525.Az

"Dəstə üzvləri azərbaycanlı tələbəni öldürməyi əvvəldən planlaşdırıblar"


 

"Dəstə üzvləri azərbaycanlı tələbəni öldürməyi əvvəldən planlaşdırıblar"<b style="color:red"></b>

Vladimir Markin: “Onların məqsədi mərhumun ailəsindən külli miqdarda pul almaq olub”

“22 yaşlı azərbaycanlı tələbəni öldürmək dəstə tərəfindən əvvəlcədən planlaşdırılıb”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Təhqiqat Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin deyib.

Onun sözlərinə görə, istintaqın gəldiyi ilkin qənaət bundan ibarətdir: “Dəstə üzvləri Azərbaycan vətəndaşını öldürməyi qabaqcadan planlaşdırıblar. Onların məqsədi mərhumun ailəsindən külli miqdarda pul almaq olub. Buna görə də, dəstə üzvləri şəhər kənarında ev tutublar. Cinayət əməlini gerçəkləşdirmək üçün Azərbaycan vətəndaşını həmin əraziyə gətiriblər. Orada onu 77 bıçaq zərbəsi ilə qətlə yetiriblər. Daha sonra isə cinayətin izini itirmək üçün mərhumu meşədə gizlədiblər. Dəstə üzvləri mərhumun ailəsinə zəng edərək, yalandan onun sağ olduğunu deyib, girovun azad edilməsi müqabilində 150 min evro pul tələb ediblər”.

V. Markov istintaqın davam etdiyini söyləyib: “Çox güman ki, ortaya yeni faktlar çıxacaq”.

Qeyd edək ki, bu ilin sentyabrın 5-də polis əməkdaşları Dmitri Kolotovkin, Aleksandr Vlasenko, Artyom Skubakdır və onların tanışı, yol müfəttişi vəzifəsində staj keçən Andrey Alyoxin Azərbaycan vətəndaşı Seymur Ağahüseyn oğlu Ağayevi girov götürüblər. Dəstə Seymuru şəhər kənarında yerləşən əraziyə gətirərək, onu 77 bıçaq zərbəsi ilə qətlə yetirib.

Onlar qətli törətdikdən sonra S. Ağayevin qiyməti 100 min ABŞ dollarından yüksək olan “BMW-GT” markalı maşınını qaçırıblar.

Cinayəti törətmiş hər üç polis əməkdaşı saxlanıb, qətldə iştirak etmiş Andrey Alyoxin isə federal axtarışa verilib.

Onu da qeyd edək ki, qatillərindən birinin - Artyom Skubakın Moskvanın Şimal-Qərb dairəsi üzrə Polis İdarəsinin rəisi Sergey Skubakın qardaşı oğlu olduğu ehtimal edilir.

Faktla bağlı “adam oğurluğu”, “qəsdən adam öldürmə” və “hədə-qorxu yolu ilə pul tələb etmə” maddələri ilə cinayət işi başlanıb.

 





01.11.2012    çap et  çap et