525.Az

İTV Mətbuat Şurasına şikayət etdi


 

İTV Mətbuat Şurasına şikayət etdi<b style="color:red"></b>

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) internet mediasında özünün işgüzar nüfuzuna xələl gətirən məlumat yayıldığını bəyan edib.

525.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, şirkət yaydığı açıqlamatda bildirib ki, ötən ilədək İTV-də çalışmış jurnalist Anar Yusifoğlunun hazırda rəhbərlik etdiyi Aktual.az saytı bu gün «İTV-də yasaq qalmaqalı» sərlövhəli yazı dərc edib.

“Orada qərəzli şəkildə iddia edilib ki, guya Şirkətin hazırkı rəhbərliyi «Carçıfilm» yaradıcılıq birliyində əvvəllər çəkilmiş bədii, sənədli və televiziya filmlərinin göstərilməsinə qadağa tətbiq edib, hətta onlardan bəzilərinin arxivdən silinməsinə göstəriş verib.

İTV olaraq bəyan edirik ki, bu, telekanala qarşı Aktual.az saytı tərəfindən növbəti böhtandan başqa bir şey deyil. Nəzərinizə çatdırmaq istəyirik ki, cari il ərzində İTV efirində müxtəlif mövzulu və janrlı sənədli və bədii filmlər ardıcıl olaraq nümayiş etdirilir. Həmin filmlər siyahısında İTV-nin “Carçıfilm” birliyi tərəfindən 2006-2013-cü illər ərzində istehsal olunmuş filmlər əsas yer tutur. Bu filmlər mövzusunun aktuallığına, yaradıcılıq və texniki parametrlərinə, əlamətdar hadisələrə uyğunluğu ilə seçilir və tamaşaçılara təqdim olunur. Filmlərin proqrama daxil olunması zamanı heç bir ayrı-seçkiliyə və qadağalara yol verilmir.

İctimai Televiziya və Radio Yayımları Şirkəti daha sonra bildirib:

“Xalq artisti Ələddin Abbasovun həyat və yaradıcılığına həsr olunmuş film, "Bakı vaxtı" filmi, əfsanəvi generallar Əliağa Şxlınskiyə və Mehmandarova həsr olunmuş kinolentlər, "Zirvədəkilər" silsiləsindən Siyavuş Aslan, Yaşar Nuri, Nodar Şaşıqoğlu, Vasiq Adıgözəlov, Şəfiqə Məmmədova, Səttar Bəhlulzadə, İsmayıl Dıstanlı, Qulu Xəlilov, Səxavət Məmmədov, Oqtay Ağayev haqqında filmlər, "Gəmiqaya" və qədim trixi abidələrimiz barədə çəkilmiş digər kinolentlər də 2006-2013-cü illərdə istehsal edilib və bu ilin son aylarında təkrarən tamaşaçılara təqdim olunub.

Göründüyü kimi Aktual.az-ın iddiasına rəğmən İctimai Televiziyada hər hansı filmin yaxud verilişin pozulmasından, itib-batmasından söhbət gedə bilməz və kanal rəhbərliyi heç kimə bu barədə hər hansı göstəriş verməyib. Bu versiya sadəcə Aktual.az xəbər portalının uydurmasıdır”.

İTV bəyan edib ki, Aktual.az saytının telekanalla bağlı  yayımladığı qərəzli yazılara görə kanal rəhbərliyi müvafiq tədbirlər görülməsi məqsədi ilə Azərbaycan Mətbuat Şurasına müraciət ünvanlayıb.

 





16.07.2014    çap et  çap et