525.Az

28 min şagird imtahan verəcək


 

28 min şagird imtahan verəcək

Sentyabrın 9-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) keçiriləcək ümumi təhsil bazasında (9 illik) payız imtahanında 28469 şagirdin iştirak edəcəyi gözlənilir.

525.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Abbaszadə vurğulayıb ki, imtahan ölkənin 55 şəhər və rayonunda keçiriləcək. İmtahanın keçirilməsi üçün 73 imtahan mərkəzi, 2371 nəzarətçi-müəllim ayrılıb. Payız imtahanında iyun ayında keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyənlər və ya iki fəndən müvəffəq qiymət ala bilməyən 9-cu sinif şagirdləri iştirak edəcəklər. Buraxılış imtahanı Ana dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunacaq.

Bundan əlavə, şagirdlər təqdim olunmuş mövzu üzrə yazı işi yazacaqlar. İmtahanın müddəti iki saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

S.QARAYEVA

 





07.09.2012    çap et  çap et