliyyə resurslarına malikdir. Bu resursları biz özümüz yaratmışıq, bizə heç kim kömək etməyib. Azərbaycan xalqının istedadı və düşünülmüş siyasət nəticəsində bunu əldə etmişik. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan aparıcı, yəni ən qabaqcıl yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız var. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək.

Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir faiz də təsir etməyib. Bunu yəqin gələcəkdə alimlər araşdıracaqlar və təhlil aparacaqlar ki, nə üçün belədir. Bizim, sadəcə olaraq, buna vaxtımız yoxdur, biz işlə məşğuluq və işimiz göz qabağındadır. Biz böyük maliyyə resurslarına malik olan ölkəyik. Bir daha qeyd etmək istəyirəm, biz ildən-ilə maliyyə resurslarını artırırıq, artıracağıq. Bu resurslardan səmərəli şəkildə istifadə etməyimiz, bizə əlavə gəlirlər gətirir və bu gün öz investisiya portfelimizi şaxələndiririk - həm sahələr üzrə, həm də xaricdə qoyulan investisiyaların coğrafiyası genişlənir”.

Dövlət başçısı qeyd edib ki, ölkədə işsizlik böyük dərəcədə aradan qaldırılıb, çox aşağı səviyyədədir: “Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda bu onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıb, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək. Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiya hazırlansın. Bu günə qədər bu, bir qədər kortəbii proses kimi gedirdi. Ancaq bizim əhalimiz bundan sonra da artacaq. Əhali nə qədər artsa, sonrakı illərdə o faiz də bir o qədər böyük rəqəmlərlə ölçüləcək. Bir var ki, 8 milyon əhali bir, ya iki faiz artır, biri də var ki, on milyon əhali. Yəni rəqəmlər də mütləq böyüyəcək. Ona görə biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsinə başlamalıyıq”.

Prezident ölkədə çox gözəl ab-hava olduğunu vurğulayıb: “Çox gözəl ictimai-siyasi vəziyyət müşahidə olunur. Sabitlik tam şəkildə təmin edilir. Sabitliyin qarantı Azərbaycan xalqıdır və gördüyümüz işlərdir. Azərbaycan xalqının rifahı, cəmiyyətdə bərqərar olan ədalət, o cümlədən sosial ədalət və xoşagəlməz hallarla mübarizə bu müsbət meylləri daha da gücləndirir”.

 





11.07.2014    çap et  çap et